Bu gün Od çərşənbəsidir

Folklorşünaslardan Od çərşənbəsi ilə bağlı maraqlı faktlar

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsində od rəmzi məna daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs məfhum  kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Alimlərin araşdırmasına görə türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.

Adətə görə Od çərşənbəsində bayram tonqalı həyət qapısının sonunda qalanar.  İnanca görə evə daxil olan özü ilə birgə ağırlıq, pis niyyəti gətirməsin, nə varsa odda yansın.

Beləliklə, Od çərşənbəsi əsəsən, ağırlığın məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi  həm də, onların məhvi baxımından vacib ritual sayılıb. Belə bir deyim də var: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”.

Od çərşənbəsinə qədimdə “Üskü çərşənbə”, “Üskü gecəsi” də deyilib. Od qədim Azərbaycan xalqının inancına görə işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar. Qədim dövrlərdə  Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər. Həçinin adətə görə qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.

Qədimdə Od çərşənbəsində sübh tezdən Günəşə qurban aparmaq adəti olub. İnanca görə, Günəşi nə qədər əzizləsələr, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilər.

Bəzi bölgələrdə ikinci çərşənbəsini Torpaq və yaxud Yel çərşənbəsi kimi qeyd edənlər də var. Bu sıralama daim müzakirə mövzu olaraq qalmaqdadır.

Atəş Əhmədli ile ilgili görsel sonucu

 Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli bu və digər məsələlər ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Bəzən xalq etnomologiyasına əsaslanaraq, çərşənbələri “yalançı”, “xəbərçi” və yaxud Torpaq, Yel çərşənbəsi sırasına bölürlər. Bu sıralamanı qəbul edən və etməyən alimlər var.

Amma bütün qədim mənbələrdə bu məsələ mifoloji məsələlərə, dünyanın yaranması amilinə əsaslanır. Biz əslində dünyanın yaranmasını qeyd edirik. Dörd ünsür bir-biri ilə əlaqədardır. Həmin 4 ünsür də dünyanın yaranması əsasını təşkil edir. İnsan da dünyanın yaranışını bayram edir. Bu məsələnin fəlsəfəsi buradan qaynaqlanır.

Mifologiyada qış “ölmüş dünya”, yaz isə yenidən “dirilmiş dünya” idi. Yəni mifoloji təfəkkürə görə belə idi. Ona görə də xaosdan  kosmosa keçid bir mərhələ təşkil edirdi. Bu da baş verir Günəşin cənub yarımkürəsindən şimal yarımkürəsinə keçməsi anında, hansı ki, yaz bərabərliyi nöqtəsidir.

Od çərşənbəsinin əsas  məğzi ondan ibarətdir ki, hər həftə istilik artır, yəni Günəş artıq  cənub yarım kürəsindən Ekvator xəttinə doğru hərəkətdədir. Əslində insanlar çərşənbələrə yaza qədər olan dövr, özləri üçün təskinlik, rahatçılıq, ümid mənbəyi kimi baxırdı. İstiliyin artması ilə ağacların çiçək açması, məhsulun meydana gəlməsi, hətta onların azuqəsinin artacağı ilə bağlı  ümidləri var idi və bütün bunlar da istilik ilə əlaqədardır. Yəni odun burada  dominant olması burada xüsusi məsələdir.

Bəzən sual verirlər ki, ayrıca Od çərşənbəsi ola-ola biz niyə digər çərşənbələrdə də ocaq yandırırıq. Odun əsasən aparıcı, dominant olması bizi bu məsələnin üzərinə gəlməyi vadar edir. İstilik artdıqca yaz bərabərliyi yaranır və həmin vaxt istilik 50 faiz təşkil edir. İstiliyin də 50 faiz təşkil  etməsi ilə fəsil dəyişir və şimal yarım kürəsində bütövlükdə yaz fəsli meydana gəlir.

