
Cəbhəçilərin saxlandığı deyilir
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərini polisin saxladığı bildirilir.
Partiyadan deyiblər ki, sentyabrın 17-də Qazax rayonunda AXCP üzvləri Tahir Çaylı və Fəzail Əliyev saxlanılıb: “Tahir Çaylı bir müddət sonra sərbəst buraxılsa da, Fəzail Əliyev hələ də rayonun polis şöbəsindədir”.
AXCP-dən əlavə edilib ki, partiya üzvləri bir müsahibəyə görə saxlanılıb: “Fəzail bəyin oğlu Fərid da dünən, sentyabrın 17-dən Qazax rayon Polis Şöbəsindədir. O da partiyanın üzvüdür, amma onu çox güman ki, Fəzail bəyə görə saxlayıblar. Bizdə olan məlumata görə, onu şərləməyə hazırlaşırlar”.
T.Çaylı da bildirib ki, Qazax rayonunun işğalda olan yeddi kəndindən köçkün düşənlərdən müsahibə alıb paylaşdığına görə saxlanıb.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və yerli hakimiyyət orqanlarından münasibət öyrənmək mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, bildirirlər ki, heç kim dinc peşə və siyasi fəaliyyətinə görə ölkədə təqib edilmir.
Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona və bəzi başqa kəndlərə (Qazax rayonun yeddi kəndi daxil) nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Ermənistan rəsmiləri də bildirirlər ki, silahlı münaqişə zamanı Azərbaycan da onların bəzi kənd və ərazilərini zəbt edib.