Cəmil Həsənlidən İlham Əliyevə cavab

İyulun 15-də hökumətin iclasında dövlət başçısının müxalifətin ünvanına növbəti xəyanət və satqınlıq ittihamları səslənib.

İ.Əliyev iyulun 14-də axşam saatlarında paytaxtda minlərlə insanın iştirakı ilə keçirilən nümayişi alqışlamaqla başlayıb. Aksiya iştirakçıları cəbhəyə can atır və hərbi rəhbərliyin istefasını tələb edirdilər.

“Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya, görünür, bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub”, deyə Əliyev bildirib. O qeyd edib ki, polisə xuliqanları tapıb cəzalandırmağı tapşırıb. Əliyev bunun Xalq Cəbhəsi Partiyasının və Milli Şuranın şəxsində “beşinci kolonun” işi olduğundan əmin olduğunu bildirib.

Dövlət başçısı həddindən artıq emosional şəkildə bu dəfə ən sərt tədbirlərin görüləcəyinə və bu düşmən ünsürlərin “antidövlət fəaliyyətinə” son qoyulacağına söz verib.

Amma Əliyev əhalinin hakimiyyətin siyasətini tənqid etməsini və bu siyasətdən narazılığını niyə müxalifətin təxribatı hesab etdiyini izah etməyib.

Öz növbəsində, Xalq Cəbhəsi Partiyası və Milli Şura dövlət başçısının ittihamlarını təkzib edib, əsassız və “cəfəng” adlandırıb.

“Dövlət başçısının bu çıxışına biabırçılıqdan başqa ad vermək olmaz. Bu, yeni repressiyalara çağırışdır”, deyə Xalq Cəbhəsi Partiyasının bəyanatında bildirilir.

Döyüş əməliyyatları başladıqda AXCP və Milli Şura bütün vətəndaşlara fikir ayrılıqlarını bir kənara qoymaq və hakimiyyəti tənqid etməyə son qoymaq, orduya və dövlətə dəstək ideyası ətrafında birləşmək çağırışı ilə müraciət edib.

“AXCP lideri Əli Kərimli açıq-aşkar hökuməti tənqid etməyə son qoymağa və bütün səyləri təcavüzkar ermənilərə qarşı mübarizəyə yönəltməyə çağırıb. Əliyev təşəkkür etmək yerinə bizi düşmən elan edib”, deyə bəyanatda bildirilir.

Vətəndaş həmrəyliyi ilə bağlı çağırışlar etmək yerinə, dövlət başçısı olmayan yerdə düşmən axtarmaqla məşğuldur. Hakimiyyət müxalifəti aradan qaldırmaqla özünü xalqın qəzəbindən qoruyacağını düşünürsə, çox yanılır, deyə bəyanatda qeyd edilir.

Öz növbəsində, Milli Şura sədri Cəmil Həsənli də İ.Əliyevin çıxışını pisləyib, onu “yolverilməz” adlandırıb.

Erməni diasporası fəallaşıb və beynəlxalq ictimaiyyətin Bakıya təzyiq göstərməsi üçün addımlar atır. ABŞ Konqresinə artıq Azərbaycana hərbi yardım göstərilməsini qadağan edən düzəliş təqdim edilib. Ehtimal olunan layihə 907-ci düzəlişdən daha acınacaqlı olacaq. Bu sənəd qəbul edilərsə, bunun nəticələrini təsəvvür etmək çətin deyil.

Öz ölkəsində düşmən axtarmaq yerinə hakimiyyət diplomatiyanı fəallaşdırmalı və Vaşinqtonda Azərbaycan əleyhinə sənədlərin qəbul edilməsinə mane olmalıdır, deyə Həsənli yazır.

 

Turan.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button