Bura Avropa olsaydı…

Qaranlıq məqam

Bakir Həsənbəyli

Bunlar bizi ayaq altında qoyacaqlar. Lap bütün diktaturaya meyilli ölkələrdəki rejimlər kimi. Hamıya və kəsə nüfuz edirlər. Cəmiyyətə xitab etmək imkanları (gücü deyil, məhz imkanları) olan insanların alınıb–satılması prosesinin hələ ki, rəvan getməsi rejim ideoloqlarını bir az da irəli getməyə həvəsləndirib. Müxalifi ilə masaya oturmaqdan qorxanlar qara pərdəli qaranlıq otaqlarda qaralmış ürəklərinin diktə etdiyi, qara–qara xəyallarını ağ yalanlar şəklində sırımaqla məşğuldurlar. Hər qaralmış ürəyin sırıdığı ağ yalanın tutuzdurulması zordan da zordu. Bu, qara ürəklilərin qara başı üçün deyil. Hamıya və hər kəsə şər atmaq və bu şərin həzm etdirilməsi asanmı? Sanmıram. Qara ürəkliləri keçəri maddiyat ələ aldı. “Aldatdı” ona görə yazmıram ki, onsuz da bu insanlar fövqəlhəzz məqamından aldanaraq dünyaya gələnlərdir. Yaranışı aldanışla olanların aldanılmasına ehtiyacmı var? Zatən yalan adamın mayasındadır. Mən belələrinə “anasını aldığı üçün dədəsinə nifrət edənlər” deyirəm.

Atatürkün bir–birinin ardınca çaldığı qələbələrdən heyrətlənən və onunla görüşü zamanı bu heyrətini Mustafa Kamala bildirən generalın “Siz döyüşləri haradan idarə edirsiniz” – sualına, Ulu Öndər: “Cəbhənin içərisindən” – cavabını verir. Bəli, mübarizədə səngər müəyyənləşibsə, səngərləşmə varsa, hər kəs mübarizəsini dünyada müəyyənləşdirilmiş qaydada aparmalıdır. Demirəm ki, kişi kimi, ən azından adam balası kimi. Bunlarınkı mübarizə deyil. Hindən toyuq aparmaqdır. 

Siyasətin əsasını iqtisadiyyat təşkil etcə də, dünyanı idarə edən siyasətdir. Çünki iqtisadiyyatın özü də bir siyasətdir. Hamı siyasətçi ola bilməz. Bu normaldır. Ancaq hər kəs vicdanlı ola bilər. Burada isə heç bir anomaliya yoxdur. Bəs niyə olmurlar? İllər öncə yazdığım yazılarımın birində vicdanın insanın duyğu hisslərindən biri olduğu qənaətinə gəlmişdim. Özümü inandırmağa çalışmışdım ki, dünyanın ən vicdansız adamı belə bir saatlıq olsa da, tənha qalanda öncə özünün eyiblərini saf–çürük edir. Bütün hallarda tənha insanın daxili müzakirəsi özünütənqid üzərində qurulur. Lakin cəmi bir saatlıq tənhalıqdan qurtulan yaramazın həmin duyğu hissi həmən öz təsirini itirir. Hər şey yenə əvvəlki kimi dünyada qalıcı olan dada, iyə, daha nə bilim nəyəsə köklənir. Bu, bəzilərinin qəbiristanlıqda müsəlman olmaları kimi bir şeydir. Ola bilsin, vicdanı ötəri hiss kimi olanlar “indi nə edək, qərar qəbul etdiyimiz iclas zallarımızı söküb qəbiristanlıqdamı tikək” sualını qara başlarında düşünəcəklər. Qətiyyən. Sadəcə Allahın Rəsulunun söylədiyi kimi yaşayın: Elə yaşayın ki, sanki bu gün son gününüzdür… Çünki qiyamətdə Adəm övladı yalnız əməllərinə görə cavab verəcək. Və bir fikir mənim rahatlığımı əlimdən alıb. Görəsən, bunların tənha olduqları an belə olmur? Yoxsa bütün yaramazlar bir yerdə yatırlar?

Bu günlərdə yerli hakimiyyət tərəfindən də tanınan və dəstəklənən, türk kökənli xarici ölkə vətəndaşı olan iş adamı ilə görüşüm zamanı dünya iqtisadiyyatına növbəti dəfə, daha ciddi barmaq silkələyən krizislə bağlı fikirlərini öyrənmək istədiyimi deyəndə adam bir anda yazıqlaşdı. “Bilirsiniz, burada çalışırıqsa sizin kurallara uymaq zorundayız. Mən əgər müsahibə verərəmsə həmən vergi.. gömrükdə keçid imkanlarının… Bura Avrupa olsaydı…” adamın kövrəldiyini zənn etdim. Çünki bir az öncə hər cümləsinin əvvəlində “bilirsiniz” deyə safrano səslə danışan həmsöhbətimin nitqində qüsur yarandı. Artıq sözə ehtiyac yox idi. Hər şey aydındı. Otur pulunu qazan, amma… Bəli, amma uzaq ol. Axı nədən? Vicdanındanmı? Hər kəs sizə oxşamaq zorundamı?

Amma həmsöhbətimin sonuncu cümləsi məni tutdu: Bura Avropa olsaydı…

Bəli, bura Avropa olsaydı, insanları fikirlərinə görə yaşadığı evlərinin blokunda öldürməzdilər, terrorçuluqda ittiham edib illərini məhbəsdə keçirməsinə səbəb olmazdılar, bir gəncin cibinə narkotik atıb gələcəyini qaraltmazdılar, şairi şerinə görə qandallamazdılar (xoşun gəlmir oxuma, yox əgər oxuyub özünü görəcəksənsə, şairmi günahkar?), əyilib sınmadığı, alınıb–satılmadığı üçün bir baş redaktora qara yaxmazdılar, “reket” deməzdilər, bir iş adamını parasını almış canını almış qorxusu ilə baş–başa buraxmazdılar… Və nəhayətdə vicdanlı olardılar.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button