Bu yalançı dünyanın şəri!

Südabə Sərvi

«El» jurnalının baş redaktoru

Sözüm gənc antiANARlaradır – Anarı tapa bilməyəcəksiniz, tarix bir də onu yetişdirməyəcək!

Bu məqaləni dərc olunmaq üçün əvvəlcə «Azadlıq» qəzetinə göndərdim. Qəribədir, hər zaman demokratiyadan dəm vuran qəzet bu yazını dərc etmək istəmədi. Səbəbini isə redaktor Sücəddin müəllim belə izah elədi: «Bilirsiniz, bu polemikada yalnız sözügedən şəxslərin öz yazıları getməlidir». Dedim axı, sözügetməyən şəxslərin yazısı da gedir? (Oqtay Şamil, Nizami Muradoğlu və başqaları…) Qəribə cavab verdi: «Onlar hamısı elə Anarın özüdür də…»

Zənnimcə, izahata ehtiyac yoxdur. Bu fikri ilə qəzet öz mövqeyini ortaya qoydu. Təəssüf!

Neçə vaxtdır ki, özümə rahatlıq tapa bilmirəm. Mətbuatda, internet saytlarında hörmətli ziyalılarımız haqqında gedən biabırçı yazıları oxuyanda təəssüf hissi keçirirəm. Bu yaxınlarda «Azadlıq» qəzetində çox dəyərli ziyalılarımız olan Anar müəllim və Nigar xanım haqqında qərəzli, böhtan dolu yazını oxuyanda isə məqalə müəllifi Şamo Arifin yerinə utandım. Ona görə utandım ki, bu yalançı dünyada oturub haqq dünyasında olanların (öz atası Süleyman Rəhimov da daxil olmaqla) ruhunu narahat edən Şamo müəllim bəlkə özü də hiss etmədən ŞƏRƏ qulluq edir. Dədəmiz Qorqudun bir kəlamı düşür yada: «Gəlimli-gedimli dünya, bir ucu ölümlü dünya. Əcəl aldı yer gizlədi, fani dünya kimə qaldı…» Bəli, dünya bina olandan Xeyirlə  Şər qoşa addımlayır və təəssüf ki, kin, iftira, qəzəb, riya şəklində bəzi insanların qəlbində özünə yuva sala bilir.

Bəlkə də yazmayacaqdım, bu gün mətbuatda tanınmış bir çox qələm sahibləri kimi mən də susacaqdım. Amma dediyim kimi, sizin sonuncu-«Azadlıq» qəzetindəki yazınızı internet saytında oxuyanda artıq dözə bilmədim. Görkəmli ziyalılarımıza qarşı şəxsi ambisiyalı fikirləriniz, böhtan xarakterli cümlələriniz bir ziyalı kimi məni düşünməyə vadar edir: əcəba, görəsən, biz niyə beləyik? İşdə, evdə, hətta avtobusda yol gedəndə bu fikir məni təqib edir, beynimi didik-didik edir. Ona görə yox ki, siz Anara qarşı niyə çıxış edirsiniz? Həm də ona görə ki, mən sizin böhtanlarınızı Anarın, Nigar xanımın timsalında ümumən Azərbaycan ziyalısına atılan iftira, böhtan kimi qəbul edirəm. Kim zəmanət verə bilər ki, sabah belə yazılar Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Elçin Əfəndiyevin, Sabir Rüstəmxanlının, Vaqif Səmədoğlunun ünvanına yazılmayacaq? Elə isə, niyə susurlar bizim hörmətli ziyalılarımız, Şamo Arifə niyə cavab vermirlər?

Bəri başdan Şamo Arif, onu deyim ki, mən heç də sizin düşündüyünüz kimi, Anarın «barmaqlarından» biri deyiləm və onun diktəsi ilə də yazmıram. Və sizin dediyiniz kimi, əlimi QURANIN üstünə qoyub and içirəm ki, bu yazıdan Ananrın heç xəbəri də yoxdur. Mənim bu gün Yazıçılar Birliyində nə bir vəzifəm var, nə də oradan umacağım. Bu yazını da Anarı müdafiə məqsədi ilə qələmə almıram. Zatən onun buna ehtiyacı yoxdur. Sadəcə Anar və Nigar Rəfibəyli şəxsiyyətinə böyük hörmətlə yanaşıram.

