Buna görə də ölkədə total riyakarlıq var.

Firudin Allahverdi

Qan Turalı kulis.az-da özünü “Azadlıq” qəzetində olduğundan daha çox göstərir.

 “Azadlıq” deyən adamı həbs etmək insanlıqdan uzaqdır!

 Firudin Allahverdi: “Muğam sevgisinin içində hakimiyyətin feodal mahiyyəti dayanır ”

Azərbaycanın ən istedadlı bəstəkarlarından olan F.Allahverdi 2008-ci ildə İsveçrədə keçirilən “Pre-Art” müsabiqəsinin qalibi olub. Klassik janrlarda yazdığı əsərlər  Avropa ölkələrində, MDB məkanında,  Türkiyədə keçirilən festival və konsertlərdə səsləndirilib.  “Şeyx Sənan”, “Aydın”, “Hekayəti Xırs Quldurbasan” tamaşalarının, həmçinin “Əzizim Fellini”, “Tövbə”, “Yalançılar”, “Arxası qibləyə”, “Yol”  filmlərinin musiqilərinin müəllifidir.

Firudin bəy həm də karyerasını, firavan yaşayışını amallarına qurban verən çox azsaylı sənət adamlarından biridir. “Büdcə haqqında mahnı” və “Rüşvətxor müəllim” kimi mahnıların müəllifi olan F.Allahverdi ölkənin ictimai-siyası həyatında da yetərincə yeri və sanbalı olan şəxslərdəndir. Firudin bəy bəsətkarlıqla yanaşı, “Alma”, “Reytinq”, “Demokrat”, “Azadlıq” və “525-ci” qəzetlərdə yazıb və dərc edilən publisistik yazıları Oxucular tərəfindən maraqla qarşılanıb. Onunla görüşüb ölkədə baş verən ictimai–siyasi proseslərə münasibətini öyrənmək qərarına gəldik.

Söhbətimizə bir qrup yaradıcı şəxsin Müsavat Partiyasına üzv olmasından başladıq. Bir çoxları F.Allahverdini də dostları ilə birlikdə Müsavata üz olacağını güman edirdi. F.Allahverdi isə siyasi partiyaya üzv olmayacağını bildirdi:

– Bu gözləntilər təbiidir. Mən dostlarımın bu qərarına hörmət edirəm. Amma siyasi partiyaya üzvlüklə bağlı müəyyən stereotiplərim var. Baxmayaraq ki, siyasi partiyalar içində ən böyük simpatiyam Müsavatadır, keçdiyi bir əsrlik şərəfli yol barədə də Məhəmməd Əmin Rəsulzadənin, Mirzəbala Məmmədzadənin kitablarından, eləcə də gözümüzün qarşısında baş verən hadisələrdən dolayı məlumatlıyam. Bütün bunlarla belə, özümü siyasi partiya üzvü kimi görmürəm. Amma üzv olmasam belə ölkənin ictimai həyatını izləyən biri kimi, düşüncəsinə görə insanların azadlıqdan məhrum edilməsini pisləyirəm. “Azadlıq” şüarı səsləndirən adamı 3 il, 5 iş həbsə göndərmək insanlıqdan uzaq hadisədir.

– Nədən ibarətdir həmin stereotiplər?

– Siyasi partiya üzvü olmaq mənim üçün siyasi iddia göstəricisidir. Mənim də belə bir siyasi iddiam yoxdur.

– Dostlarımız da bildiriblər ki, onların siyasi ambisiyaları yoxdur.

– Dediyim kimi, bu mənə xas stereotipdir. Özümü nə indi, nə də gələcəkdə heç bir siyasi partiya sıralarında görmürəm.

– Amma rəğbətiniz Müsavatadır?

– Bəli. Partiyanın yenili-köhnəli, Rəsulzadədən tutmuş Seymur Baycana qədər əksər üzvlərinə sonsuz sayğım var.

