BÜTÜN SAHƏLƏRDƏ TARANA GETMƏLİYİK!

1990-cı ildə mülki gəmilərimiz sovet hərbi donanmasının hərbi gəmilərinə qalib gəldi – bu cür hadisə dünyanın heç bir yerində, heç bir zaman qeydə alınmayıb!!!

Kərəm Məmmədovun «Mən tarana gedirəm!» kitabının təqdimatı hadisəyə çevrildi. Ölkə mətbuatının və telekanalların mövzuya göstərdiyi münasibət «Xural»ın toxunduğu və gündəmə çıxardığı bu məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha gözlər önünə sərdi. 20 Yanvar 1990-cı ildə «Xəzərdənizneftdonanma»ya aid olan gəmilərimizin və onların kapitanlarının göstərdiyi qəhrəmanlıqlar haqqında ölkə ictimaiyyəti yeni məlumatlar aldı və RATİ-nin mətbuat konfransı salonunda o günlərin şahidləri, gəmi kapitanları, siyasətçilər, qələm əhli danışdı. Bu toplantı həm də unikallığı ilə ona görə yadda qaldı ki, millətmin böyük dərdlərindən bəhs edən natiqlər həm özləri göz yaşlarını tuta bilmədilər, həm də dinləyənləri ağlatdılar. Kərəm Məmmədovun, bu abidə insanın yazdığı kitab və SSRİ-nin iri çinli generallarına dediyi «Mən tarana gedirəm!» nidası kişiləri də kövrətdi.
Kitabın və aparılan müzakirənin daşıdığı əhəmiyyəti nəzərə alaraq «Xural»ın keçirdiyi dəyirmi masanı Oxucuların diqqətinə təqdim edirik…

Əvvəli ötən sayımızda

Fövqəladə vəziyyətə son qoyulsun!

Müzəffər Əliyev
Hadisələr zamanı «Babazadə» gəmisinin kapitanı:

– Kərəm Məmmədovun «Mən tarana gedirəm» kitabında yazılanların hamısı ən xırda detallarına qədər həqiqətdir. Biz sovet ordusunun millətimizə qarşı bu cür qırğınlar törədəcəyinə inanmırdıq. O vaxt bu hadisələri Azərbaycan Respublikasının Ali Sovetinə çatdırmaq üçün 7 nəfər gəmi kapitanı – «Babazadə» gəmisi, «Sabit Orucov» sərnişin gəmisinin kapitanı Mövlud Əliyev, «Şirvan» kran-gəmisinin kapitanı Ağalar İbrahimov, «VLKSM» gəmisinin kapitanı Kərəm Məmmədov, «Vixr-12»-«Təbriz Xəlilbəyli» gəmisinin kapitanı mərhum İbrahim Salayev, kapitan Yuri Radçenko və Rafiq Əfəndiyev ora getdik. Bu məsələ ilə bağlı keçirilən iclasda qərara alındı ki, Elmira Qafarova ilə görüşək. Görüşdük. Deputat Tofiq İsmayılov, bəstəkar Arif Məlikov, Zeynəb adlı bir deputat xanım da orada idi – Zeynəb Xanlarova deyildi. Biz orada çox söhbət aparandan sonra tələbimizi yazılı şəkildə verdik. Bildirdik ki, sovet ordusu dərhal Azərbaycandan çıxarılmalıdır – o vaxt şəhərdə tanklar gəzirdi, fövqəladə vəziyyət elan olunmuşdu, ümumi bir gərginlik var idi. Hər gün kiminsə öldürüldüyü haqda xəbərlər çatırdı. Evlərə atəşlər açılırdı, küçəyə hava qaralandan sonra çıxmaq qeyri-mümkün idi. Tanklar insanları, maşınları öz təkərləri altına alıb darmadağın edirdilər. Ona görə də biz bu özbaşınalığın qarşısının alınması üçün tələblərimizi yazılı şəkildə Elmira Qafarovaya təqdim etdik. Təəssüf ki, o da idarənin onların əlində olmadığını və rus ordusu ilə bacarmadıqlarını söylədi. Onun sözlərinə görə qırğını törədən SSRİ hökuməti, SSRİ Müdafiə Nazirliyi idi. Sonra mən və Arif Məlikov SSRİ-nin müdafiə naziri, marşal Dmitriy Yazovun yanında olduq. Bu heyətdə Allahşükür Paşazadə, Ziya Bünyadov da var idi. Bir nəfər rus və Lyaşenko da orada idilər. Uzun müzakirədən sonra tələb etdik ki, qoşunlar çıxarılmalı, mülki və silahsız insanlara ziyan dəyməməli, gəmilər atəşə tutulmamalıdır. Söhbətin sonunda getməyə hazırlaşanda o mənə «Tovariş kapitan, vı ostantes» dedi və mən qaldım. Yazovla 10 dəqiqə ayrı söhbətimiz oldu. O mənə dedi:

