Bütün gözəl dönüşlərin yalnız bir adı var – ELÇİBƏY!!!-YAZI MÜSABİQƏSİ

Azərbaycan Prezidenti Əbülfəz Elçibəy haqqında bir neçə söz…

Azərbaycan prezidenti Əbülfəz Elçibəy – artıq bu, Elçibəyin Azərbaycanın tarixində nə qədər önəmli bir mövqe tutduğunu bir daha sübut edən təkzibedilməz bir faktdır. Günəşi danmaq mümkün olmadığı kimi, bu faktı danmaq da qətiyyən mümkün deyil. Əbülfəz Elçibəy həm də onunla fərqlidir ki, o, Azərbaycanın  müxalifətdən gələn ilk prezidentidir. Bu fakt özü də Elçibəyi digər prezidentlərdən daha mühüm bir səciyyəyə yüksəltməklə, həm də Azərbaycanın necə bir demokratik dövlət olduğunun bariz mücəssəməsidir.

Elçibəy Azərbaycan üçün olduqca həlledici addımlar atmışdır – bunlar elə mühüm, elə qətiyyətli addımlar idi ki, onları unutmaq, arxivlərə ötürmək, onlardan vaz keçmək, sadəcə ağılsızlıq olardı. Gəlin, həmin əməlləri sadalayaq:

  1. Əbülfəz Elçibəy Azərbaycan dilini “Türk dili” elan etdi. Bu hadisənin nə qədər əhəmiyyətli, nə qədər vacib olduğunu dərk etmək üçün elə Elçibəy kimi səviyyəli biri olmaq lazım gəlirdi. Yəni Elçibəy bütün Türk dünyasını birliyə dəvət edirdi – onlar da bu birliyin fərqinə varmalı, 29 ayrı-ayrı dövlət və ölkə olan türkləri birləşməyəçağırırdı.

Əgər TÜRK dünyası birləşsəydi, yəni Elçibəyin ideyası baş tutsaydı, onda TÜRKLƏRİN qarşısına çı-xa biləcək ikinci bir qüvvəni dünya tanımazdı – bütün dünyada türklərin hegemon ola biləcəyi bir zaman gələrdi – bu, bizim ermənilərlə olan problemimizi də dərhal və qeyd-şərtsiz həll edərdi! Amma başqa türklər, təəssüflər olsun ki, buna ya getmədilər, ya da Elçibəydəki qeyri-adiliyi dərk edə bilmədilər. Bu, sonralar da və hətta indi də belə-üstüörtülü olaraq qaldı.Türklər uduzdu! İndi Türk dünyasının yaxınlaşmasından söhbət gedir – birləşmə fikri daha yoxdur və səslənmir!