–  “Eurovision” müsabiqəsi və  hakimiyyətin demokratiya çağırışlarına sərt reaksiyasi üst-üstə düşürmü?

– Mən özümü pop musiqiçi saymadığıma görə, “Eurovision” məndən uzaq bir sahədir. Pop daha çox biznesdir, nəinki sənət. Buna rəğmən, bu gün ölkədə Avropa səviyyəli  musiqi yarışması keçirilirsə, ürək istərdi ki, Azərbaycanın siyasi, ictimai, mədəni, iqtisadi həyatı da Avropa standartlarına uyğun olsun. Bizim standartlar dünya standartları ilə uyğun deyil deyə çox böyük qısaqapanmalar yaşanır. Nə qədər ki, dünya standartlarına uyğun siyasətimiz, liberal iqtisadiyyatımız yoxdur, bu qısaqapanmalar nəinki siyasətə, eyni zamanda sadə xalqın həyatına belə yansıyacaq. İnsanlar qısaqapanma içərisindədir. Buna görə də ölkədə total riyakarlıq var. Belə bir musiqi festivalı keçirilən ölkədə “Azadlıq” qışqıran insanı həbsə atmaq olmaz.

– Festivala görə bu qədər pullar xərclənir. İnsanlar evlərindən didərgin salınır. Dəyərmi?

– İnsanı evindən çıxardırlarsa, onun adekvat dəyəri qədər pul verilməlidir. Məsələn, Respublika sarayının arxasındakı evləri sökdülər. Əslində, mən köhnəliyin dağıdılması tərəfdarıyam. O evlərdən mənim də xoşum gəlmirdi. Köhnə, siçanlı, siçovullu, elə sökülməli evlər idi. Yaxşı edib söküblər. Amma evin dəyərində pul verilməli idi. Mətbuatda izlədiyim qədəri ilə anladım ki, xalq evlərin sökülməyindən çox, verilən kompensasiyadan narazıdır. Əslində, ölkədə pul da var. Amma vermirlər.

– Son zamanlar Qan Turalının “kulis.az”a getməsi və Aqşın Yeniseyin Kamal Abdullanı tərifləməsi; həmçinin adları çəkilənlərin hər ikisinin yaşlılarla barışmaq təklifi narazılıqla qarşılanıb. Bir çoxları bu təklifi mövqe dəyişikliyi kimi dəyərləndirir. Siz də bildiyim qədər Azad Yazarlar Oçağına yad deyilsiz. Bu barədə Firudin Allahverdi nə düşünür?

– Mən ədəbiyyat sahəsindən bir az uzaq adam olduğum üçün, məsələləri tam dərinliyi ilə bilməyə bilərəm. Amma müşahidələrimə görə deyə bilərəm, Qan Turalı kulis.az saytına zorla aparılana oxşamır. Yəqin qərara gəlib ki, cəmiyyətə bu cür xidmət etmək daha faydalıdır. Çalışır da ki, nə isə etsin. O saytda maraqlı müsahibələr, araşdırmalar gedir. Ona görə onu qınamağın əleyhinəyəm. Mənim fikrimcə, Qan Turalı kulis.az-da özünü “Azadlıq” qəzetində olduğundan daha çox göstərir. Saytı da uğurlu layihə hesab etmək olar.

– Qan Turalın “abzas.net” saytı var idi. “Abzas.net” daha populyar və sərbəst idi.

– Kulis.az daha uğurludur məncə, daha böyük auditoriyaya xitab edir.

– Bəs Aqşin Yeniseyin Kamal Abdullanı tərifləməsi?

– Güman ki, Aqşin Yeniseyin Kamal Abdullaya yox, Kamal Abdullanın Aqşin Yeniseyə ehtiyacı ola bilər. Bunu Aqşinin münasibətindən də hiss etdim. Çünki Aqşin Yenisey bir brenddir. Təkcə onun facebookdakı fanatlarının sayı sübut edir ki, o, yaşıdlarının arasında çox sevilən şairdir.