– Tovariş kapitan, bastuem?

– Net, mı ne bastuem, a protestuem, za vaşe dela… – bunu üzünə dedim. Susdu, bir söz demədi. Amma danışıq vaxtı mən soruşanda ki, nə üçün belə oldu, niyə bura gəlmisiniz? Dedi ki, biz rusları qorumağa gəlmişik. Dedim, bəyəm burada rusları qırırdılar ki, onları qorumağa gəlmişdiniz? Dənizdə bizimlə bir yerdə olan rus dənizçilərinin sayı 30-40 nəfərdən çoxdur. Əgər biz onları qırırıqsa, onlar nə cür bizimlə bir yerdə işləyirlər? Şəhərə baxın, yarısı rusdur. Bu hadisələrə qədər həqiqətən də Azərbaycanda rusların sayı çox idi.

Əvəz Zeynallı:

– Səhv etmirəmsə, gəmilərdə «SOS» siqnalını verən radist də rus qadını idi…

79 yaşım var, müharibə olarsa, hazıram…

Müzəffər Əliyev:

– Bəli…. Bəli… Rus radistinə mətni verdik, o da bütün dünyaya «SOS» siqnalı verdi ki, Bakıda sovet ordusu qırğın törədib. Bunu bizim gəmilər etmişdi. Yazovun yanından çıxandan sonra biz Lyaşenko ilə admiral Sidorovun yanına getdik. Kapitanların hamısı orada idi, idarədən də bir neçə nəfər – partkom, mestkom gəlmişdilər. Sidorov özündən razı və kobud adam idi. Rusca «ana» söyüşləri söyürdü. Biz də ona etiraz edib, admiral olduğunu xatırladırdıq. Axşam saatlarında onunla söhbətimiz qurtarandan sonra evlərimizə qayıtdıq. Baxmayaraq ki, ermənilər Qarabağda yerli azərbaycanlıların evlərini yandırırdılar, insanları qırırdılar, biz Azərbaycanda yaşayan erməniləri dörd sərnişin gəmisi – «Babazadə», «Karqunov», «Sabit Orucov», «Volqoqrad» gəmiləri vasitəsilə – bu gəmilərin sərnişin tutumu, hərəsində 600 nəfər idi – iki reys olmaqla Türkmənistanın Krasnovodsk limanına – Türkmənbaşı limanına apardıq. Təxminən 4800 ermənini sağ-salamat ora aparıb çatdırdıq. Ancaq bunlar bizim milləti sorğu-sualsız qırdılar və bu gün də Qarabağ onların nəzarətindədir. Bizim bir milyona qədər qaçqınımız olduğu halda, torpaqlarımızın geri qaytarılması ümidi ilə yaşayırıq. Sözlər, vədlər verilsə də, hələ də Qarabağ ermənilərin işğalı altındadır, bu bizi acıdır, bizə daxili əzab verir. Mən əminəm ki, möhtərəm prezidentimiz İlham Əlyiev hərbi yolla torpaqlarımızın qaytarılması üçün Ali Baş Komandan kimi əmrini verəcək. Mənim 79 yaşım var, müharibə olarsa, bacardığım qədər mən də vuruşan insanların yanında olub, onlara kömək etməyə hazıram.

