Bursada inqilab edən vəkil!

Nigar Almanqızı

 Onunla bağlı dəfələrlə yazmaq istəmişəm. Hətta bir neçə dəfə  yazmışam da. Sadəcə düzgün anlaşılmayacağını, bir də bu qızın buna ehtiyacı olmadığını düşünüb yazdığım yazını yarımçıq qoymaq məcburiyyətində qalmışam. Amma onun 17 sentyabr Bursa Atatürk stadionunda II Balkan Şölənlərindəki cıxışı bu yazını yazmama stimul verdi. O görüşdən günlər keçib, amma hələ də orada baş verənləri kövrələrək anıram.

Bursadakı məlum toplantıya keçməzdən əvvəl, iyun ayında İznikdə olan bir söhbəti xatırlatmaq istərdim. Abdulvahap Sancaktar turbəsini ziyarət edərkən orada yaşlı bir xanımla tanış oldum. Qadın mənim azərbaycanlı olduğumu bilən kimi, ilk dediyi bu oldu “Sizin bir xanım millət vəkili var. Onu çox sevirəm. Bizim televiziyalarda bir erməniylə çıxmışdı. Onu yaman köşəyə sıxdı. İnan, onu görünce türklüyümlə qürur duydum. Çox qeyrətli qızdır. Min erkəyə dəyər. Şəxsi tanışlığın varsa, ona de ki, gözlərindən öpürəm’’.

O gün yanımda həyat yoldaşım və onun qohumları var idi. Bu, mənim millətimə, qadınıma verilən dəyər idi. Əslində, o zaman da onunla bağlı yazmaq istəmişdim…

Yəqin ki, Oxucu kimdən danışdığımı anladı. Bəli, bu millət vəkili, daha doğrusu, millətinin vəkili Qənirə Paşayevadır.

Balkan Şöləninə on minlərlə insan qatılmışdı. Bu toplantıda dünyanın müxtəlif ölkələrindən millət vəkilləri, hökumət və dövlət adamları, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri, dərnək başkanları və s. iştirak edirdilər. Onlarla insan çıxış etdi. Hər biri də çox gözəl kəlmələr işlətdi. Protokolda oturduğum üçün insanların (Tədbirə qatılanların çoxu gənclər idi. Sonda Türkiyənin sənət adamlarının konserti olacağını bildikləri üçün daha aktiv idilər – N.B.) hər şeyə rəğmən çıxış edənlərə o qədər də maraqla qulaq asmadıqlarını açıq şəkildə görürdüm. Odur ki, Qənirənin də çıxışında bu izləyicilərin diqqət kəsiləcəyinə əmin deyildim. Nə isə…

Natiqlər bir-birini əvəz etdi. Növbə Qənirə Paşayevaya çatdı. O, tribunaya qalxdı. İlk dəqiqədə izləyici üçün digərlərindən fərqi yox idi. Hər kəs kəndi halındaydı. Amma cıxışın ikinci dəqiqəsində o, üzünü türk gəncliyinə tutub mürəciət etdi.  Balkanların dərdinin Azərbaycanın dərdiylə eyni olmasını, Dağlıq Qarabağ problemi, Ermənistanın 20 ildir Azərbaycan torpaqlarını işğal etməsini, dünya dövlətlərinin nəinki buna seyriçi qaldığını, hətta tərəf tutduğunu söylədi.

Bundan başqa, o, türk dünyasıyla bağlı çox önəmli problemlərə toxunaraq bildirdi ki, bunun həlli yolu türk insanının fikir birliyindədir. Xanım millət vəkili cəmi 6 dəqiqə danışdı. Amma bu 6 dəqiqədə bütün izləyicilərin diqqətini balkanlarla yanaşı, Azərbaycan-Ermənistan probleminə, ermənilər tərəfindən 20 faiz işğal olunmuş torpaqlarımızdan qovulmuş bir milyondan artıq qaçqın və köçgünümüzə yönəldə bildi.

Çıxış bitdi. Alqışlar isə bitmirdi. Ön sıralarda oturan məmurlardan tutmuş, siravi vətandaşlara qədər hər kəsin gözləri dolmuşdu.

Mənimlə birgə həmin toplantını izləyən qohumum Hasan Bayrak yanıma gələrək, iki kişinin “bu qız bir az da davam etsəydi, hönkür-hönkür ağlayacaqdım” dediyini söylədi. Bəlkə də mən o anları yazımla anlada bilmirəm. Amma oradakı mənzərə bambaşqa idi. Bu günə qədər belə toplantı görməmişdim.

Həyat yoldaşım əslən Bursadan olduğu üçün mən bu bölgədə Azərbaycanla bağlı hansısa təşkilatın frəaliyyət göstərib-göstərməməsiylə hər zaman maraqlanmışam. Etiraf edək ki, burada bizimkilərin fəliyyət göstərən elə bir ciddi qurumu yoxdur. Varsa da sadəcə adı var. Amma çeçenlərdən tutmuş gürcülərə, digər türk ölkələrinə qədər hər kəsin Bursada çox mükəmməl çalışan diaspora təşkilatları var. Hər il bu təşkilatlar ildə bəlkə də 10-20 tədbir keçirib, türk insanına öz varlıqlarını bildirirlər. Odur ki, buranın insanının bu xalqların üzləşdiyi hər bir problemdən xəbəri var. Amma qulaqlarının dibində, Ermənistanın düz 20 ildir Azərbaycan torpaqlarını işğal etməsindən sadə bursalıların çoxunun xəbəri yoxdur. Xəbəri olanlar da Dağlıq Qarabağın Kuzey Kıbrısda olduğu kimi ayrıca bir dövlət olduğunu, sonradan ermənilərin oradakı Azərbaycan türklərini qovduğunu düşünür. Bir sözlə, çox az insan həqiqi problemimizdən xəbərdardır. Qənirənin bu çıxışından sonra insanların bizə verdiyi bəzi təəccübqarışıq suallar da bunu təsdiq edirdi.

Nə isə o gün mənim aləmimdə dəyərli millət vəkilimiz haradasa bir inqilab etdi. 70-80 yaşlarında bir ağsaqqalın ona sarılaraq xeyir-dua verməsi, “bizə yaman dərs keçdin, qızım” deməsi də bunu göstərir. Düşünürəm ki, bu çıxışın təsirini davam etdirmək lazımdır. Bunu isə davam etdirmək bizlərin, Türkiyədə yaşayan azərbaycanlıların görəvidir. Unutmamalıyıq ki, kiməsə inad olaraq bir şey etməməklə bizlər heç nəyə nail olmuruq. Hər birimiz üzərimizə düşən vətandaşlıq borcumuzu yerinə yetirsək, yəni əsil vətandaş olsaq, qazanan tərəf olacağıq. Yoxsa bizi tanımayacaqlar. “Kimsiniz”, “nəçisiniz”, “hansı kökdən gəlirsiniz”  sualları ilə hər zaman üz-üzə gələcəyik. Payımız utanmaq olacaq.

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Dünya Türklüğünün meseleleri çoktur.Türk, dünyanın her tarafında bir başına kalmıştır.İyi bir teşkilatçılıkla dünyada ses getirebiliriz.Sizin de hatırlattığınız gibi 20 yıldır Karabağ’ı kurtaramadıysak, Doğu Türkistanı bırakın kurtarmayı,oradaki öz kardeşlerimizi ölümden,işkenceden kurtaramıyorsak,demek ki ters giden bir şeyler var.En azından bulunduğumuz yerde davamıza sahip çıkmalıyız..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button