Bu, Mətbuat Şurasının simasıdır!

Dövlət Mətbuat Şurası şər-böhtan püskürür…

“Xural” qəzetini – dərc etdiyi məqalələrdə insanların şərəf və ləyaqətini təhqir etməkdə suçlayan Azərbaycan Dövlət Mətbuat Şurası (DMŞ) İdarə Heyətinin hörmətli, nüfuzlu və sayğıdəyər üzvləri lent.az saytına bir-birinin ardınca açıqlamalar verirlər (Vüsalə xanımın ürəyi doluymuş). Lent.az saytının hörmətli rəhbəri, Dövlət Mətbuat Şurası İH-nin peşə etikasına ciddi əməl edən üzvü Vüsalə Mahirqızı isə qarşı tərəfin, yəni “Xural” qəzetinin münasibətini öyrənmədən bu fikirlərin dərcini davam etdirir. Görünür, “qarşı tərəfin rəyini öyrənmək” DMŞ-nin peşə etikasında nəzərdə tutulmayıb, yoxsa hörmətli Vüsalə xanım belə peşə etikasızlığına yol verməzdi.

Həzrət Əli deyirdi ki, “hər kəs dilinin altında gizlənib”. Dilləri açılan DMŞ İH üzvlərinin kimliyini, onların səviyyəsini və insani keyfiyyətlərini müəyyənləşdirməyi Oxucuların ixtiyarına buraxmaqla lent.az-dakı açıqlamalarından bəzi sitatları təqdim edirik:

Bəxtiyar Sadıqov, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru, DMŞ İH-nin sayğılı üzvü:

“…“Xural» sözün həqiqi mənasında «reketçiliklə» məşğuldur. Şəxsi maraq və təmənnasına uyğun olaraq, habelə ona verilmiş sifarişlər əsasında utanıb çəkinmədən istənilən insan haqqında şər və böhtan xarakterli qərəzli yazılar dərc edir. Artıq neçə illərdir ki, «Xural» və onun baş redaktoru vətəndaşların şərəf və ləyaqətini alçaltmaqla qələmlərini nəfslərinin qurbanına çeviriblər…”

 “İki sahil” qəzetinin baş redaktoru, DMŞ İH-nin üzvü, hörmətli Vüqar Rəhimzadə:

“…Təbii ki, Mətbuat Şurasının hörmətli üzvləri Əvəz Zeynallının səviyyəsinə enməyəcək. Ancaq həddini aşmış ədəbsizin də qabağından qaçmaq niyyətində deyilik. İndiyədək «Xural»a və onun redaktoruna kifayət qədər güzəşt olunub. İndi isə yolunu azaraq azad və müstəqil Azərbaycan mətbuatı üçün qara ləkəyə çevrilənlərin qanun qarşısında məsuliyyətə cəlb olunması zamanıdır. Belə də edəcəyik… Azərbaycan mətbuatının naqis insanlardan, reket redaktor və qəzetlərdən təmizlənməsi üçün sonadək mübarizə aparacağıq”.

Bu adamların səviyyəsinə baxın. Görün, bunlar hansı isterikaya düşüblər. Bu ağıl dağarcıqları artıq insanların azadlıqda qalıb-qalmamasını müəyyənləşdirmək cəsarəti göstərirlər. Bunlardan olsa Dövlət Mətbuat Şurasına hüquq-mühafizə orqanı səlahiyyəti verər və hətta silahlandırarlar. El qınağından başını qaldırıb gəzə bilməyənlər, bizi inzibati yollarla hədələyirlər…

Dövlət Mətbuat Şurasının əsl siması budur! Görün!..

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 040 (448), 23 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button