«Həlak olmuş insanların meyitlərini dənizə çıxarıb aparmaq istəyirlər…»

Rövşən Dəmirov
Hadisələr zamanı «Neft Qaz-64» gəmisinin kapitanı:

– Mən də 20 Yanvar hadisələrində birbaşa iştirak etmişəm. Kitabın sərlövhəsində olduğu kimi tarana gedənlərdən biri də mən olmuşam. Həmin vaxt bizə xəbər gəldi ki, iki rus gəmisi Bakı qırğınlarında həlak olmuş insanların meyitlərini dənizə çıxarıb aparmaq istəyirlər. Gecə vaxtı idi, bunların qarşısını almaq , işıqları, projektorları yandırıb gəmiləri saxlatdırmaq istədik. Siqnal verdik, saxlamadılar. Göstəriş verdim ki, həmin gəmiləri batırmalıyıq. Biz gəmini arxadan vurduq, amma gəmi batmadı da, dayanmadı da… Bu zaman iki torpedo, silah-sursat daşıyan gəmi arxadan gəlirmiş və biz onu görmürdük. O, bizi vurub batırmalı imiş. Yarım saat gülləbaran etdilər. Gördük ki, bizdən əl çəkmirlər. Bizim də sursatımız olmadığından onlara cavab verə bilmədik. Bu zaman xəbər gəldi ki, onların hərbi gəmisini vurublar. Kərəm Məmmədov o vaxt özünə «Səfər bəy» ləqəbini götürmüşdü, dedi ki, gəmini mən vurmuşam. Amma həqiqətdə biz vurmuşduq. Onu da bilirdim ki, əgər bunu efirdən desək, dərhal bizi nəzarətə götürəcəklər. İstəmirdim ki, onların diqqətinə gələk və bizi aradan götürsünlər. Sonra məcbur olduq işıqları yandıraq görək, torpedo dəyib, ya yox. Əgər gəmiyə torpedo dəysəydi, batmalıydı. Torpedo iki halda – biri gəmini batırmaq, digəri isə partlatmaq üçün istifadə oluna bilir. Əgər torpedonun gəmini partlatmaq üçün başlığı olsaydı, gəmi mütləq partlamalı idi. İşıqları yandırandan sonra ani bir zamanda gülləbaran kəsildi. Onlar bizdən dərhal aralandılar və dənizə tərəf üzməyə başladılar. Biz də qayıtdıq. Bizim gəmi haqqında o vaxt kinostudiyada sənədli film hazırlanmışdı. Operator Elxan bəy gəmini çəkmişdi. Güllə yerlərini də nömrələmişdi. Mindən artıq güllə yeri nömrələnmişdi. Gəminin saatına güllə dəymişdi və səkkizin yarısını göstərən əqrəblər o cür də dayanmışdı. Biz gəmini Dənizvağzalında saxladıq. Üç gün həmin hadisələrdə iştirak elədik. Hər halda bizim iştirakımızın böyük təsiri olmuşdu. Baxmayaraq ki, əllərində silahlar vardı, əsgərlər də özlərini narahat hiss edirdilər. Gəmilərdən çıxan fit səsləri ilə onlara psixoloji təsir göstərə bilmişdik. Bizim o günlər göstərdiyimiz psixoloji təsir öz nəticəsini vermişdi. Silahsız olsaq da, onları çəkindirməyə müvəffəq olmuşduq. Mülki gəmilərin hərbi donanmaya qarşı bu cür təzyiq göstərməsi dünyanın heç bir yerində qeydə alınmamış bir hadisə idi. Ola bilsin, bu haqda heç bir yerdə qeyd aparılmayıb, amma bu bir tarixdir və ictimaiyyətin bu hadisə haqqında ətraflı məlumat alması üçün də görünür, 20 il vaxt lazım gəlib. Kərəm Məmmədovun bu gün təqdimatına toplaşdığımız «Mən tarana gedirəm» kitabı o günlərin daha aydın işıqlandırılması üçün gözəl bir vasitədir. Bu, ola bilsin bir başlanğıcdır və gələcəkdə tarixçi alimlərimiz bunu daha aydın araşdıracaq və öz qiymətlərini verəcəklər.

