Cəngəllikdəki təyyarə qəzasında itkin düşən uşaqlar 40 gün sonra sağ tapılıb

Mayın əvvəlində Kolumbiyanın cəngəlliklərində kiçik təyyarənin qəzaya uğramasından sonra itkin düşmüş 4 uşaq 40 gün sonra sağ tapılıb. Bu barədə ölkə prezidenti Qustavo Petro özünün tvitter səhifəsində məlumat paylaşıb.

Prezident açıqlamasında tapılan zaman uşaqların tək olduğunu deyib. Amma o uşaqların bu müddət ərzində necə sağ qalmaları ilə bağlı detallı məlumat verməyib.

Rəsmilər itkin düşən uşaqların tropik meşələrdə yaşayan Huitoto əhali qrupuna aid olduğunu və onların arasında olan böyük uşaqların cəngəlliklərdə necə sağ qalmanın yollarını bildiklərini deyiblər.

Mayın 1-i səhər saatlarında altı sərnişin və bir pilotun olduğu təyyarə qəzaya uğrayıb. İki həftəlik axtarışlardan sonra cəngəlliyə düşmüş təyyarə və həlak olmuş üç nəfərin cəsədi tapılsa da təyyarədəki uşaqlar ( 13, 9, 4 və hələ bir yaşı olmayan bacı qardaşlar) tapılmayıb.

Onların sağ qala biləcəyini güman edən ordu itlərlə birlikdə 150 əsgəri axtarışlara cəlb edib.

Məlumatlara görə, axtarışlara yerli qəbilələrdən könüllülər də qoşulub.

Bu müddət ərzində uşaqları axtaranlar cəngəllikdə olduqları hər yerə içərisində nənələrinin “bir yerdə qalın” mesaj ilə birgə yemək qutuları atıblar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button