Burada satılan ətə it də yaxın durmurdu!

Kənd təsərrüfatı yarmarkasında nələr gördük?..

Yasamaldakı yarmarkadan canlı yayım

Bakı əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün xeyli vaxtdır ki, hər şənbə-bazar yarmarkalar keçirilir. Şəhərin 11 rayonunun hər birində təşkil olunan yarmarkalarda qiymətlərin digər gündəlik satış mərkəzlərindən 25-30 faiz ucuz olduğu barədə mediada ağızdolusu danışan Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bu addımın xalqın qidaya olan tələbatının ödənilməsi və kəndlilərin öz məhsullarını alıcılara birbaşa çatdırması üçün atıldığını dəfələrlə vurğulayıblar; bildirilir ki, yarmarkalara məhsullar yalnız kənd rayonlarından gətirilir və fermerlərin, kəndlilərin özləri tərəfindən satılır, satış üçün heç bir yerhaqqı alınmır.

Hər zaman ucuz mal axtarışında olan imkansız vətəndaşların belə yarmarkalara marağı böyükdür. Xatırladaq ki, yarmarkalar Nərimanov, Yasamal, Xətai və Binəqədi rayonlarında, həmçinun, “Yeni Günəşli”də, «Təzə Bazar»ın yanında, 3-cü mikrorayonda, Badamdar, Qaraçuxur və Əmircan qəsəbələrində təşkil olunur. Biz də bu yarmarkaların necə təşkil olunması araşdırmaq məqsədilə Yasamal rayonu ərazisində – Şərifzdə küçəsində yerləşən Rabitə Kollecinin yanında təşkil olunmuş yarmarkaya baş çəkdik.

 “Öz məhsulunu satan”  alverçilər …

 Səhər saat 10.00-u göstərir. Yarmarkanın qarşısında qələbəlik var. Bu da yarmarkanın qarşısında avtomobillərin hərəkətində sıxlıq, bəzi hallarda isə qısamüddətli tıxaclara səbəb olur. Girişdə Post Patrul Xidmətinə məxsus polis maşını dayanıb. İçəri daxil olan maşınlara nəzarət edir. Yəni daxil olmaq istəyənlər onlardan icazə almalıdırlar.

Yarmarkaya vardığımız ilk addımdaca məlum olur ki, adının və təyinatının əksinə olaraq, burada kənd təsərrüfatı məhsulları ilə yanaşı, istənilən növ məhsul tapmaq olar. Hətta qadın-kişi alt paltarından tutmuş, şirniyyata, konfetə və yuyucu məhsullara qədər…

Satıcıların üzlərinə baxanda bilinir ki, əksəriyyəti rayondan gəlib öz məhsullarını satışa çıxaranlar yox, “Meyvəli”, “Yaşıl bazar”, “8-ci kilometr” bazarındakı topdansatış məhsullarını alaraq, yarmarkaya gətirənlərdir. Çoxu bunu gizlətməsə də, bəziləri xam müştərilərə yalandan “sən öl” vururdular ki, “həyətimin məhsulunu satıram”. Belə ki, ləhcəsindən göyçaylı olduğu açıqca sezilən satıcı bizə and içdi ki, satdığı Gədəbəy kartofudur – 70 qəpik. Ancaq kartofu keyfiyyətindən asılı olaraq 50-60 qəpiyə də təklif edənlər var idi. Nəzərə alsaq ki, kartof şəhərin demək olar ki, bütün satış mərkəzlərində, hətta ən bahalı supermarketlərdə də 50, 60, ən bahası 70 qəpiyə satılır, məlum olur ki, əslində yarmarkada deyilən 25-30 faizlik endirim yox səviyyəsindədir. Hətta bəzi məhsullar var idi ki, onlar digər bazar və meyvə-tərəvəz satış yerlərindən daha baha idi. Məsələn, nübar məhsulu olan fırnıxa (karalyoka) yarmarkada 1 manat qiymət qoyulsa da, şəhərin istənilən yerində (lap elə redaksiyamızın yanında) bu meyvəni 70 qəpiyə almaq mümkündür. Belə qiymətlər digər meyvə-tərəvəz məhsullarında da özünü göztərir:

 Alma: 50 qəpik – 1 manat;

Pomidor:  80 qəpik – 1, 20 manat;

Xiyar: 50 qəpik – 1 manat;

Soğan: 35-50 qəpik;

Kələm: 40 qəpik;

Üzüm: 80 qəpik – 2 manat;

Göyərti: 20 qəpik;

Badımcan: 30-40 qəpik;

Lobya: 1 manat;

Zoğal: 1,20 manat;

Sarımsaq: 4 manat və s.

Kənd yumurtası: 20 qəpik;

Kök: 1 manat;

Pendir: 4-6 manat.

 

Qiymətlərdən də göründüyü kimi, yarmarkada heç bir uzucluq hiss olunmur. Elə alıcıların da bununla bağlı narazılıqları vardı. Bəziləri təbliğata aldandıqlarından əsəbiləşmişdilər:

– Televiziyada tərifləyirlər ki, yarmarka ucuzdur, gəlirik, görürük ki, evimizin yanı ilə eyni qiymətdir. Daha niyə özümə əziyyət verib bu boyda yolu əlimdə ağır paket daşıyıram? Elə evin yanından alardım da bunları! Hələ marşruta verdiyimiz 40 qəpik də bizə əlavə xərc oldu…

 “Yer pulu veririk”

 Ancaq satıcıların da öz arqumentləri oldu. Bəziləri danışmaqdan çəkinib etiraf etməsələr də, bir çox satıcılar bildirirlər ki, burada yer haqqının olmaması ilə bağlı deyilənlər yalandır:

– Burada məhsul satmaq üçün 10-20 manat arası yerpulu ödəyirik. Yoxsa kimdir bizi bura buraxan?