Mülkilər həbrçilərə qalib gəldilər…

Faiq Balabəyli
Hadisələrin iştirakçısı, «Millətin Səsi» qəzetinin baş redaktoru:

– Rövşən müəllimin dediklərinə əlavə etmək istəyirəm ki, illərlə hərbi təlim görmüş sovet donanması və ordusu heç bir vaxt gözləməzdi ki, hərbi təlim görməmiş mülki gəmilər ən kritik situasiyada necə manevrlər edə bilərmişlər. Burada söylənilənlərdən həmin hadisələrdə xüsusi xidmətləri olan gəmi kapitanlarının, adi dənizçilərin, vətəndaşlarımızın adları çəkildi. Onlar vaxtında və zamanında Azərbaycana nə cür xidmət göstərdiklərini bir daha nümayiş etdirdilər. Onlar bu rolu çox gözə ifa etdilər. Bütün bunlar da onların vətənpərvərlik hisslərindən irəli gəlirdi. Məsələn, Mövlud Əliyev «Sabit Orucov»da yaradılan qərargahda bütün danışıqların əksər hissəsini aparırdı. Allah rəhmət eləsin, Murad dayı və digər kapitanlar da danışıqlara çıxırdılar. Məsələn, onların danışıqları, defektsiz diksiyaları, bir neçə dili mükəmməl bilmələri danışıqlar zamanı çox xeyrimizə oldu. Dənizçilərimiz hərbi taktika dərsini alsalar da, o qədər onlara bu sahədə imkanlar yaradılmırdı, ancaq bununla belə onlar sübut etdilər ki, hərbi taktikanı hərbçilərdən daha yaxşı bilirlər. Ruslar dəhşətli təəccüb içində idilər ki, bunlar nə vaxt bu təlimləri keçiblər? Gəmiçilərimiz az qala döyüşə girmişdilər və bu döyüşü əliyalın olsalar da, hərbçilərdən daha üstün aparırdılar.

İnsanlar siqnal səsləri ilə yaşayırdılar…

Əhməd Oruc
«Azadlıq» Partiyasının sədri:

