“Bu qaydanı Nəcməddin Sadıkov qoymuşdu – şirkətlərə köçürülən pulun bir hissəsi geri alınırdı”

“Nəcməddin Sadıkovun yaxınlarına aid şirkətlərdən isə “otkad” almırdıq”

Müdafiə Nazirliyi sistemində 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olan general – nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədovun məhkəməsi davam edir. O, Bakı Hərbi Məhkəməsində mühakimə olunur.

Hakim Fikrət Əliyevin sədrliyilə keçirilən bu məhkəmə prosesində müttəhimlər kürsüsündə Nizami Məmmədovla birlikdə daha 3 nəfər var. Bunlar Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə xidmətinin keçmiş rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinə rəhbərlik etmiş Vüsal Əlizadədir.

Məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Məhkəmədə dindirilən şahidlər arasında Müdafiə Nazirliyi sistemində hazırda və keçmişdə çalışanlarla yanaşı, müxtəlif şirkətlərin rəhbərləri də var. Ona görə ki, onmilyonlarla yeyintinin hərbi qurumlara mal və avadanlıqlar satan, xidmət göstərən şirkətlər vasitəsilə həyata keçirildiyi iddia olunur. İttihama görə, qiymətlər sənəd üzərində artıq göstərilib və şirkətlərin hesabına büdcədən buna uyğun məbləğdə pul köçürülüb. Lakin əvvəldən razılaşma olub ki, köçürülmüş artıq pulu şirkət hesabından çıxarıb, Müdafiə Nazirliyinə geri qaytaracaq. İttihama əsasən, şirkətlər ümumi vəsaitin təxminən 18-20 faizini geri qaytarıb və qayıdan pul da mənimsənilib.

Foto: Müdafiə Nazirliyi

Budəfəki məhkəmə iclasında 4 nəfər şahid qismində dindirilib. Onlardan biri Müdafiə Nazirliyinin tabeliyindəki Maştağa Kənd Təsərrüfatı Müəssisəsinin rəisi Zahir Tağıyevdir. O bildirib ki, hərbi hissələrin çörək və tərəvəzlə təminatı ilə məşğul olurdu. Amma 2020-ci ildə 44 günlük müharibə dövründə hərbi hissələrə əlavə 30-40 min manatlıq humanitar yardım göstərib.

Təqsirləndirilən 4 nəfərdən heç kimi tanımadığını deyən şahidin sözlərinə görə, general-mayor Nizami Məmmədovu da televizorda görüb, lakin onunla heç bir əlaqəsi olmayıb. Şahidin sözlərinə görə, Nizami Məmmədovun rəhbərlik etdiyi idarədən mühasib Akif Umudovla ünsiyyətdə olub.

Dindirmə zamanı məlum olub ki, şahid Zahir Tağıyevin adına 30-a yaxın şirkət qeydiyyatdan keçib və bu şirkətlər Müdafiə Nazirliyinin tenderlərində qalib elan edilib, malların alınması, xidmətlərin göstərilməsi üçün onlarla müqavilə bağlanaraq, hesablarına külli miqdarda vəsait köçürülüb. Bu barədə suala cavabında bildirib ki, həmin şirkətlər ona məxsus olmayıb. Hətta şirkətlərin adlarını da xatırlamır. O şirkətlərin tanışlarına, yaxınlarına məxsus olduğunu deyən şahid əlavə edib ki, onların bir çoxu əvvəldən mövcud idi, Müdafiə Nazirliyilə işləməyə görə yaradılmışdı:

“Bəzilərinə mal tədarükünə kömək eləyirdim, bəziləri nədəsə məsləhət alırdılar”.

Bakı Hərbi Məhkəməsi. Foto: Meydan TV

Müdafiə Nazirliyindən köçürülmüş pulun bir hissəsinin geri qaytarılması məsələsini isə Zahir Tağıyev təsdiqləyib. O bildirib ki, ümumi məbləğin 3 faizini nazirliyin Maliyyə və Büdcə İdarəsində mühasib Akif Umudova, 3 faizini isə Satınalmalar və Təchizat İdarəsinin rəisinə çatdırırdı. Şahidin sözlərinə görə, bu idarənin rəisi Məlikməmməd Qurbanov olanda da, Mahir Şirvanov olanda da eyni qayda ilə işləyiblər.

