Bu həbs ictimaiyyəti iflic etmək siyasətidir

Xəbər verildiyi kimi, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı deputat Gülər Əhmədovanın Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verdiyi ərizə əsasında oktyabrın 28-də həbs edildi. İstintaqa təqdim edilən yeganə dəlil – qanunsuz olaraq yazılan lent yazısındakı kişi səsinin Əvəz Zeynallıya aid olmasını müəyyənləşdirməyin mümkün olmaması barədə məhkəmə ekspertizasının rəyinə baxmayaraq, Nəsimi rayon Məhkəməsi baş redaktor barədə 3 aylıq həbs qəti-imkan tədbiri seçdi.
Hadisəyə münasibət bildirən ictimaiyyət nümayəndələri isə birmənalı olaraq bu həbsi siyasi sifariş və hakimiyyətin azad mediaya qarşı repressiyası kimi dəyərləndirdiklərini bəyan edirlər (daxili və beynəlxalq ictimai reaksiyalar barədə məlumatları 4-cü səhifədə oxuya bilərsiniz)

SSRİ vaxtı deputatlar məhbus azad etməklə öyünürdülər, indi…

Əvəz Zeynallının həbsinə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu qeyd etdi ki, çöküşündə, tarixin arxivinə gömülməsində aktiv iştirak etdikləri SSRİ zamanında deputatların müəyyən ənənəsi vardı: «SSRİ dönəmində deputatlara həbsdə olan şəxsləri zaminə götürmək və azad etdirmək səlahiyyətləri vermişdilər və onlar bununla öyünürdülər. Mahiyyət etibarilə SSRİ idarəetməsindən fərqlənməyən hazırkı Azərbaycanda isə Milli Məclisə üzv edilmiş adamlar insanları həbs etdirməklə öyünürlər. Yəni bu məsələdə varislik etdikləri SSRİ-ni də pis mənada geridə qoyublar.
Digər tərəfdən, bu hakimiyyət Əvəz Zeynallını həbs etməklə əsl mahiyyətini ortaya qoydu. Nədir bu mahiyyət?
Fikrimcə, indiki halda Nobel mükafatını almağa namizəd kimi Mirzə Cəlilin namizədliyi irəli sürülməlidir – baxmayaraq ki, Nobel yaşayan insanlara verilir. Əslində, Mirzə Cəlil də yaşayır. Onun dilimizə daxil etdiyi «Danabaş» ifadəsi hazırda ölkə idarəetməsinin mahiyyətini ifadə edir. «Danabaşlıq» – idarəetmə üsullarının ən bariz nümunəsi kimi hazırda dəyər verilən bir meyardır və Əvəz Zeynallı da bu cür idarəetmənin qurbanıdır».

İttihamlar məndə acı təbəssüm yaradır

keçmiş daxili işlər naziri İsgəndər Həmidov dedi ki, Əvəz Zeynallı təmiz, vicdanlı və prinsipal bir jurnalistdir: «M ətbuatda yer alan məlumatları diqqətlə izləyirəm. Əvəz bəyə qarşı irəli sürülən iddialar məndə, bir hüquqşünas və əməliyyatçı olaraq, ancaq açı təbəssüm oyadır. Əgər Əvəz Zeynallı şantajçıdırsa, hüquq-mühafizə orqanları niyə onu faktla həbs etmədilər? Kimsə ona 2006-cı ildə rüşvət verdiyini deyirsə, bunu nəylə sübut edəcək? İndiyə qədər harada idi?
Əslində, bu qəbildən olan çox suallar vermək olar. Amma mən bir söz deyim, Əvəz Zeynallıya bu qəbildən olan ləkələr yapışmaz. Bu, əslində, azad sözün və insan haqlarının boğulmasıdır. Hamıya gün kimi aydındır ki, Əvəz Zeynallı tənqidi yazılarına görə həbs edilib. Allah qapısını açsın!»

Hakimiyyət azad mediaya təzyiqi gücləndirdiyini göstərir

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Əvəz Zeynallının həbsinin birbaşa azad mediaya qarşı təzyiq olduğunu düşünür. “Onun həbsi ilk növbədə azad sözə qarşı atılan addımdır. Hakimiyyət bu addımla birbaşa azad mediaya olan təzyiqi gücləndirmək, digərlərinə öz güclərini göstərmək niyyəti güdür. Burada heç bir rüşvət almaqdan, rüşvət istəməkdən söhbət getmir. Əslində, jurnalistlərin həbsi cəmiyyətə yönəlik bir hadisədir. Ona görə də Əvəz Zeynallının həbsi cəmiyyəti iflic etmək siyasətidir.

Belə həbslər dövlətin imicinə ciddi ziyan vurur

Hüquq müdafiəçisi olan tanınmış jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının həbsininin beynəlxalq aləmdə şişəcəyi və Azərbaycan hakimiyyətinə başağrısı gətirəcəyi ilə bağlı açıqlama verib. ABŞ-da səfərdən qayıdan E.Fətullayev «necə ola bilər ki, 9 ildi çap olunan qəzet gündəliyə keçəndən və hakimiyyətə qarşı tənqidi yazılarını artırandan sonra onun baş redaktoru həbs edildi» sualıyla qarşılaşdığını və Ə.Zeynallının siyasi sifarişlə həbs olunması barədə beynəlxalq təşkilatlarda bilgi olduğunu söyləmişdi.
Bizə açıqlamasında isə E.Fətullayev Ə.Zeynallının həbs səbəbini heç cür dərk edə bilmədiyini dedi: “Hələ də anlaya bilmirəm ki, Əvəz Zeynallı niyə həbsdədir. Onun həbsi başdan-ayağa qanunsuzdur. Belə həbslər dövlətin imicinə çox ciddi ziyan vurur”.

Özünə hörmət edən hakimiyyət belə etməməli idi

Ehtiyatda olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli özünə hörmət edən hakimiyyətin bu cür addım atmasını normal hesab etmir. «Əvəz Zeynallının həbsi bütün jurnalistlərə bir basqıdır. Düşünürəm ki, özünə hörmət edən hakimiyyət belə addımlara yol verməməlidir. Eyni zamanda, Gülər xanım gərək səhvini boynuna alsın. O, cəmiyyətə ciddi açıqlamalar versin və səhvini etiraf etsin. Bəlkə o zaman cəmiyyət onu bağışladı».

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button