– O günlər göstərdikləri qəhrəmanlıqlara görə, bütün gəmi kapitanlarımıza öz dərin təşəkkürümü bildirirəm. Onların qəhrəmanlıq şücaəti haqda biz də şahid qismində çox şeyləri öyrənməyə çalışırdıq. Dörd gün ərzində susmayan həyəcan siqnalının demək olar ki, təsir etmədiyi insan yox idi. Gəminin güllələnməsi, gəmi kapitanlarına, dənizçilərə qarşı aparılan repressiyalar bir vətəndaş kimi hər bir kəsin ürəyini göynədirdi. Bayaq da qeyd olunduğu kimi, nə üçünsə o günlər heç bir zaman ətraflı və lazımi miqyasda işıqlandırılmadı. 20 Yanvar bütövlükdə Azərbaycanı dövlət edən çox az tarixi məqamlardan biri hesab oluna bilər. Millət öz torpaqları, öz haqları uğrunda qəhrəmanlıqlar göstərə bilirsə, ölümdən çəkinməyərək, son ana qədər vuruşa bilirsə, burada artıq söhbət bir millətin özünütanımasından və haqlarının qorunmasından gedə bilər. Bayaq gözəl qeyd etdilər ki, mülki gəmilərin hərbi gəmilərə hücum etməsi tarixdə çox nadir hadisə hesab oluna bilər. Yəni belə bir hadisə yoxdur ki, silahlı, sursatlı hərbi gəmilərə qarşı mülki gəmilər təzyiq göstərib onların planlarını pozsunlar. Burada mən inanıram ki, gəmi kapitanlarımıza, dənizçilərimizə güc, qüvvət verən mili hissiyyatları olub. Çünki burada söhbət günahsız qanları tökülmüş insanların meyitlərinin dənizə tökülməsi üçün hazırlanmış hərbi əməliyyatın qarşısının alınmasından gedir. Təbii ki, daxilən mili dəyərlərə malik olan hər bir vətəndaşımız buna imkan verə bilməzdi və dənizçilərimiz də Vətənə olan borclarını çox böyük ləyaqətlə həyata keçirdilər. Burada həm də həmin qanlı günlərdə rusların və ermənilərin Bakıdan çıxarılmasında dənizçilərimizin xüsusi xidmətləri olduğu qeyd olundu. Yaxşı yadımdadır ki, həmin günlərdə millətimizi məhz bu yolla təxribata çəkir, əvvəldən hazırlanmış cinayətkar qruplar millətimizin adından istifadə edərək ruslara və ermənilərə qarşı təxribatlar törədirdilər. Mən əminəm ki, bizim millət heç bir halda bir insana qarşı vəhşilik göstərə bilməzdi. Bu baxımdan, dənizçilərimizin bu xidməti də təqdirəlayiqdir. Onu da xatırlayıram ki, AXC-nin Nərimanov rayon şöbəsində – Montində xüsusi yer ayırmışdıq – bütün ermənilər toplaşırdılar. Biz də yanvarın 21-də Bakıda yaşayan ruslara müraciət etmişdik ki, əgər onlar həyatları üçün təhlükə hiss edirlərsə müəyyən nömrələr vardı ki, onlara zəng etsinlər. Bizim bu müraciətimiz «Bakinskiy raboçiy» qəzetində də dərc edilmişdi. Bakının hər yerindən erməniləri və rusları Nərimanov rayon şöbəsinə yığırdıq, oradan da Nərimanov polisinin iştirakı ilə avtobuslarla dəniz limanına və Türkmənistana aparırdılar. Yəni bunun özü süni yaradılmış qırğının miqyasını aşağı salmaq üçün çox əhəmiyyətli işlər idi. Mən burada Salyan kazarmasında olan hərbçilərimizin şücaətini xatırlatmaq istəyirəm. Onlar günlərlə azğın rus hərbçiləri ilə atışmada oldular. Bütün Bakı o atəş səslərini və gəmilərin həyəcan siqnalını dinləyirdi. Sanki insanlar bu səslərlə yaşayırdılar. Sonra hadisələr olduğu kimi açıqlandı, Salyan kazarmasında olan kursantlarımızın qəhrəmanlıqları haqda çox şeyləri öyrənə bildik. Bu, bir millətin tarixidir. Rus «qardaş»lığının türklərə qarşı, Azərbaycanın döyünən ürəyi olan Bakıya qarşı repressiv və işğalçı siyasətinin aparılmasının bir hissəsi idi. Bu tarix tək yanvar gələndə yox, hər zaman təbliğ olunmalıdır. Orta məktəblərdə, universitet auditoriyalarnda təbliğ olunmalıdır. Millətin övladları atalarının qəhrəmanlıqları haqda dolğun məlumat almalıdırlar. Əgər bu tarix təbliğ olunmazsa, millətin özünümüdafiə instinkti də zəifləyəcək. O zaman biz nə Qarabağ uğrunda, nə də yüksək amallar uğrunda mübarizə apara bilməyəcəyik. Bəli, övladlarımıza o təbliğ olunmalıdır ki, rusun hərbi gəmilərinin qarşısına bizim mülki gəmilərimiz çıxa bilər və biz istədiyimizə nail olub bu vuruşu qazana bilərik. Bu gün o qazancımız Azərbaycanın müstəqil olmasıdır. Əgər o hadisələr olmasaydı, yəqin ki, bu qədər asanlıqla Azərbaycan müstəqilliyini əldə edə bilməzdi. Ruslar da görünür yaxşı dərk etdilər ki, milli qürurla oynamaq olmaz. İnsanlar ən son anda belə tarana getməyə hazırdırlarsa, artıq onları əvvəlkitək idarə etmək olmaz. Bu gün biz çox işlər görməliyik. Öz haqlarımız, torpaqlarımız uğrunda mübarizə aparmalıyıq. Heç nədən çəkinməməliyik. Əgər millətimizin və dövlətimizin yaşamasını istəyiriksə, lazım gələrsə bütün sahələrdə tarana getməliyik. Belə bir məsəl də var ki, əgər insan bir şeyi qoruya, müdafiə edə bilmirsə, bir şeyi ki, istənilən an onun əlindən almaq mümkündür, deməli, o şey onun deyil. 21 il əvvəl mübariz ruhu olan bir millətə bu ruhu yenidən qaytarmaq lazımdır, yoxsa Qarabağ uğrunda aparılan mübarizə məğlubiyyətə gətirib çıxara bilər. Təəssüflər olsun ki, üç avropalının danışıqlar yolu ilə torpaqlarımızın qaytarılacağı haqda söylədikləri cəfəngiyyatlara illərlə qulaq asırıq, onların fəaliyyətlərini adi seyirçi kimi izləyirik. Bu gün ölkənin sosial vəziyyətinin günbəgün ağırlaşması, korrupsiyanın baş alıb getməsi, ölkədə hərc-mərcliyin yaranması insanlarda milli ruhu öldürüb. Ona görə də geni və qanı təmiz olan insanlarımıza bundan sonra da uğurlar arzulayıram və inanıram ki, türk qanını daşıyan hər bir insan vaxtı çatanda yenidən öz ruhunu göstərəcək. Bu vulkan bir gün püskürəcək!..

