“Bu qərarın nəticəsi hər üç dövlətə təsir edəcək”

24.01.2012

Türkiyənin Fransadakı səfiri bəyanatla çıxış etdi

Türkiyə Fransa ilə diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endirəcək

Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu bu ölkə Senatında qondarma “erməni soyqırımı”nın inkarına görə məsuliyyət nəzərdə tutan qanunun qəbulu ilə bağlı bəyanat verib. Bu haqda yazan Türkiyə mətbuatının məlumatına əsasən, Tahsin Burcuoğlu Fransa Senatının qərarının kökündən yanlış olduğunu və Türkiyənin baş verənlərə görə məsuliyyət daşımadığını bildirib: “Biz mümkün olan hər şeyi etdik. Ümid edirəm ki, Fransanın Konstitusiya Məhkəməsi qanun layihəsini geri qaytaracaq”. Səfir onu da deyib ki, Türkiyə Fransa ilə diplomatik münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsinə endirəcək: “Çox güman ki, mən Türkiyəyə qayıdacağam. Ölkələrimiz arasında münasibətlər səfirliklər yox, müvəqqəti işlər vəkilləri səviyyəsində qalacaq”. Diplomatın sözlərinə görə, Türkiyə Fransa Senatının qəbul etdiyi qanunla heç vaxt barışmayacaq: “Nəticələrə gəldikdə, hər şey mümkündür. Bu məsələ Türkiyə üçün çox həssas məsələdir. Bunun nəticəsini hamı, o cümlədən, Türkiyə, Fransa və Ermənistan çəkəcək”.

Xatırladaq ki, Fransa Senatı qondarma “erməni soyqırımı”nı inkara görə məsuliyyət nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihənin lehinə 127, əleyhinə 86 senator səs verib.

Qeyd edək ki, 2011-ci ilin dekabrın 22-də Fransa Senatının alt palatası “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsi qəbul edib. Daha sonra isə Senatın Konstitusiya komissiyasında rədd edilən qanunun dünənki müzakirələri gərgin keçib və 7 saatdan artıq çəkib.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button