  1. Elçibəy Azərbaycanı MDB-yə qoymadı. Bu, olduqca riskli, riskli olduğu qədər də əhəmiyyətli bir qərar idi. Əbülfəz Elçibəy Rusiyaya meydan oxuyurdu. Bununla ruslara mesaj verirdi. Bugün digər ölkələr bizim bütün faciələrimizdə RUSİYANIN adını hallandırsa da, nədənsə, özümüz bunu etiraf etmək kimi bir cəsarətə hələ də sahiblənməmişik. Elçibəy ruslara seçim şansını sunurdu. Lakin əlbəttə, ruslar dini ayrı-seçkiliyi üstün tutaraq həmişə dildə bizi, həqiqətdə isə erməniləri müdafiə etməyi qarşılarına bir məqsəd kimi qoyurdular. Məhz MDB-yə getməməsi Elçibəyi bir-birinin ardınca məğlubiyyətə düçar etdi. Sürətlə irəliləyən Azərbaycan ordusu rusların köməkliyi sayəsində itkilər verərək qan bahasına-can bahasına aldığı məntəqələri əldən çıxardı – bunu qəbul etmək olduqca ağır idi!
  2. Azərbaycanda ali məktəblərə qəbul imtahanlarını test yolu ilə keçirmək ideyasını da məhz Elçibəy irəli sürdü. Bu üsul neçə-neçə gəncin ali məktəblərə qəbul olunmasını təmin etdi! Neçə ailənin xoşbəxt olmasına şərait yaratdı. Onu qeyd edim ki, həmin vaxtlar bu üsul neçə-neçə gəncin özünəinam hissini artırmış, dövlətə və dövlətin humanizminə hörmət və sədaqət duyğularını bərqərar etmişdi. Beləliklə, dövlətin nüfuzu güclənir, xalqla dövlətin birliyinə heç kimdə şübhə oyanmırdı.
  3. Əbülfəz Elçibəy digər dövlətlərə gedərkən Azərbaycan dilində danışır, bu dilin zənginliyi-ni, qədimliyini, harmoniyasını, bir sözlə, bütün gözəlliklərini səsləndirərək bu dilin dünya dilləri içərisində öz mövqeyinin olması faktını dilə gətirirdi. Bu, çox mühüm bir məsələ idi! Yəni əslində, tərcüməçilər məhz ondan ötrüdürlər ki, dövlət başçılarının nitqlərini öz dillərinə çevirsinlər. Xarici ölkələrdə bu dilin hər dəfə dilləndirilməsi bir dilçi kimi istər Elçibəydə, istərsə də vətənini sevən hər bir azərbaycanlıda böyük qürur və fərəh hisslərinin yaranmasına səbəb olurdu. Bundan gözəl nə ola bilərdi ki?!
  4. Əbülfəz Elçibəy uzun illər müəllim işləmişdi, əziz müəllimlərinin necə bir şəraitdə – çətinliklər içərisində yaşamalarından yaxşı xəbərdar idi – ona görə də o, müəllimlər üçün mühüm üstünlüklərin verilməsini həyata keçirərək onların rifahını ciddi şəkildə dəyişdirməyə müvəffəq olmuşdu! Mən müəllim olduğumdan o vaxtları yadıma salaraq qeyd etmək istəyirəm ki, maaş alarkən çantam pulla dolu evə gəlirdim. Çox gözəl xatırlayıram ki, aldığımız təkcə bir ayın maaşı ilə həm bir neçə qoyun almışdıq, həm də düz növbəti maaşa qədər həmin pulu xərcləmişdik. Amma inflyasiya elə sürətlə artdı ki, sonralar digər üstünlüklərdən yararlana bilmədik. Bir qədər  keçdikdən isə həmin üstünlüklər yavaş-yavaş unudulmağa başladı. Yenə də müəllimləri ən çox düşünən bir prezident kimi Əbülfəz Elçibəy xalqımızın tarixinə əbədən daxil olmağı bacardı.
  5. Çoxları elə zənn edir ki, Əbülfəz Elçibəy 1993-cü il hadisələrindən aciz qalaraq Heydər Əliyevi dəvət etmişdi – amma nə böyük bir yanlışlıq! Sadəcə, Əbülfəz Elçibəy təvazökar biri idi, müdrik biri idi, qan tökmək fikrindən çox-çox uzaq biri idi. Bununla belə, o qədər uzaqgörən biri idi ki, Heydər Əliyevin daha təcrübəli, ondan qat-qat üstün bir siyasət adamı olduğunu fəhm edirdi. Rusca da pis bilmirdi. Vaxtilə OSTANKİNO-da POLE-ÇUDES verilişində super iqra-da Leonid Yakuboviç belə bir sual qoymuşdu: Dünyanın ən ağıllı siyasətçisi kimdir? Cavabı “Heydər Əliyev” olmuş və o sualın düzgün cavabını verən oyunçu Moskvanın mərkəzində ikiotaqlı mənzilə yiyələnmişdi. Hələ onda Əbülfəz Elçibəy dahi liderimizlə fəxr edərək qürrələnmişdi. O, həmçinin Heydər Əliyevin vaxtilə bir kəşfiyyatçı kimi Vətəninə çox böyük xidmətlər göstərdiyini də bilirdi. Diplomatiya elmində əvəzsiz biri olduğundan da xəbərdar idi. Məhz ona görə də özü bilərəkdən ən hörmətli şəxsləri yanına çağıraraq onları Heydər Əliyevin yaşadığı Naxçıvana göndərdi. Bəziləri bunu başa düşmək iqtidarında deyildi. Əbülfəz Elçibəy bu vətən üçün öz prezidentlik vəzifəsini belə itirməyə hazır olan fədakar biri idi! “Ostankino” kanalında belə bir veriliş gedirdi – “Moment istinı” – həmin verilişdə məşhur aparıcı dahi şəxsiyyətimiz olan Heydər Əliyevlə “Həqiqət anı” verilişinin formatına uyğun olaraq intervyu aparırdı. Gözlənilmədən belə bir sual  gəldi: Əgər Əbülfəz Elçibəy Kələkidən qayıtsa, nə baş verəcək? Heydər Əliyev yalnız özünə xas olan bir gülümsəmə ilə “Gəlirsə, prezidentdir, öz vəzifəsini – prezidentliyini icra edəcəkdir, amma gəlmir. Gəlmək kimi bir fikri də yoxdur” -, deyə cavab vermişdi. Belə bir fədakarlığı yalnız və yalnız Əbülfəz Elçibəy – qanı və canı olan Azərbaycan üçün edə bilərdi!!
