Bu gün «Xural»ın 9 yaşı tamam olur!

Əvəz Zeynallı

 İşin yoğunluğu və yorğunluğu o həddədir ki, ad günümüzü az qala yaddan çıxarmış, qaçırmışdıq. Əslində, mən belə günləri xüsusi təmtəraqla qeyd etməkdən yana deyiləm. Amma «Xural»ın ad günü demək bir başqa olaydır mənim üçün.

Bu mətbu şəraitdə 9 il yaşamaq böyük fədakarlıqdır. Hansı ki, bu mühitdə «yaxşı oğlan» olmaq imkanları yoxdur. Bu mühitdə yalnız birilərinin icazəsi ilə «yaxşı oğlan» ola bilərsən. Dünyanın bütün ölkələrində, elə tarixin də bütün zamanlarında uzunömürlü bütün ciddi layihələr təqdirlə qarşılanıb, get-gedə hakim zümrələr tərəfindən dəyərləndirilib və irəli çəkilib. Bizdə nə yazıqlar olsun ki, belə deyil. Bizdə uzunömürlü olduqca, problemlərin, ağrıların artır, kədərin çoxalır, əhatə dairən daralır, gücün-taqətin tükənir. Bir adam, bir komanda, bir kollektiv nə qədər vuruşa bilər qoca bir şəbəkə ilə. Şişirtmirəm və getdikcə, problemlərimizi qabartmaqdan uzaqlaşıram, bilmirəm, fərqində olan varmı? Yaxşı bir kəlam var – onu həmişə gənc və dəliqanlı dostum Elbrus Ərud deyir – «sən başını aşağı sal işlə, səni hamı görəcək». Amma yenə olmur. Olmur bu ölkədə. Başını aşağı salıb işləyəndə adamı təxribata çəkirlər. Görürlər getmirsən, yanına modelyer göndərirlər. Görürlər ki, o da alınmadı, məhkəmələrə verirlər. O da alınmır – yanına əlində diktofon tutmuş deputat təşrif buyurur. O da küt gedəndə ölkənin ikinci adamı (əslində isə birinci) səni məhkəməyə verir. Görürlər ki, məhkəmələrə də sinə gəririk. Sifarişlə verdirdikləri qərarların nəticəsində belimizə yüklədikləri cərimələri icraya yönəldirlər. Onun da öhdəsindən gəlirik. Qanunların verdiyi səlahiyyətlər çərçivəsində özümüzü müdafiə edirik, Avropanın və dünyanın beynəlxalq təşkilatlarına müraciətlər edirik və proses bir müddət dayanır. Onun da işə yaramadığını görürlər və tabeçiliklərində saxladıqları mətbu qatilləri – Mətbuat Şurasını işə salırlar. Buraya cəmlədikləri 5-10 nəfər gözükölgəli adamlar vasitəsilə haqqımızda qərarlar aldırır, bizi atalarının, analarının, əzizlərinin, ən əzizlərinin adlarının yazılmalı olduğu siyahıya salırlar. Bununla da mübarizə əzmimizi öldürmək, bizi sıradan çıxarmaq, bizi silmək, süpürmək, meydandan aparmaq istəyirlər. İstəyirlər!.. İstəyirlər!!. İstəyirlər!!!

Belə bir şəraitdə fəaliyyət göstərdi «Xural». Olmazın situasiyalardan keçdik. Dünənki həmkarlarımız bu gün iqtidarın tula payına layiq görüləndə bizi məsxərəyə qoydular, sıralarımızdan yaxşı vəzifələrə gedənlər ilk qərar anında adımıza və missiyamıza qadağa tətbiq etdilər, ««Xural» bizim dədə ocağımızdır» deyənlər bizə ağız büzdülər. Amma burunları sürtülən kimi yenə «dədə ocağına» geri döndülər. Sıralarımızdan gedənlərin kürəklərimizdən sapladıqları xəncər yaralarının yeri hələ göynəyir. Dost hesab etdiklərimizin kinayələri, yaxın bildiklərimizin 1-3-10-100-1000 üzlü olması içimizi parçaladı. Biz belə bir «Xural»la 9 ildir yol gəlirik. 9 il!.. 9 il!!. 9 il!!!