– Xüsusilə də qadınlar tərəfindən çox sevilir…

– Təbii, gənc və istedadlı şair qadınlar tərəfindən sevilməsəydi, təəccüblü olardı.

– Bu, onun subaylığından irəli gəlmir ki?

– (Gülərək…) Nədən deyirsiniz danışaq, amma qızlarla  bağlı danışmayaq. Bu barədə elə Aqşin Yeniseyin özü ilə danışsanız, daha maraqlı olar.

– Rafiq Tağı müsahibələrinin birində sizinlə bağlı fikirlər söyləmişdi…

– Hə, haradasa mənim adımı çəkib. Onun mənim barəmdə mövqeyi mənim üçün əhəmıyyətsizdir. O, nə musiqişünasdır, nə də sənətşünas. Hər kəsə cavab vermək niyyətim də yoxdur. Xüsusən, Rafiq Tağını tərəf müqabili saymıram. Onun mənim barəmdə dedikləri hətta yadımdan da çıxıb.

– Sizin vətən sevginizin universitetdə amputasiya olunduğunu iddia etmişdi…

– Universitet deyəndə Bakı Musiqi Akademiyasını nəzərdə tutur yəqin. Mənim vətən sevgim heç yerdə, xüsusilə də Musiqi Akademiyasında amputasiya olunmayıb. Musiqi Akademiyası haqqında da min dənə problem deyə bilərəm ki, Rafıq Tağı onları bilmir. Azərbaycanda musiqi təhsilinin sıfırın altında olduğunu deyə bilərəm. Bəlkə də ən bərbad sahələrdəndir. Çünki klassik musiqi bu ölkədə heç kimə maraqlı deyil.

– Yeri gəlmişkən, akademik musiqi arxa plana keçdikcə muğamın hakim təbəqə tərəfindən kultivasiyası prosesi başlayıb.  Akademik musiqinin az-çox fədakarları var. Bu insanlar Azərbaycanın mədəni sahəsindən kənarlaşdırılıblar. Bunun  səbəbləri nədir?

– Bəlkə də bu muğam sevgisinin içində  hakimiyyətin feodal mahiyyəti dayanır. Ətrafa boylananda, hadisələrin mahiyyətinə varanda sanki orta əsrlərdə yaşadığımızı düşünürəm. Muğam da orta əsrlərin musiqisidir. Ona görə də bunların üzvi bağlantıları var. Ya da mədəni siyasətdəki antiqlobalizmin göstəricisidir. Birbaşa və yalnız bizə aid olan musiqi janrlarını daha çox təbliğ etmək istəyirlər. Amma burada heç bir inkişafdan söhbət gedə bilməz. O gün bir tarçalanla danışırdım, deyir ki, muğam ifaçılarının 90%-dən çoxunun notdan demək olar başı çıxmır. Deməli, professionallıq çatışmır, deməli, inkişafdan söhbət gedə bilməz. Bayaq dediyim kimi, musiqi təhsili sistemi bərbad vəziyyətdədir. Mən özüm tar sinfi bitirmişəm. Ona görə bilirəm ki, Çahargah muğamını musiqi məktəblərində də keçirlər, Bülbül adına  orta ixtisas məktəbində də, Milli Konservatoriyada da. Üzeyir Hacıbəyov o zaman Azərbaycanda musiqi təhsilinin sistemini yaradanda, xalq çalğı alətlərini ali musiqi tədrisinə buraxmamışdı. Ali məktəblərdə muğam, xalq çalğısı yox idi. O düşünürdü ki, muğam öyrənmək üçün Musiqi Texnikumu bəs edir. Ona görə də Milli Konservatoriyanın ideyasını da şübhəli sayıram. Bəlkə də orada çox böyük nailiyyətlər əldə etmək, məsələn, Azərbaycan musiqi alətlərini təkmilləşdirmək olardı. Milli Konservatoriyanı bitirənlər sonra hara gedirlər? Toylara?

