Bu gün Su çərşənbəsidir

Bu gün, fevralın 27-də Azərbaycanda ilk çərşənbə – Su çərşənbəsidir. Çərşənbələr Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir.

Adətə görə, Novruz bayramına dörd həftə qalmış dörd ünsür – su, od, yel və torpaqla bağlı sayılan çərşənbələr təntənəli şəkildə keçirilir.

Su çərşənbəsində hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyərlər. Bu çərşənbəsi axşamı süfrəyə təmiz su qoyurlar. Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.

Su çərşənbəsinin başqa adətləri də var. Bu çərşənbədə adətən arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Azərbaycanda bu il martın 5-də Od, martın 12-də Yel, martın 19-da isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

2024-cü il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.

Novruz bayramı Azərbaycandan başqa dünyanın bir çox ölkələrində də qeyd edilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button