Kitab gəncləri düz yola səsləyir…

Əli Orucov
AMİP-in sədr müavini:

– Bu gün Azərbaycanda kitab yazanlar çoxdur. Amma çox təəssüflər olsun ki, millətin tarixini, psixologiyasını, şüurunu, onun daxilini əks etdirən kitablar çox az yazılır. Hesab edirəm ki, «Mən tarana gedirəm» kitabı bu boşluğu doldura biləcək kitablardan sayıla bilər. Bu faciənin üzərindən uzun illər keçməsinə baxmayaraq, hələ də qaranlıq məqamlar, bizim öyrənə biləcəyimiz məqamlar çoxdur. Bu baxımdan, hesab edirəm ki, kitab hər bir gəncin, Vətənini, xalqını, dövlətini sevən hər bir insanın stolüstü kitabı olmalıdır. Baxmayaraq ki, bu kitabın həcmi azdır, amma düşünürəm ki, onun tutumu, özündə ehtiva elədiyi tarixi həqiqətlər və mübarizlik ruhu daha böyük və daha genişdir. Mən Kərəm Məmmədovu çox yaxından tanıyıram və hesab edirəm ki, onun fəaliyyəti nəinki 20 Yanvar facəsi dövründə özünü göstərib. Onu tanımaq kifayətdir ki, yaşadığı ömrə nəzər salınsın. O, bütün ömrünü, həyatını bu millətin uğrunda fəda etməyə hazır olan bir insandır. Bu da bir həqiqətdir ki, Kərəm müəllimlə biz əqidə yoldaşıyıq və mən hər zaman onunla fəxr etmiş, qürur duymuşam. Məni qürurlandıran hadisə bu gün baş verdi ki, Kərəm müəllim bu gün o qanlı yanvar günlərinə qayıtmaqla tariximizə bir daha aydınlıq gətirməyə müvəffəq oldu. 20 Yanvar hadisələrinin şahidi olan insanlar o həqiqətləri az-çox bilirlər. O hadisələri həyatında yaşamayan, o prosesi yalnız danışılanlardan hiss edən, bunun təsiri altında əsl həqiqətləri gizlətməyə, təhrif etməyə müvəffəq olan insanların söylədiklərindən heç də yaxşı olmayan nəticə çıxaran gənclər bir qədər çaşqınlaq içinə düşə bilərlər. Belə kitabların canlı şahidlər tərəfindən nəşr etdirilməsi bu çaşqınlığın qarşısını ala bilər. Hesab edirəm ki, bu kimi kitabların nəşr etdirilməsi, işıq üzü görməsi gənc nəslin təlim-tərbiyəsində böyük rol oynayacaq. Ona görə də fürsətdən istifadə edərək həm bu kitabın müəllifi Kərəm Məmmədova, həm «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya, həm də bu kitabın işıq üzü görməsində əməyi olan hər kəsə öz dərin təşəkkürümü bildirirəm.