– Bizim milli musiqi alətlərinin içində simfonik orkestrdə istifadə olunanı varmı?

– Üzeyir Hacıbəyov tarı, balabanı və zurnanı istifadə edib. Sonrakı bəstəkarlar da bunu davam ediblər. Tar və kamançanın imkanları digərlərinə baxanda daha çoxdur. Yaxşı, professional ifaçılar da az olmalarına baxmayaraq var. Amma təhsil sistemi, ümumiyyətlə, musiqi industriyası düz qurulmayıb. İnanmayacaqsınız, amma 2007-ci ildə mən Musiqi Akademiyasında oxuyanda 1953-cü ildə vəfat etmiş bəstəkarı müasir bəstəkar kimi keçirdilər! 21-ci əsrdə 20-ci əsrin 60-cı illərinin tədris planı ilə dərs keçirlər. Orada oxuyan gənclər də o dəqiqə bilir ki, ona keçilən dərs qeyri-funksionaldır. Musiqi təhsili sistemimiz sıfırdan qurulmalıdır.

– Azərbaycanda neçə nəfər gənc peşəkar akademik musiqi bəstəkarı var?

– Əslində, sayları çoxdur, aralarında hal-hazırda təhsillərini xaricdə davam edənlər də var. Elə bu günlərdə bir şad xəbər aldıq – gənc bəstəkar Ayaz Qəmbərli Bostonda “ALEA III” beynəlxalq müsabiqəsində birinci yeri tutdu. Hazırda ABŞ-da təhsil alan Türkər Qasımzadə Avstraliyada birinci yeri tutub. Səid Qəni bu il Amsterdam Konservatoriyasının magistraturasına  qəbul oldu. Elmir Mirzəyevin əsərləri  xaricdə daha çox ifa edilir. Əslində, ölkəyə kifayət edə biləcək qədər bəstəkar potensialımız var. Amma onlar burada necə yaşasın, işləsinlər? Vaxtilə mənimlə oxumuş bir qız var idi. İndi ali məktəbdə dərs deyir. Dediyinə görə, 170 manat maaş alır. Xaricdə kifayət qədər müvəffəqiyyət qazanmış bir gənc bəstəkara necə deyəsən ki, sənə 170 manat maaş verirəm, gəl işlə. Bu gün Azərbaycanın musiqi sistemi dünya musiqi sistemindən kəsilib atılmış formadadır. Sanki ağacın budağını kəsib bir tərəfdə suvenir kimi qoymusan ki, bu da bizim mədəniyyətimiz, bu da musiqimiz. Onun da başlıca səbəbi musiqi təhsili sistemindəki bərbad vəziyyətdir.

– Xaricdə uğur qazanan gənclərdən danışdınız. Ötən il siz də Avropadakı konservatoriyalardan birinin magistraturasına daxil olmuşdunuz. Azərbaycanda sizin təhsil haqqınızı ödəyəcək adam tapılmadı?

– Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Prezident Aparatı, Heydər Əliyev Fonduna müraciət etdim. Hətta bir neçə millət vəkili mənə kömək etmək istədi. Alınmadı. Bir dostum isə ümumiyyətlə dedi ki, bir kolbasa sexindən sənin üçün 1-2 min manat düzəldə bilərəm. Əlqərəz, belə bir tragikomik vəziyyət yaranmışdı..

– Bu sizi ruhdan salmağa kifayət etdimi?

– Yox, niyə ruhdan salmalıdır ki? Mən hər şeydən əvvəl öz işim, musiqimlə məşğul oluram. Elə təkcə bu yay ərzində bir əsərim İsveçrədəki “Davos festival”da, başqa bir əsərim isə Berlində “Young Euro Classic” festivalında səsləndi. Eyni zamanda filmlərə, tamaşalara musiqilər yazıram. Bir sözlə, öz işimdəyəm…

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button