Bu gündən 10-cu ilə keçirik. Artıq Azərbaycan mətbuatının tarixində varıq. Həftədə 7 dəfə çıxan iki böyük gündəlik qəzetdən biriyik. Ömrümüz nə qədər olacaq, bilmirəm. Neçə gün, neçə həftə, neçə ay, neçə il dayanacağıq, onu da bilmirəm. Sonumuz necə olacaq, xəbərim təbii ki, yoxdur. Bizi hansı ölkəyə sürgünə göndərəcəklər, bilinməz. Amma bu gün varıq. Sabah da olacağıq. Çıxmağa, nəşr olunmağa, səsimizi duyurmağa çalışacağıq. Bu qərib ölkənin mətbuat tarixindən bizi kimsə çıxara bilməz…

«Xural»a daha bir məhkəmə gəlib və bu gün bəlkə də bu yazını oxulduğunuz saatlarda bizim Rusiyanın Azərbaycandakı şirkətlərindən biri ilə məhkəmə çəkişməmiz davam etmiş olacaq. «Xırdalan pivə» kimi tanınan «Baltika-Bakı» MMC bizi məhkəməyə verib və bu, «Xural»ın 30-cu məhkəməsi olacaq ki, təmsil olunacağıq. 9 ildə 30 məhkəmə! Çoxdur, yoxsa az, bilmirəm. Amma kifayət qədərdir. Təxminən fəaliyyət göstərdiyimiz illərin hər ayında məhkəmə ilə haşır-neşir olmuşuq. Birinci məhkəmə guya ki, demokratik camiədə təmsil olunan Xanım Xəlilovadan gəlib. Sonuncu məhkəmə Adam Tlexuray adlı bir adıgey balasından. Kimlər yoxdur ki, bizi məhkəməyə verənlərin arasında – cəbhəçi Qüdrət Həsənquliyev, yapçı Aydın Heydərov, icra başçısı Elmar Vəliyev, Qoca Çərkəzov, prezidentinə sanksiya imzalayan İxtiyar Şirinov, Azərbaycanın Dağ Yəhudiləri və dünya sionizmi, erməni İrina Danielyan, dəfələrlə həmkarımız və dostumuz Rauf Arifoğlu, mətbuatdan başqa hər şeylə məşğul olan «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərov, milyarder mətbuat düşməni, «Palmali» şirkətlər qrupunun prezidenti Mübarizə Mənsimov, mətbuat qəssabı Vüqar Səfərli, müğənni olduğunu iddia edən Nüşabə Ələsgərli, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və s. və i. Unutduqlarım məni bağışlasınlar, içində ölənləri var, ölmüş kimi olanları var. Bu qələrlə yetindim…

Bütün «Xural»çıları təbrik edirəm. «Xural»ın böyüməsində, inkişaf etməsində, ölkənin ən önəmli qəzetlərindən birinə çevrilməsində mühüm rol oynayan dostlarım var, bu qəzetin Qızıl Kollektivi var, gedənlər var, qalanlar var, daha yeni gələnlər var – mən hamını təbrik edirəm! «Xural»ın bir yazısını yazan, bir informasiyasını işləyən, bir gün «Xural»da əziyyət çəkən, bir kiloqram qənd gətirən, bir sayımızın pulunu verən dostlarımızdan tutmuş bizi nifrətlə qarşılayan, haqqımızda hər zaman kin-küdurət bəsləyən Oxucularımıza qədər hamıya təşəkkür edirəm və hamını təbrik edirəm. Dostlar mənimdir, düşmənlər və düşmənçilik edənlər isə məni hər zaman formada saxladılar. Mən onların ehtiyatından şəxsi həyat yaşamadım. Başqa işlərlə məşğul olmadım. Dostlardan belə şübhələnir duruma gəldim və zamanla bu şübhələr məni xilas etdi. Yəhudilər üstümə gələndə siqareti tərk etdim, döyüş qızışanda içkini. Beləcə, hər günümüzə və anımıza diqqət edər olduq və başımızı redaksiyamızdan kənara çıxarmadıq. İndən sonra da elə olacağıq. Yaşadığımız müddətcə…

Məhkəmədən çıxacağıq və… sabahkı sayımızın hazırlıqlarına başlayacağıq. Sabah isə birinci səhifədə «il:10» yazılacaq.

Gününüz mübarək olsun, Əziz Xuralçılar!

Ömrün uzun olsun, «Xural»!

Mənim Xuralım!

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button