Cəmil Həsənli Oktay Gülalıyevdən və Mehman Hüseynovdan yazdı

Cəmil Həsənli

 

Dünən hüquq mühafizə oraqanları iki açıqlama yayıb. Biri tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevin oktyabr ayının 29-da avtomobil qəzasına düşməsi haqqında DİN və Baş Prokurorluq birgə məlumatı, digəri isə tanınmış bloger Mehman Hüseynovun dekabr ayının 27-də oğurlanması, işgəncə verilməsi və təhqir edilməsi barədə DİN-in məlumatıdır. Təp-təzə baş vermiş hadisə, yəni Mehman Hüseynovun 6 polis tərəfindən vəhşicəsinə döyülməsi, işgəncəyə məruz qalmış şəxsin açıqlamasına görə ləyaqətinin təhqir edilməsi, ona xəsarət yetirilməsi faktı danılır. Doğrusu, insaf gözü ilə baxanda Mehman barədə DİN-in açıqlaması anlaşılandır. Məsələn, oktyabrın 20-də DİN Baş Prokurorluqla birlikdə məlumat yaymışdı ki, mitinqdə saxlanılan AXCP sədri Əli Kərimli polislərə xəsarət yetirmiş və başını avtobusun dəmirinə vuraraq DİN-in əmlakına zərər yetirmişdir. Eyni şeyi Mehmanla bağlı da deyə bilərdilər ki, məsələn Mehman Hüseynov hadisə yerindən 6 polis işçisini girov götürmüş, onlara polis maşınında işgəncə vermiş, polisləri xub deyincə döydükdən sonra Lökbatan biyabanlıqda onları buraxmışdır.
Nə üçün bu iki açıqlamanı tutuşdurmaq istədim? Mehmanla bağlı deyilən yalanlar, eyni gündə Oqtay bəylə bağlı iki “möhtəşəm” qurumun açıqlamasın da şübhə altına alır. Birgə açıqlamada diqqəti cəlb edən nədir? Hadisənin qəsd olmadığın, təsadüfi yol-nəqliyyat hadisəsi olduğunu əsaslandırmaq. Diqqət yetirin əvvəllər DİN hadisədən bir gün sonra iddia edirdi, Oqtay bəyin sağlamlığına orta ağır dərəcəli xəsarət yetirilib. Bu açıqlamada isə qeyd edilir ki, sürücü Oqtay Gülalıyevi “ehtiyatsızlıqdan vuraraq onun ağır dərəcəli bədən xəsarəti” yetirmişdir. İlk gündən Oqtay bəyin sağlamlığına ağır xəsarət yetirildiyi ortada ola-ola polis orqanlarının hələ də komada olan zərərçəkmişin orta ağır xəsarət alması haqqında dəfələrlə verdiyi açıqlamalar nə ilə bağlı idi? Birgə açıqlamada məhz, bu suala aydınlıq gətirilmir.
İkincisi, hadisədən əvvəl “Hyundai Accent” markalı avtomobilin “Təhlükəsiz Şəhər” Xidmətinin kameralarında qeydə alınmış görüntüləri niyə açıqlamaya əlavə olunmur? Beş il əvvəl DİN mənim qızım Günel haqqında məlumat yaymışdı ki, bəs Günel Həsənli maşınla adam vuraraq hadisə yerindən qaçmışdır. Bu açıqlamadan 30 dəqiqə sonra Günel şəkillər yaydı ki, DİN-in açıqlaması yalandır, hadisə baş verən kimi “zərər” çəkmiş şəxsi xidməti formada olan polis işçisinin müşayiəti ilə Respublika xəstəxanasına aparmış, polis işçisinin iştirakı ilə rentgen və həkim müayinəsindən keçirmiş, hansısa bir xəsarət aşkar edilmədiyi üçün “zərərçəkən” evinə buraxılmışdı. Adam vurub qaçma versiyası ifşa olunduqda DİN başqa üsula əl atmış istintaqın gedişində tibbi ekspertizadan rəy almaqla “zərərçəkənin” ayağındakı 8 il əvvəlin sınığı “yeni sınıq” kimi sənədləşdirimiş və Günelə qarşı “az-ağır” xəsarət yetirmə maddəsi irəli sürülmüşdü. Təsəvvür edin hadisədən sonra 60 gündən çoxdur ki, komadan ayılmayan Oqtay bəyin xəsarəti “orta-ağır” kimi sənədləşdirilmişdi, hadisədən sonra Respublika Xəstəxanasında müayinə edilən zaman xəsarət izləri aşkar edilməmiş və öz ayağı ilə evinə getmiş 86 yaşlı Ədilə xanımın xəsarəti də “az-ağır” maddə ilə istintaq və məhkəmə edilmişdi.