Hələ vaxtilə «Domokl qılıncı» başımızın üzərində olanda Anar öz sözünü deməyi bacarıb; heç kimdən, heç kəsdən qorxmadan o, həmişə xalqına xidmət edib. Bu gün də edir və yeri gələndə öz sözünü cəsarətlə deyir. Amma nə yazıq ki, özü demişkən, «çörəyi dizinin üstdə olanlar» çox şeyləri unutdular, elə vaxtilə Anarın bu millət üçün etdiklərini də…

Bəziləri zaman-zaman ona qarşı sizin kimi açıq hücuma keçdilər. Bəziləri isə onu görəndə arsızcasına irişə-irişə gülümsəyir, arxada, küncdə-bucaqda arvad kimi «qeybətini» edirlər. Bunları görəndə və duyanda çox təəssüflənirəm. Belələri daha qorxuludur və nə yazıq ki, tək-tük olsa da, yazıçıların müqəddəs ocağında da özünə məskən sala bilib. Nə qədər gözünə qara pərdə çəkilə ki, burnunun ucundan o yanı görə bilməyəsən, daha doğrusu, görmək istəməyəsən. Anar kimi bir şəxsiyyəti qiymətləndirə bilməmək, üstəlik ona «qara yaxmaq» sadəcə mənəvi korluqdur.

Nə tez unudursunuz Anarın və onun valideynlərinin Azərbaycan ədəbiyyatındakı xidmətlərini? Bunlar bir yana, xalqın milli şüurunun oyanmasında, düşüncələrinin azad olmasında onların rolunu? Folkner deyirdi ki, «hər bir xalqın yaddaşı onun ədəbiyyatıdır». Yaddaşı necə itirmək olar, Şamo Arif? Məsəl var deyərlər, yalan ayaq tutar, yeriməz. Siz öz ağ, qırmızı, hətta boz yalanlarınızı xalqın beyninə sırımaq istəyirsiniz. Unudursunuz ki, xalqın gözü tərəzidir və o, hər şeyi saf-çürük etməyi yaxşı bacarır.

Sizin sitat gətirdiyiniz «şeytan barmağı» bəli, çox təəssüf ki, gözə görünmədən məharətlə öz rolunu oynayır. Siz bununla ermənilərin və içimizdə olan ermənixislətlilərin dəyirmanına su tökürsünüz…

Bir sual düşündürür adamı: nəyə görə məhz Anar?

Burada baş sındırmaq lazım deyil. Suyun dibi aydınca görünür. Qarşıdan AYB-nin qurultayı gəlir. Anar müəllimin müsahibələrinin birində «başqa namizəd görmürəm» deməsi bəzilərini əməlli-başlı hərəkətə gətirib. Buna görə sizin kimi həmişə ürəyində kin gəzdirən, gələcəklə deyil, yalnız keçmişlə yaşayan bir insanın fəallaşması təbiidir. Hətta bəzilərinin içini kin-küdurət, paxıllıq hissi o qədər sarıb ki, onlar Azərbaycan ədəbiyyatının samballı kişilərindən sayılan Anar kimi bir insanı həzm edə bilmirlər. Bu isə, millətin böyük faciəsidir. Elə torpaqlarımızın düşmən tapdağı altında qalmasının bir səbəbi də içimizdə olan o manqurtluqdur. Vaxtilə Maksim Qorki «Olmaz, cənablar, ziyalıları qırmaq olmaz, onlar bu ölkənin beyni, ən qiymətli sərvətidir»- dediyi bir zamanda, Buninin qeyd etdiyi kimi, Lenin ilə Dzerjinski bu sözlərə gülürdülər: «Gecikmisən, qardaşım. Biz bu beyni artıq yüz minlərlə kəllədən vurub çıxarmışıq. Biz dünyanı həyasızlıq, vəhşilik, yalan, riya, qansızlıq irini ilə o dərəcədə zəhərləmişik ki, beyinlərin dəyərli olması haqqında bu uydurmalar artıq çoxdan gülünc görünür».

