Bülbülə qəsəbəsində sakinlər yol tələbi ilə yolu bağlayıb

Dünən Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi, S.Əliyev küçəsinin sakinləri məhəllədaxili yolların illərdir keçilməz bataqlıq vəziyyətində olmasına etiraz olaraq aksiya keçirib. Virtualaz.org xəbər verir ki, saat 16.00 radələrində yüzlərlə sakin “Buta Palace” sarayından Yeni Ramanı qəsəbəsinə aparan, Heydər Əliyev prospektinə (Aeroport yolu) paralel avtomobil yolunu kəsib və məhəllədaxili yolların bərbad vəziyyətdə olmasına etiraz edib.

Etiraz aksiyası ilə bağlı yolda nəqliyyatın hərəkəti təxminən iki saat ərzində dayanıb, böyük tıxac yaranıb, hadisə yerinə  Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gəlib. Polislər etiraz aksiyası iştirakçılarını yoldan kənarlaşdırmağa çalışıblar, lakin Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxslərindən heç kim aksiyaçıların qarşısına çıxmayıb. Təxminən iki saat sonra aksiyaçılar polisin dağılışmaq tələblərinə riayət edərək yolu açıblar. Lakin palçıqlı yollardan cana doymuş sakinlər başqa  formalarda aksiyaları davam etdirəcəklərini deyiblər.

Sakinlər bildirilər ki, onlar  25 ilə yaxındır bu ərazidə məskunlaşıblar. Minlərlə sakinin yaşadığı bu yaşayış məhəlləsində ən ciddi problem məhəllədaxili yolların payız-qış aylarında bataqlığa çevrilməsidir. Sakinlər illərdir bu problemlə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə, Bakı şəhər İcra Hakimiyyətinə, Bülbülə qəsəbəsi bələdiyyəsinə şikayət etdiklərini, amma heç bir tədbir görülmədiyini deyirlər. Maraqlıdır ki, etiraz aksiyası Bülbülə qəsəbə bələdiyyəsinin sədrinin evinin qarşısında keçirilib, bələdiyyə sədri özü də yolu açmağa çalışanlar arasında olub.

Bu yaşayış məhəlləsindən sakinlərin yollarla bağlı şikayətlərini dəfələrlə virtualaz.org saytı da işıqlandırıb, amma müvafiq icra hakimiyyəti orqanları məhəllədaxili yolların abadlaşdırılması ilə bağlı heç bir tədbir görmürlər.(virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button