Odun əsas aparıcı amil olması təkcə Azərbaycanda deyil, Çin, hind və digər xalqlarda da var. Məsələn  Yaponiyanın bayrağında Günəşin rəmzi var. Yəni ayrıca od təlimi var ki, və bu geniş anlayışdır.

Günəş bir olsa da ona fərqli  münasibət var, çünki xalqların fərqli baxışı var. Azərbaycan xalqının dünya görüşü ilə bağlı təsəvvürlərində tamam başqa cür məqamları var”.

Od çərşənbəsi ile ilgili görsel sonucu

Folklorşünas qeyd edib ki, eramızdan əvvəl 7-ci əsrdə Zərdüştlük fəlsəfəsində oda xüsusi bir qiymət verilirdi. Od Zərdüştlük təlimində xüsusi mövqedə idi. Buna görə bəzən də bunu atəşpərəstlik, bütpərəstlik elementi kimi qəbul edirlər. Zərdüştlük də Şumerdən gələn köhnə ənənəvi bayramı, mədəniyyəti qəbul etmişdi. Yəni, Zərdüştlükdən də əvvəl bu ənənə var idi. Lakin Zərdüştlükdə od artıq xüsusi təlim olaraq ortaya qoyuldu. Bu, astronomiyaya əsaslanan təlim idi. Xalqımızı Od çərşənbəsini xüsusi olaraq qeyd edir”.

Elyar İslam ile ilgili görsel sonucu

Folklorşünas Elyar İslam da Od çərşənbəsi ilə bağlı maraqlı faktları açıqlayıb:

“Ümumiyyətlə, türkdilli xalqlarda Günəşə, Oda, Atəşə böyük inam olub. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Digər çərşənbələrdə olduğu kimi, Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi günündə qazanlar qayanamalı, insanların ocağının üstü boş qalmamalıdır. Bayramlarda tonqal qalamaq qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. İnanclara görə, tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin rəmzidir. Hələ qədim dövrlərdən insanlar odu qoruyub, oda hörmət ediblər.

Qalanan tonqal isə həmişə nəyəsə işarə olub. Bunu “Kitabi Dədə Qorqud” dastanında da aydın görmək olar. İnsanlar arasında belə bir etiqad yaranıb ki, insanlar Günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, onlara хoşbəхtlik gətirər.

Qədimdə kənd yerlərində bayramlarda, şad günlərdə kəndliləri agah etmək üçün həmişə dağların başında tonqallar qalanarmış. Əgər dağlar olmasa hündür yerlər seçərək, o hissələrdə tonqalın qalanması daha məqsədə uyğun hesab olunurmuş. Şad günlərdə tonqal qalanması haqqında məlumatlara “Kitabi Dədə Qorqud”

dastanında da rast gəlinir. Burada da tonqala olan münasibət və onun müqəddəsliyi haqqında fikirlər var. Dastanda Dədə Qorqud Oğuz igidlərinə deyir ki, şad günlərinizdə, bəd günlərinizdə uca dağ başında tonqal qalayın. Uzaqdakı Oğuz igidləri o tonqallar sayəsində darda və ya şad gündə olduğunuzu təyin edib köməyə gələ bilsinlər. Xalqın həm şad, həm də bəd günündə tonqalın köməyə gəlməsi və onun yandırılması ilə müəyyən işlərin bəyan edilməsi odun müqəddəsliyini bir daha diqqətə çatdırır.

Novruz ayin və mərasimlərindən biri də günəşı çağırmaq, istiliyin olması üçün Od çərşənbəsi zamanı icra edilən “Qodu-qodu” oyunudur. İnsanlar Günəşi çağırmaq üçün Qodu-qodu mahnısı oxuyar, ondan istilik

istəyirlər. “Qodu-qodu” oyununda kənd cavanları üzərinə qırmızı bəzədilmiş çömçəni Günəş rəmzi kimi götürüb qapı-qapı gəzər və müəyyən nəğmələr oxuyardılar”.

Qeyd edək ki, növbəti – Yel çərşənbəsi martın 10-da, ilaxır – Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button