Bu yolda canından, qanından keçən insanların qəhrəmanlıqları unudulmayacaq…

Nigar Almanqızı
«Mərkəz» qəzetinin baş redaktoru:

– Türkiyənin TRT kanalı 20 Yanvarla bağlı sənədli film hazırlayıb və bununla bağlı mənim də münasibətimi öyrənib. Düzdür, o hadisələr zamanı mənim cəmi 15 yaşım olub, amma hesab edirəm ki, bu yaş da yeniyetməlik dövrünün ən parlaq dövrüdür və biz o dövrü müharibə ilə başladıq. Biz o dövrdə Azərbaycanın başına gətirilən oyunlar, Bakıda törədilən qırğınlar haqda o zaman informasiya blokadasına alınsaq da, çox böyük çətinliklərlə dinləməyə müvəffəq olduğumuz «Azadlıq» radiostansiyasının aparıcısı Mirzə Xəzərin səsi ilə məlumat alırdıq. Mən TRT kanalının müxbirinə müsahibə verəndən sonra o bildirdi ki, biz 20 Yanvar hadisələri ətrafında geniş araşdırma aparmışıq, amma sizə qədər heç kəs o günlərdə dənizçilərin göstərdiyi şücaətdən, qəhrəmanlıqdan danışmayıblar. Mən onlara mülki gəmilərimizin rus hərbi donanmasına qarşı apardığı mübarizədən danışdım. Bildirdim ki, 20 Yanvar qırğınlarından sonra taleyi bəlli olmayan insanların meyitləri həmin gəmilərə yığılaraq paytaxtdan dəniz vasitəsilə uzaqlaşdırılmağa çalışılırdı və bu zaman onlar gözləmədikləri halda qarşılarında mülki gəmilərimizi gördülər və mühasirəyə düşdüklərini anladılar. O hadisələrdən zaman keçdikcə, çox düyünlər açılıb – qəzetlərdə məqalələr yazılıb, ayrı-ayrılıqda kitablar nəşr etdirilib. Artıq o hadisələrdən 21 il keçir və bu müddət ərzində gənc nəslimiz də müəyyən məlumat bazasına malikdir. Mən istərdim ki, bu cür kitablar çox nəşr olunsun, o zaman tarixçilərimiz də bunlardan əyani vəsait kimi istifadə edərək bir xalqın, bir millətin azadlıq, müstəqillik tarixini daha dəqiqliyi ilə yaza biləcəklər. Düzdür, bu gün çoxları deyirlər ki, mili ruhumuzu öldürüblər, mən bununla heç cür razılaşa bilmirəm. Damarında Azərbaycan türkünün qanını daşıyan insan heç bir vaxt – nə təsir, nə də təzyiq altında əsrlər sonra da bu hadisələri unutmayacaq. Bu yolda öz canından, qanından keçən insanların qəhrəmanlıqları unudulmayacaq. Mən çox istərdim ki, tariximizi dünyəviləşdirək. Yəni «Mən tarana gedirəm» kimi tarixi kitablarımız dünyanın bir neçə dilinə tərcümə olunsun. Elə rusların özləri də bu kitabla tanış olmalıdır. Bugünkü gənc nəslin təfəkkürünə yeridilən «vəhşiliklərin» heç də bizim millətimiz tərəfindən deyil, sovet ordusu, Qorbaçovun «perestroykası» tərəfindən törədilməsini bu cür kitablar vasitəsilə sübut edə bilərik. Bunun üçün görünür, hələ də milli hissləri maddi maraqlarından üstün olan iş adamlarımızın dəstəyinə ehtiyac var. Onların köməkliyi olarsa, bu kitabı sadəcə bir neçə dilə tərcümə edib, dünyanın bir çox dövlətlərində yaymaq olar. Bu bizim həm də dövlətimizin təbliğat siyasətinə olan köməyimiz olar.