Üçüncüs, DİN bu məsələdə tərəfdirmi? Əlbəttə, tərəfdir. Çünki, Oqtay bəy, son illərdə DİN-in Nardaran və Gəncə əməliyyatlarını ifşa etmişdi, bunların ssenariləşdirilmiş əməliyyatlar olduğun faktlar əsasında ortaya qoymuşdu, Nardaran və Gəncə məhbuslarına qarşı ayrı-ayrı polis idarələrində, xüsusi ilə “Bandotdel” deyilən işgəncə labaratoriyasında dəhşətli vəhşiliklər törədildiyin ictimaiyyətə açıqlamış, buna görə dəfələrlə DİN-ə çağrılmış, Baş Prokurorluqdan xəbərdarlıq almışdı. İstintaqın gedişində bu məqamlar araşdırılbmı: Oqtay bəy dəfələrlə DİN və Baş Prokurorluğa nə üçün çağrılmışdı, kimlərlə görüşmüşdü, ondan nə tələb edilmişdi, hansı təhdid edilmişdi? Hadisə baş verəndən sonra uzun müddət kamera görüntülərin gizlətmək (bu günə qədər) və bütün vasitələrlə, xüsusi ilə ilk vaxtlar sürücünü məsuliyyətdən yayındırmaq cəhdləri DİN hərəkətlərinə, bəzi məqamlarda isə hərəkətsizliyinə şübhə oyadırdı.
Digər tərəfdən, Oqtay bəyi işgəncələrə qarşı fəaliyyətinə görə DİN və Prokurorluq orqanları ilə yanaşı Tərtər işinə görə Müdafiə Nazirliyinə bağlı qurumlar da təhdid edirdi. Bu barədə o, MŞ-nın KM-nin toplantılarında da məlumat vermişdi. Qeyd edilən qurumlarda ona açıqca xatırlatmışdılar ki, bu işdən əl çəksin, dövlətin maraqlarının əleyhinə getməsin, Baş Prokurorluqda bildirmişdilər ki, işgəncələrə qarşı əməlində cinayət tərkibi var, bəzi danışıqlarda eyham vurmuşdular ki, getdiyi yerdə maşın da adamı vurur və sair. Sonuncu məsələni mənə deyəndə xahiş etdim ki, heç vaxt piyada keçidləri tək keçməsin, çalışıb adamlarla birgə keçsin.

Dördüncüsü, hadisədən iki gün sonra Bakı şəhər Baş Polis İdarəsinin və Bakı şəhər prokurorluğunun mətbuat xidmətlərinin məlumatında qeyd edilir ki, Yanar Dağdan qayıdan sürücü 17:21:48-də avtomobili 28 May küçəsində yerləşən “İpad usta” adlı iaşə obyektinin qarşısında saxlayıb sərnişinləri düşürmüşdür. Birgə açıqlamada isə göstərilir ki, avtomobillə saat 17:22-də Oqtay Gülalıyevi vurmuşdur. Belə çıxır ki, sürücünün sərnişini düşürməklə Oqtay bəyi vurması arasında 12 saniyə vaxt olub. Mən hüquqşünas olmasam da 30-35 illik sürücülük təcrübəmə əsasən deyə bilər ki, 12 saniyə ümumiyyətlə avtomobili yerindən tərpətmək üçün yetərli deyil, onda ki, qaldı 12 saniyəyə adam vurub komaya salasan. Bu uyğunsuzluğu Baş Prokurorluq və DİN kimi mötəbər hüquq orqanları nə ilə izah edir?

Mehman Hüseynovun işində ağ yalan ortada olduğu halda, Oqtay Gülalıyevin işindəki müəmmalar, bir-birin təkzib edən məqamlar hələ qalmaqdadır. Ona görə də “istintaqla onun qəsdən vurulduğu təsdiqini tapmayıb” demək hazırkı anda hüquqi mülahizədən daha çox, yuxarıları qane edən siyasi mülahizədir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button