Cənublu balası Ədalət Duman:”Qarabağın işıqları ümid yerimiz idi”-VİDEO

Ədalət Duman Tehranda yaşayan azərbaycanlılardandır. Əslən Qaradağ mahalının Xudafərin bölgəsindəndir. Arazdan 20 km məsafədə yaşayırlar. Kəndləri orada yerləşir. 33 il bundan əvvəl bir çox cənublu soydaşımız kimi Ədalət Duman da Tehrana köç edib. İndi Tehranın əhalisinin yarısından çoxu məhz bu səbəbdən azərbaycanlılardır.

Ədalət Duman həm də şairdir. Tehranda fəaliyyət göstərən “Şairlər Məclis”lərindən birinin sədr müavinidir. Bizim bir zamanlar kitablardan oxuduğumuz “Məclisi-şüəra”lardan birinin səlahiyyət sahiblərindən biridir. İndi Tehranda belə “Məclisi-şüəra”lar çox imiş. Burada olduğu kimi, o tayda da millətimiz şairliklə məşğul olub şeirlər yazır. Və bu, o qədər duyğuludur ki, dillə təsvir etmək çox çətindir.

Dili, müstəqil dövləti olan bir toplum üçün şeirlər yazmaq, mahnılar bəstələmək çox normaldır. Amma dili sərbəst olmayan bir toplumdan bunları gözləmək zordur. Ədalət Duman belə zorların əhatəsində yaşayıb fəaliyyət göstərən soydaşlarımızdan biridir.

Maraqlı hadisələrdən danışdıq. Həm də aşıqdır Ədalət Duman. Sazdan, sözdən bəhs etdik və Ədalət hətta bizə bir aşıq havası da ifa elədi. Necə olsa da, Aşıq Qurbaninin Vətənindən deyilmi, Qaradağlı deyilmi? Təxəllüsünün niyə Duman olmasına aydınlıq gətirdi, bir neçə şeir söylədi. Amma məni tutan Ədalət Dumanın uşaqlıqdan danışdığı bir həzin xatirəsi oldu.

O zaman İranda – Cənubi Azərbaycanda elektrik enerjisi yox imiş. İranla SSRİ-nin sərhəd boyunca da bu tayda bizim, o tayda da Cənubun sərhəd telləri imiş. Hər axşam düşəndə bizim tayda hər yer işığa qərq olarmış. Amma Cənublu qardaşlarımızın işıqları olmazmış. Oralarda hər yan zülmət olarmış. Təsəvvür eləmək belə dəhşətdir, illər boyu hər gün, hər axşam insanlar ümidlə bizim taya baxarlarmış. Ağsaqqallar uşaqları göndərərmiş ki, görün o tayda işıqlar yanırmı. İşıqlar yanırsa deməli, havalar yaxşı olacaqmış, işıqlar yanmırsa pis. Beləcə, cənubun insanları ürəklərində şimala, Azərbaycana qarşı sevinc və ümid işıqları gəzdirərmiş hər zaman.

sam_2815

Zaman ötür və bizim tay xarabazarlığa çevrilir. Daha orada işıqlar yanmır. Oralar işğaldadır çünki – erməni işğalında. Ədalət Duman deyir ki, illərlə sonra Tehranda kənddən, işıqlardan soruşanda cənublular bir-birinə deyirlərmiş ki, daha Qarabağda işıqlar yanmır. Nə acı bir gerçək! Nə kədərli bir titrəyiş!

O işıqlarla yaşayıb illərlə cənublu soydaşlarımız. İndi daha Qarabağın çıraqları görünmür sərhəd bölgələrində. Və mən bu haqda yalnız indi, ömrümün bu çağında eşitdim. Ədalət Duman bunları danışanda Leninin “QOELRO” planı yadıma düşdü. O boyda dövlət, o cümlədən Azərbaycan illərlə Cənublular üçün mayak-işıq rolunu oynamışıq. İndi durumumuza bax. İndi tərsinədir hər şey. Xəstəliklərdən və bahalıqdan qırılan millət İran yolunda əsir-yesir qalıb. İndi həkim üçün, sağlamlıq üçün ora bizim hədəfimiz, mayakımız olub. İndi ucuz mal almaq üçün üzümüz o tayadır – İranadır…

Hə, zaman bizim nəslimizə hər üzünü göstərdi həyatın. Ədalət Dumanla söhbəyimiz zamanı bunları da anlamaq və bir daha üzərində düşünmək fürsəti oldu.

Söz Ədalət Dumanındır. Tehranda yaşayan şair soydaşımızın. O, “Baş redaktorun qonağı”dır…

Əvəz Zeynallı

dsc06723

sam_2823

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button