  6. Əbülfəz Elçibəy demokratik bir prezident kimi Milli Məclisin bütün iclaslarının canlı olaraq televiziya ilə translyasiya edilməsinə göstəriş vermişdi. Bu, çox vacib bir qərar idi. Xalq birbaşa Azərbaycanda nələrin baş verdiyinin canlı şahidinə çevrilirdi! Prezidentin hansı addımlar atdğının canlı olaraq izlənilməsi, sanki hər bir kəsi bu qərarların düzgünlüyünə bir daha inandırmaq gücünün ifadəçisi idi. Belə bir yolu yalnız və yalnız həyatı boyu heç bir səhv etməyən biri seçə bilərdi! Xalq güzgü kimi hər bir dövlət adamının hansı işlər gördüyünü – ən əsası isə bu işlərin necə görüldüyünü seyr edə bilirdi! Bunu isə etmək qüdrəti yalnız və yalnız Elçibəy kimi birinə aid ola bilərdi!
  7. Əbülfəz Elçibəy kiril əlifbasını dəyişdirərək onu latın qrafikası ilə əvəz etmək kimi bir cəsarətə imza atdı. Bunu etmək o dövr üçün misilsiz bir hünər idi! Elçibəy gözəl bir dilçi idi və bilirdi ki, Azərbaycanın yazı tarixi rus yazı tarixindən qat-qat qədim köklərə malikdir. Tədqiqatlarla yaxından tanış olan Əbülfəz Elçibəy aşkarlanan bir həqiqəti görməyə bilməzdi – Orxon-Yenisey abidələrinin sonrakı inkişafı onu deməyə imkan verirdi ki, latın qrafikası məhz həmin abidələrin aid olduğu yazı imiş. Beləliklə, ilk müxalifət prezidenti – Xalq Cəbhəsinin sədri bu xalqın əlifbasını onun özünə qaytardı. Bununla əsl qəhrəmanlıq göstərdi, şücaət göstərdi. Elçibəy türklərin çox-çox qədim tarixə malik olduğu faktını hələ cavanlığında tarix elmi ilə yaxından bağlananda, tarixə aid araşdırmalar aparanda, tarixə aid oxuduğu bütün materialları beynində yerbəyer edəndə tam və qəti şəkildə özü üçün müəyyənləşdirmişdi. Onu da qeyd edək ki, bu qeyri-adi şəxsiyyətin başqa elədikləri olmasaydı belə, yalnız latın qrafikasına keçməyi onu Azərbaycanın tarixində əbədi yaşatmağa kifayət edərdi. Bu əməli ilə Elçibəy azəri türklərinin yazısını onların özünə qaytardı. Bundan böyük bir əməl, bundan böyük bir rəşadət ola bilərmi?!
  8. İndi “Əsrin müqaviləsi” deyilən iqtisadi inqilabın əsasını da məhz Əbülfəz Elçibəy qoymuşdu. Bu fakt o dövrdə yaşayan bütün qədirbilən insanların xatirindədir! İlk neft  kontraktlarını Qərb və Amerika ilə məhz bu parlaq şəxsiyyət imzalamışdı! Bu fikir heç vaxt unudulmayacaq! Yəni o dövrü xarakterizə edən hər bir kəs bunun fərqinə varmalıdır. Nə vaxtsa, zaman hər bir faktı öz yerinə qoymağı öyrənəcəkdir.
  9. Əbülfəz Elçibəy şərqşünaslıq fakültəsini bitirməsinə baxmayaraq, hərtərəfli bir şəxsiyyət kimi yetişmişdi. Bunda bəzi mühüm faktların danılmaz rolu olmuşdu. Həmin faktları sadalamaq dediklərimizi sübut edəcəkdir. a) Tarixi araşdırmalar çox maraqlı bir həqiqəti üzə çıxarmağa səbəb olmuşdur. Əbülfəz Elçibəyin şəcərə kökü yalnız müqəddəslərdən – seyid və mirlərdən ibarətdir. Ulu əcdadı Şah İsmayıl sələflərindən biri olan Şeyx Sədrəddin Musanın uluqlarındandır. b) Ömrüboyu kitablarla dostluq etmiş, mühüm elmlərin hamısı ilə dərindən maraqlanmışdır. c) Ali təhsilini o dövrün ən qüdrətli təhsil ocağında –ADU-da  almışdır. Həmin dövrdə digər ali məktəblər institut adlansalar da, ADU yeganə ali təhsil müəssisəsi idi ki, universitet kimi şöhrətli bir nam daşıyırdı. Yəni universal – hərtərəfli şəxsiyyətlər yetişdirirdi, əgər orada təhsil alan məhz Elçibəy kimi biri olurdusa, onda daha fövqəl mükəmməllik meydana çıxırdı. d) Müəllim vəzifəsində işləyərkən elə tələbələrə dərs keçirdi ki, daim öz üzərində kamillik yaratmağa çalışırdı, çünki tələbələr hər an elə suallar verirdilər ki, o sualları cavablandırmaq üçün mütləq hansısa məlumatlara sahiblənmək lazım gəlirdi. Mütaliəsiz bu, qətiyyən mümkün  olmazdı. e) Daim mətbuatı izləyir, xarici xəbərləri – siyasəti heç gözdən qaçırmırdı. Bu, artıq bir tələbata çevrilmişdi. Siyasət onun həyatında xüsusi bir məqama öz möhrünü vurmuşdu. Fikirləşirdi ki, həyatda istənilən gözəl dönüşləri yaratmaq üçün prezident olmaq, sonra isə həmin dönüşləri həyata keçirmək lazımdır.