– Kimə verirsiniz?

– Nə bilim, buranın yiyəsinə.

Ancaq nə qədər axtarsaq da, “buranın yiyəsi”ni tapa bilmədik. Rəhbərlik edən şəxsin “buralarda” olduğu bildirilsə də, “gördüm” deyən olmadı.

Qeyd edək ki, əlimizdəki fotoaparatdan və sorğu-sualllarımızdan jurnalist olduğumuz məlum idi və yarmarkada gəzən polislər də uzaqdan müşahidə edirdilər. Belə olan halda gəlişimizdən rəhbərliyin xəbərdar olduğu da şəksizdir.

Bazarda satılan “dükan pendiri”

 Tovuzdan olduğunu deyən və öz məhsulunu satdığını iddia edən bir satıcı isə bildirdi ki, biz əslində nəinki burada yer haqqı verməməliyik, əksinə, məhsulumuzu rayondan gətirmək üçün bizə yanacaq pulu da verilməlidir.

– Əslində bizim yanacaq pulumuz 80-90 manat edir. 20 manatını bunlar verməlidir, ancaq onu da verən yoxdur – deyən satıcı jurnalist olduğumuzu bilən kimi sözünü dəyişsə də, artıq dediyini demişdi…

Kənd təsərrüfatı məhsulları yarmarkasında banan, ananas və bu kimi əcnəbi meyvələrə də rast gəlmək olur. Bu məhsulların Azərbaycanın kənd təsərrüfatına heç bir aidiyyatı olmadığını nəzərə alsaq, bu yarmarkalarda KTN rəhbərliyinin iddia etdiyi kimi ancaq kəndli və fermerlərin öz məhsullarını satmadığına bir daha əminlik yaranır. Ən maraqlısı isə elə giriş qapısının yaxınlığında əyləşərək, pendir satan xalanın dediyi oldu. Belə ki, pendir evdə hazırlanmaya oxşamadığından, “xala bu, nə pendiridir, haradan gətirmisiniz” – deyə soruşduq. Xala isə yəhudisayağı sualımıza sualla cavab verdi:

– Necə yəni, nə pendiridir? Nə pendiri olacaq, dükan pendiri…

 Ucuz ətin şorbası olmur

 Son günlər ətin bahalaşması gündəmin əsas müzakirə mövzularındandır. Qeyd edək ki, mal ətinin bir kiloqramı 9 manat, qoyun əti isə 10 manata qalxıb. KTN rəsmiləri isə israrla iddia edirlər ki, bu bahalaşma sünidir, KTN nəzarət edir və yarmarkalarda ət ucuz qiymətə satılır. Onlar mal ətinə 5 manat, qoyun ətinə isə 6 manat qiymət müəyyənləşdirilidiyi barədə mətbuat vasitələri ilə əhaliyə rəsmi məlumatlar veriblər.

Buna görə də özümüzü ət satılan tərəfə verdik. Cəmi 2 ət satışı nöqtəsinə rast gəldik. Satıcılarla söhbətimizdən belə məlum oldu ki, hər iki satış nöqtəsi eyni adama məxsusdur və hər həftə də məhz o şəxsin gətirdiyi ətlər satlır. Ancaq ətin uzaqdan vuran üfunəti və baxmağa belə adamın iyrəndiyi görünüşü bu ətin mənşəyi haqqında insanda xoş olmayan təəssüratlar oyadırdı. Qiymətinə gəlincə, mal əti 5.70 manat idi. Qoyun əti adına isə cəmi 1 qabırğa var idi, onun da kiloqramının 7 manat olduğu deyildi. Satıcıdan ətin həkim yoxlanışından keçib-keçməməsini və sertifikatının olub-olmamasını soruşduq. Özünü itirən satıcı “mən yalnız ətin üstündəki möhürü göstərə bilərəm” dedi və əvvəl dediyi qiymətləri yox, tələsik KTN-nin qiymətlərini səsləndirdi. Ətin satıldığı ərazidə hökm sürən antisanitariya isə o həddə idi ki, yerə atılmış ət parçalarına sahibsiz itlər, pişiklər belə yaxın durmurdu.

Yarmarkada balıq və toyuq əti satışında da vəziyyət ürəkaçan deyildi. Diri balıq 5.50 manata satıldığı halda, köhnə olduğu açıq sezilən digər balıqlar 1 manatdan 4 manata qədər alıcılara təkilf olunurdu. 600-700 qramlıq kəsilmiş toyuqlar isə 4 manata idi. Ancaq toyuğun nə vaxt və harada kəsilməsi bir qədər şübhəli idi. Çünki elə toyuqlar vardı ki, rəngləri artıq qaralmış vəziyyətdə idi. Hətta burada broyler toyuqlarının satışına da rast gəlmək olardı…

Beləliklə, kiçik araşdırmamız onu göstərdi ki, “Kənd Təsərrüfatı Yarmarkası” adı altında təşkil olunan həftəsonu bazarları efir vasitəsilə xalqa təqdim olunduğu kimi əhalinin tələbatını ödəməyə deyil, təşkilatçıların və bir çox işbazların yeni qazanc mənbəyinə çevrilib.

Nizami Həsənli

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button