Zənnimcə, izahata ehtiyac yoxdur. İllər keçsə, zaman öz ədalətli hökmünü versə də, «zəhərli şprislə qram-qram beynimizə yeridilən Leninin saydığı həmin o keyfiyyətlərdən nə cəmiyyətimiz xilas ola bildi, nə də ədəbiyyatımız. Bu gün də həmin ziyalıların sələfləri yaşayır və öz şər-böhtanları ilə cəmiyyəti zəhərləməyə, mənəviyyatımızın dayağı olan ədəbiyyatımızı, onu yaradanları, uğrunda can qoyanları gözdən salmaq istəyirlər. Bunu, əslində zamanın anomaliyası adlandırmaq olar.

Tarixən belə olub. Dostoyevski demişkən, «böyük insanlar həmişə böyük əzablar çəkməyə məhkum olublar». Bu gün bunu Anar da yaşayır. Vaxtilə Mehdi Hüseynin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Rəsul Rzanın, Əli Kərimin, Nigar xanımın yaşadığı kimi…

80-ci illərin axırı, 90-cı illərdə Anarın tutduğu mövqe bu gün prezidentdən pay umanları, kimlərəsə xoş gəlmək üçün onun haqqında cəmiyyətdə mənfi rəy formalaşdırmaq istəyənləri əsla maraqlandırmırdı. O zaman Anar meydanda, xalqla birlikdə olanda sizlər hardaydınız? O zaman biz gənclər onun, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının… efirə çıxmasını səbirsizliklə gözləyirdik.

Yazırsınız ki, faciəli 20 Yanvar günlərində siz də iki qızınızla, ailənizlə bir yerdə prezident iqamətgahının qarşısında, meydanda olmusunuz. Əgər belədirsə, bunu etmək bir Azərbaycan vətəndaşı kimi sizin də mənəvi borcunuz idi. Amma ardıyca yazırsınız ki, «mən Anar kimi qulağıma soyuq dəyib deyə evdə yatmırdım»(?) Dəhşət! Bu boyda yalan olmaz axı, Şamo Arif! Milləti niyə çaşdırmaq istəyirsiniz? Axı çoxları, eləcə də siz yaxşı bilirsiniz ki, Anar müəllim həmin dövrdə xalqla birlikdə idi! Həmin canlı şahidlərdən biri də mənəm. 20 Yanvar faciəsi ilə bağlı Anar müəllim o vaxt  yazırdı: «Artıq hiss edirəm ki, ömrüm sona yetir…» Bu, qəlbində millət, torpaq sevgisi olan vətənpərvər bir ziyalının içindən gələn dərd, ağrı-acı idi.

Bəli, xalqın yaddaşından heç nə silinməyib. Əsl həqiqəti yalanın monopoliyasına çevirmək olmaz!

Anar müəllim əsası hələ 1934-cü ildə qoyulan AYB-nin ilk sədri Məmmədkazım Ələkbərlidən son sədri İsmayıl Şıxlıya qədər onların yolunu şərəf və ləyaqətlə davam etdirir. Həm də təmiz vicdanla, əsil-nəcabətini gözləyərək. Anar işlədiyi illər ərzində rüşvət almayan (bunu tam əminliklə deyirəm, çünki o, Rəsul Rza kimi mərd kişinin oğludur!), heç kəsdən təmənna ummayan, yalnız xalqından uman bir ziyalıdır.

Siz öz yazdıqlarınzla atanızı – Azərbaycan ədəbiyyatının təşəkkülündə xidmətləri olan Xalq yazıçısı Süleyman Rəhimovu da pis vəziyyətə salır, urvatsız edirsiniz. 1965-ci ildə Mehdi Hüseynin müəmmalı ölümünü misal gətirirsiniz, orada onun ikinci dəfə infarkt keçirməsinə (birinci dəfə Mir Cəfər Bağırovun dövründə olmuşdu) səbəb olan üç yazıçıdan biri – atanızı təmizə çıxarmaq istəyirsiniz. Bu təbiidir, sizi başa düşürəm. Amma axı bununla bəzi mətləbləri də gündəmə gətirirsiniz, necə deyərlər, «dəlinin yadına daş salırsınız». Fərqindəsiniz?

Xural” qəzeti,

İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button