Əzmkar, qətiyyətli, mübarizlik, daim irəliyə – amalına doğru addımlamaq, heç vaxt bezməmək, yorulmamaq onun əsas prinsipləri  idi! Dostlarına bağlılığı, ailəsini, nəslini, xalqını sevməyi-daim onların rifahını yüksəltmək istəyi onu öz yoluna daha çox istiqamətləndirirdi. Onu dönməz edirdi! Əgər kimsə fikirləşirsə ki, o, axıradək getməyi bacarmadı, deməli, o adam Elçibəyi heç tanımır. Sadəcə olaraq o, meydanı – siyasət meydanını iki intellektual səviyyəli şəxsiyyətin dava meydanına çevrilməsinə dözə bilməzdi. Hansısa dinməzcə geri çəkilməli idi. Bu isə yalnız və yalnız Elçibəy olmalı idi. O, bütün istədiklərini həyata keçirməyə nail olmuşdu – bugün belə bütün gözəl dönüşlərin yalnız bir adı var – ELÇİBƏY!!!

 Hacıyeva Şərəbanı Zabit qızı

ADU-nun 1977-ci il məzunu, Göyçay şəhəri

(Əbülfəz Elçibəyin 80 illik yubileyinə həsr olunmuş yazı müsabiqəsinə təqdim edilir)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button