Bütün cinayətlərdə Akif Çovdarov

 Döyülən Aqil Xəlil, öldürülən Elmar Hüseynov, təhdid edilən Eynulla Fətullayev və oğurlanan Mahir Abdullayev...

Akif Çovdarov Azərbaycan mətbuatında bu işlərinə görə yadda qaldı

Milli təhlükəsizlik nazirinin müavini Akif Çovdarovun həbsi ilə media cameyəsində yeni bir mövzunun da müzakirəsi başlandı. Məlumdur ki, bu ad Azərbaycan oxucusuna daha çox “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, hazırda Fransada mühacirətdə olan Aqil Xəlilin döyülməsindən sonra məlum oldu. 
Jurnalist Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağında ərazinin şəxsi ev tikilməsi üçün qanunsuz ələ keçirilməsi faktının fotoşəkillərini çəkərkən A.Çovdarov tərəfindən döyülmüşdü. Hətta jurnalisti fotokamerasının naqili ilə boğmağa cəhd edən də məhz A.Çovdarov idi. Qeyd edək ki, Çovdarov energetika və nəqliyyat sahəsində təhlükəsizlik idarəsinə rəhbərlik edib. 
Keçmiş siyasi məhbus Eynulla Fətullayev də həbsdən çıxandan sonra A.Çovdarovla bağlı ilginc məlumatlar açıqlamışdı. O, Çovdarovun MTN istintaq təcridxanasında ona baş çəkdiyini və vaxtilə Elmar Hüseynova etdiklərini ona da edəcəkləri ilə hədələdiyini demişdi. Lakin sonradan MTN bu ittihamları böhtan adlandırdı. Elmarın qətli və Eynullanın başına gətirilən məşəqqətlərlə bağlı Eynulla Fətullayev özünün məhkəməyə apelyasiya şikayətində hər şeyi aydın yazıb: Elmarın qətli ilə bağlı susması üçün MTN təcridxanasında Çovdarovun ona hədələrini də, “alver” təkliflərini də.
Bu adamın adının sənədləşməsi Eynullanın artıq mətbuatda da açıqlanan ərizəsi ilə bitmir. Onun adı Avropa İnsan Haqları Məhkəməsində də var. Onun adı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında da var.
A.Çovdarovun adı daha sonra, 2012-ci ildə də medianın gündəminə gətirildi. Bu dəfə Fransada mühacirətdə olan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev tərəfindən. Sabiq rektor Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabiti olmuş qardaşı Mahir Abdullayevin oğurlanmasının və cinayətin açılmamasının səbəbləri ilə bağlı yazısında bildirib ki, adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın icraçısı – KQB generalı Akif Çovdarovdur.
Müəllif qardaşı Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk Vilayətinin Verxuturye şəhərində Akif Çovdarova məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşməni diqqətə çatdırıb və iki şəxsin bu və digər görüşlərini əks etdirən fotoları məqaləsinə əlavə edib.
Keçmiş rektor qardaşına Akif Çovdarovun 300 min dollar borclu olduğunu iddia edirdi. Məqalədə həmçinin Akif Çovdarovun Mahirdən adam oğurluğu ilə məşğul olan qruplaşmaya rəhbərlik etmiş, hazırda həbsdə olan Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərli ilə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi də iddialar sırasındadır.
“Mahirin oğurlanmasını bilavasitə icra edən zaman Rusiyanın Sverdlovski Vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə “Təpəgöz” kimi tanınan və hazırda MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi general-biznesmen Akif Covdarovdur (Rusiya Federasiyasının vətəndaşı)”.
 
“Jurnalist Elmar Hüseynovun, jurnalist Rafiq Tağının qətlləri, “Azadlıq” qəzetinin jurnalisti Aqil Xəlilin döyülməsi, “Azadlıq Radiosu”nun jurnalisti Xədicə İsmayılovaya qarşı edilən cinayətlər və s. də Akif Covdarovun əl işləridir”, deyə Abdullayev məlum məktubunda belə yazmışdı. 
 
Sevinc TELMANQIZI 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button