Çox təəssüf ki, güllədən dəlmə-deşik olan gəmilərin heç biri muzeyə çevrilmədi…

Həşim Həsənoğlu
«Sahil» qəzetinin baş redaktoru, yazıçı-təhqiqatçı:

– Mən müstəqilliyimiz uğranda canından keçən bütün şəhidlərimizin ruhuna rəhmət oxuyuram. Düzdür, o hadisələrdən 21 il keçir, amma çox təəssüf edirəm ki, Azərbaycan mətbuatı, müvafiq orqanlar 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi, bu hadisələrin araşdırılması istiqamətində işləri çox zəif aparır. 90-cı illərdə biz qəzetin bir çox sayını ingilis dilinə tərcümə etdirib ABŞ-da yayılmasını təmin edirdik. Biz hələ o vaxtlar, dar imkanlar çərçivəsində üzərimizə düşən vətəndaşlıq borcumuzu bacardığımız qədər həyata keçirməyə çalışdıq. Hesab edirəm ki, 20 Yanvar hadisələrində bizim dənizçilərimizin iki ən mühüm xidmətləri var. Əvvəla, onlar Bakı qırğınlarının davamının qarşısını aldılar. «Sabit Orucov» gəmisi əgər o vaxt o şücaəti göstərməsəydi, inanın ki, o qırğınlar hələ çox davam edəcəkdi. Bu gün də o dənizçilərin xidmətləri yada düşmür, onların göstərdiyi qəhrəmanlıq öz dəyərli qiymətini almayıb. Onların heç birinə bu gün fəxri ad verilməyib – halbuki bir çox adamlar var ki, onların Azərbaycana göstərdiyi xidmətdən qat-qat artığını bizim dənizçilərimiz öz həyatları hesabına göstərdilər. Çox təəssüf edirəm ki, o güllədən dəlmə-deşik olan gəmilərin heç biri muzeyə çevrilmədi. Biz bu gün də yeni prizmadan, yeni nöqteyi-nəzərdən o hadisələrə yanaşırıq. Çox təəssüflər olsun ki, bəzi idarə rəisləri var ki, onlar bu hadisələrə, onların iştirakçılarına çox loyal münasibət bəsləyirlər. Halbuki bu gün etinasız yanaşdıqları dənizçilərimiz olmasaydı, hələ bilmək olmazdı ki, Bakı qırğınlarında şəhidlərimizin sayı nə qədər olacaqdı. Bununla belə inanmaq, ümid etmək istərdim ki, Kərəm Məmmədovun «Mən tarana gedirəm» kitabının nəşrindən sonra dənizçilərimizin qəhrəmanlıqları haqqında yüksək instansiyalarda əyləşən soydaşlarımız da məlumat alacaqlar. Bəlkə kimlərinsə yadına bir daha o günlər düşəcək və dənizçilərimiz Vətənə xidmətlərinin müqabilində öz layiqli qiymətlərini alacaqlar. Bunun özü də bizim gənc nəslimizin mili-mənəvi dəyərlər üzərində tərbiyəsində çox əhəmiyyətli rol oynayacaq.

Sonu gələn sayımızda

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button