O, məhkəmədə general Nizami Məmmədovu televizorda gördüyünü desə də, istintaqdakı ifadəsində ona pul çatdırdığını göstərib. Prokuror ona həmin ifadəsini xatırladanda təkrarlayıb ki, generalın özü ilə heç vaxt əlaqəsi olmayıb: “Orada səhv yazılıb:

“Mən mühasib Akif Umudovu tanımışam. Köçürmələrdə gecikmə olmasın deyə, Akif Umudovla işdən sonra görüşüb, hörmət eləyirdim”.

Məhkəmədə dindirilən digər şahid Telman Süleymanov bildirib ki, hərbi obyektin anbarında 200 min manatlıq təmir işləri görüb. Onun sözlərinə görə, Müdafiə Nazirliyilə bağlanmış müqavilədən, bə qədər vəsait alınmasından xəbəri yoxdur: “Ümumiyyətlə, mən anlamıram ki, niyə çağırılmışam?”.

Daha bir şahid Əlövsət Orucov da Müdafiə Nazirliyinin tabeliyindəki qurumlarda təmir-tikinti işlərilə məşğul olub. O, ifadəsində bildirib ki, rəhbərlik etdiyi şirkətlə Müdafiə Nazirliyi arasında müqavilələr bağlanıb. Bu müqavilələr əsasında şirkətin hesabına köçürülmüş vəsaitin təxminən 8-10 faizini geri qaytarıblar.

Onun sözlərinə görə, işləri Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin o vaxtkı rəisi, hazırda isə 143 milyonluq yeyinti işi üzrə həbsdə olan polkovnik Fikrət Mirzəyevlə görürdü. Şahid əlavə edib ki, ümumilikdə 836 min manat pulu Mənzil-İstismar İdarəsinin Təmir şöbəsinin müdiri Rəhim Laçınova verib ki, idarə rəisi Fikrət Mirzəyevə çatdırsın.

Hazırda təqaüddə olan Rəhim Laçınovun özü də daha sonra məhkəmədə dindirilib. O təsdiqləyib ki, müqavilə bağladıqları şirkətlərdən müəyyən faiz “otkad” alınırdı. Onun sözlərinə görə, bu qaydanı da o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıkov müəyyənləşdirmişdi. Şahid vurğulayıb ki, bəzi şirkətlərdən isə “otkad” alınmırdı. Çünki Nəcməddin Sadıkov ona yaxın şirkətlərə toxunulmamasına göstəriş vermişdi:

korrupsiya
Foto: arxiv

“Qayda belə idi ki, əvvəldən danışırlar olurdu və sonradan şirkət razılaşdırılmış “otkad”ı idarəyə qaytarırdı. Bu qaydanı Nəcməddin Sadıkov qoymuşdu. Bəzi şirkətlər vardı ki, Nəcməddin Sadıkovun yaxınlarının idi – “İmpuls”, “Mark LTD” və başqaları. Nəcməddin Sadıkov tapşırmışdı ki, bu şirkətlərin işinə qarışmayaq. Ona görə də həmin şirkətlərdən “otkad” alınmırdı. Digər şirkətlərə köçürülən puldan əksər hallarda 18 faiz geri qayıdırdı. Bunun da 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə və Büdcə İdarəsinə verilirdi. Düzdür, mən idarə rəisi Fikrət Mirzəyevin aparıb Maliyyə və Büdcə İdarəsinə pul verdiyini gözümlə görməmişəm. Amma aparıb verdiyini deyirdi”.

Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədov və digər təqsirləndirilən şəxslərin heç birini tanımadığını deyən şahid onu da bildirib ki, özü tender komissiyasının 5 üzvündən biri olub, amma şirkətlərdən alınan pullardan ona çatmırdı. Onun sözlərinə görə, təmir-tikinti şirkətlərilə danışıqları idarə rəisi Fikrət Mirzəyev aparır, məbləği də özü razılaşdırırdı: “Onlar da razılaşdıqları məbləği mənim vasitəmlə Fikrət müəllimə çatdırırdılar”.

General Nizami Məmmədov və daha 3 nəfərin məhkəməsi mayın 24-də davam edəcək.

Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı həbs olunan general və polkovniklərin məhkəməsi bir ilə yaxındır ki, davam edir. Bu cinayət işi üzrə həbs olunanların istintaqı birlikdə aparılsa da, məhkəməyə göndəriləndə bir neçə yerə ayrılıb. Bu səbəbdən də Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı hazırda Bakı Hərbi Məhkəməsində bir neçə qrupda təqsirləndirilən şəxslərin məhkəmələri gedir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button