Cəlal Əliyevin külli miqdarda yeyintidə təqsirli bilinən vəkili həbsdən buraxıldı

Yayımlandı: 8 İyul 2024 18:07

Sümbülə Əliyevaya 4 il şərti cəza verilib

Prezidentin mərhum əmisi Cəlal Əliyevin uzun müddət vəkili olmuş, Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü Sümbülə Əliyeva iyulun 8-də həbsdən buraxılıb.

1 saylı hüquq məsləhətxanasının müdiri olduğu dövrdə orada fəaliyyət göstərən vəkillərin pulunu, o cümlədən ödənilməli olan vergiləri mənimsəməkdə ittiham olunan Sümbülə Əliyevaya 4 il şərti cəza verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə iyunun 8-də keçirilən məhkəmə prosesində əvvəl prokuror çıxış edib.

Dövlət ittihamçısı Sümbülə Əliyevanın külli miqdarda mənimsəmədə təqsirli bilinməsini, lakin onun yaşını nəzərə alaraq, qanunda bu əmələ görə nəzərdə tutulan cəzadan daha az cəza təyin edilməsini istəyib.

Prokuror onun 4 il azadlıqdan məhrum olunmasını təklif edib.

Daha sonra Sümbülə Əliyevanın vəkili çıxış edib, ardınca özü son sözünü deyib.

O, özünü təqsirli bilməyib, məhkəmədən ədalətli hökm istəyib.

Mahmud Ağalarov, Faiq Qəniyev və Samir Əliyevdən ibarət hakimlər kollegiyasının hökmü ilə ona 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub, cəzası şərti hesab edilərək, məhkəmə zalından azadlığa buraxılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olarkən ictimai-siyasi fəalları müdafiə edən bir neçə vəkilin fəaliyyətinə xitam verilməsində rol oynamış – səs vermiş Sümbülə Əliyeva martın 20-də yaşadığı evdə saxlanılıb.

3 ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı cinayət işi üzrə məhkəmə prosesi gedirdi.

Uzun müddət məhkəmə iclaslarına gəlmədiyinə görə dekabrın 30-da hakim Mahmud Ağalarov onun haqqında həbsli axtarış qərarı çıxarmışdı.

Sümbülə Əliyeva həbsindən öncə açıqlamasında səhhətində problemlər olduğunu bildirmişdi.

Təqsirləndirilən vəkil özü haqqında çıxarılmış həbsli axtarış qərarını onu “ölümə məhkum etmək” kimi qiymətləndirmişdi.

O iddia edir ki, baş verənlərin arxasında Vəkillər Kollegiyasının rəhbərliyi dayanır:

“Hamı bilir ki, allergik xəstəyəm, nəfəs çatışmazlığından əziyyət çəkirəm. Faktiki bu qərar həyatımı təhlükəyə atmaqdır. Həyatım təhlükədədir. Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri də, hakim də bilir. Bu qərar məni ölümə məhkum etməkdir. Mən vəkil ola-ola mənə qarşı belə edirlərsə, görün sıravi vətəndaşlara qarşı nələr edirlər”, – Sümbülə Əliyeva məhkəmədə bildirmişdi.

Sümbülə Əliyeva bundan əvvəl də bir dəfə – 2021-ci ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yeni başlayan ərəfədə məhkəmə zalında həbs olunmuş, təxminən 10 gün sonra ev dustaqlığına buraxılmışdı.

Sümbülə Əliyeva əvvəlki 1 saylı hüquq məsləhətxanası, indiki “Mərkəz” vəkil bürosuna rəhbərlik etdiyi dövrdə oranın üzvü olan vəkillərin 200 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.

İttihama əsasən, hüquq məsləhətxanasının hesabına köçürülən və mənimsənildiyi iddia olunan vəsaitlərin bir hissəsi müdafiəçi kimi çıxdıqları işə görə vəkillərə ödənilən qonorarlar olub. Bir hissəsi də vəkillərdən tutulan vergi və sosial sığorta haqları olub.

Bu üzdən Sümbülə Əliyeva haqqında cinayət işində Vəkillər Kollegiyasının Rəyasət Heyətilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti də zərərçəkmiş qismində tanınıb.

Sümbülə Əliyeva Cəlal Əliyevin jurnalistlərə qarşı xüsusi ittiham qaydasında qaldırdığı işlərdə də onu Sümbülə Əliyeva təmsil edirdi.

Həmin məhkəmə proseslərinin sonunda bir neçə jurnalist həbs olunub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button