Buzovnada bir ailənin üç üzvünün qətli: prokuror keçmiş kürəkənə ömürlük həbs tələb etdi

Yayımlandı: 26 Fevral 2024 21:37

Təqsirləndirilən şəxs isə bu cinayətə aidiyyəti olmadığını deyir

Buzovnada bir ailənin 3 üzvü – 83 yaşlı Elbrus Muradov, 77 yaşlı həyat yoldaşı Şahirə Muradova və onların oğlu – 51 yaşlı Rahim Muradovun qətli ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan məhkəmə araşdırmaları yekunlaşıb.

Fevralın 26-da bu iş üzrə məhkəmə prosesində prokuror çıxış edərək, 3 nəfəri öldürməkdə, daha bir nəfərə – 25 yaşlı Elbrus Ağalarova isə xəsarət yetirməkdə ittiham olunan Nofəl Səfərova ömürlük həbs cəzası verilməsini istəyib.

Mərhum Muradovlar bu cinayəti törətməkdə təqsirləndirilən Nofəl Səfərovun keçmiş həyat yoldaşının nənəsi, babası və dayısıdır. Hadisə zamanı xəsarət alan Elbrus Ağalarov isə onun keçmiş qaynıdır.

Cinayət işinin materiallarına görə, əvvəl həyətdə Elbrus Muradov qətlə yetirilib. Daha sonra evin içində Şahirə Muradova və onun xəstə övladı Rahim Muradov bıçaqlanıb. Xəstəxanaya aparılsalar da, onların həyatını xilas etmək mümkün olmayıb. Cinayəti törədən şəxsin hadisəni törədəndən sonra evdən çıxıb gedəndə həyətdə Elbrus Ağalarovu da bıçaqladığı bildirilir.

Təqsirləndirilən Nofəl Səfərova qarşı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və başqa maddələrilə ittiham irəli sürülüb. İddia olunur ki, o, həyat yoldaşından boşanmasına görə onun yaxınlarını günahkar sayıb, onlardan qisas almaq istəyib.

Lakin Nofəl Səfərov özünü təqsirli bilmir. O, məhkəmədə bildirib ki, bu cinayətə aidiyyəti yoxdur. Onun sözlərinə görə, polis idarəsində dözülməz işgəncələr vasitəsilə bu cinayəti üzərinə qoyublar, istintaqdakı etiraf ifadəsi də işgəncələrin nəticəsidir.

1976-cı il təvəllüdlü Nofəl Səfərov qəssabdır. Dediyinə görə, hadisə baş verən gün qəssabxanada olub:

 “Sonra dostumun kafesinə getdim. Orada olanda oğlum zəng elədi ki, belə bir hadisə baş verib. Mən də durub ora getdim. Hadisənin səhəri günü saxlanıldım…”.

Hadisənin yeganə şahidi – Elbrus Ağalarov məhkəmədə bildirib ki, cinayətkarın üzünü görməyib. Bu səbəbdən də həmin şəxsin bacısının keçmiş həyat yoldaşı Nofəl Səfərov olub-olmadığını bilmir.

Hadisə 2022-ci il noyabrın 29-da axşam saat 20.00 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button