“Cəzaçəkmə müəssisəsində məhbusları prostatı partlayana qədər döyürlər”

Kərim Əhmədov: “Oğluma yaşamağa imkan vermirlər, ona görə “Domestos” içib, sabun udub…”

Naxçıvan sakini Kərim Əhmədov 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan oğlu Röyal Əhmədovun incidildiyini deyir.

Onun sözlərinə görə, müəssisədə uzun müddətdir ki, davam edən işgəncələr, təxribat nəticəsində oğlu intihar həddinə çatıb.

“Vəziyyəti o qədər ağır idi ki, xərəkdə aparmışdılar”

Keçmiş polis əməkdaşı olan 38 yaşlı Röyal Əhmədov 10 ildir ki, həbsdədir.

Bu müddətin 5 ilini Qobustandakı qapalı həbsxanada keçirib.

2019-cu ilin dekabrında Şəki Penitensiar Müəssisəsinə köçürülüb.

Təxminən iki ildir ki, 7 saylı cəzaçəkmə müəssisəsindədir.

Kərim Əhmədovun sözlərinə görə, oğlu döyülüb “kars”da saxlanmasından tutmuş, dövlət orqanlarına yazdığı məktubların müsadirəsinə qədər müxtəlif formada təzyiqlərə məruz qalır.

O, təzyiqlərə etiraz olaraq, təxminən 6-7 ay öncə 42 gün aclıq edib:

22 gün aclıqdan sonra vəziyyəti çox pisləşmişdi, məcbur olub onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürdülər. Vəziyyəti o qədər ağır idi ki, xərəkdə aparmışdılar. Orada olanda Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarov onunla görüşmüşdü, o da başına gələnləri danışmışdı. Cəzaçəkmə müəssisəsində məhbuslara verilən işgəncələrdən tutmuş, korrupsiyaya qədər”.

Məhbusları döymək, söymək bunlar üçün adi haldır”

Röyal Əhmədov ailə üzvlərinə danışıb ki, 7 saylı cəzaçəkmə müəssisəsində məhbusları xüsusi amansızlıqla döyürlər. Elə məhbus var ki, işgəncə nəticəsində cinsiyyət orqanı partlayıb:

Məhbusları prostatı partlayana qədər döyürlər. Tibb məntəqəsi sanki pullu məhbuslar üçün istirahət yeri kimi nəzərdə tutulub. Kasıblar ağrıdan, xəstəlikdən ölsə də, əhəmiyyət verən yoxdur. Cəzaçəkmə müəssisəsinə yeni gələn məhbusları karantində döymək, müəssisəyə çıxmaq üçün 200 manatdan 2000 manata qədər pul tələbi artıq oturuşmuş qaydadır. Məhbusları döymək, söymək adi haldır bunlar üçün…”.

Kərim Əhmədov deyir ki, cəzaçəkmə müəssisəsinin hazırkı rəisi Mehman Əliyev vəzifəyə təyin olunandan sonra durum daha da pisləşib.

Atasının sözlərinə görə, Röyal Əhmədovu yenidən Qobustana – həbsxana rejiminə köçürmək üçün ona qarşı təxribatlara yol verilir:

Röyal Əhmədov valideynləri ilə birlikdə. Foto: ailə albomundan

“Öyrədilmiş məhkumlar gəlib sataşırlar ona, təxribata çəkməyə çalışırlar. Bu rəisin oğlumla ədavətinin kökündə dayanan başqa bir səbəb var. Röyal Şəkidəki müəssisəyə köçürüləndə oranın rəisi Fərhad Hüseynov demişdi ki, otağı təmir elətdir, orada qal. Bizim də 2500 manata qədər xərcimiz çıxmışdı, təmir elətdirəndən bir ay sonra Röyalı çıxarıb, oranı başqasına vermişdi. Buna görə oğlum ondan şikayət etmişdi – həm Penitensiar Xidmətin rəhbərliyinə, həm də məhkəməyə. Şəki məhkəməsi baxdı, sonra apelyasiya məhkəməsinə şikayət verdik. Əlbəttə ki, bizim şikayətimizi təmin eləmədilər. 7 saylıya gələndən sonra oğlum Ali Məhkəməyə və başqa qurumlara məktub göndərmək istəyir, müəssisədən buraxmırlar. Rəis bununla ədavət aparır ki, Fərhad Hüseynov mənim dostumdur, ondan niyə şikayət edirsən?”.

Oranı yaşanmaz hala gətiriblər”

Kərim Əhmədov əlavə edib ki, həbsdəki işgəncə və başqa qanunsuzluqlara etiraz olaraq, oğlu bir neçə dəfə özünə qəsd edib.

Atasının dediyinə görə, bir dəfə təmizləyici vasitə olan “Domestos” içib, iki dəfə sabun udub, bir dəfə də özünü asıb, lakin həyatını xilas ediblər.

Kərim Əhmədov apreldə Penitensiar Xidmətin rəis müavini Fikrət Qafarovun da qəbuluna gedib:

Sağ olsun, məni hörmətlə qarşıladı, dərdimi dinlədi. Mənim yanımda müəssisənin rəisi Mehman Əliyevə zəng elədi, danışdı. Sonra mənə dedi ki, “ağsaqqal, narahat olma, problemləri həll olunacaq”. Bir ay keçib, heç nə dəyişməyib. Oğluma göz verib, işıq vermirlər. Ümumiyyətlə, oranı yaşanmaz hala gətiriblər. Övladımın başına nəsə gəlsə, buna görə müəssisə rəhbərliyi məsuliyyət daşıyır”.

Penitensiar Xidmət: “Həqiqəti əks etdirmir”

Röyal Əhmədov və atasının şikayətlərilə bağlı Meydan TV-nin sorğusuna cavab olaraq, Penitensiar Xidmət deyilənləri təkzib edib.

Qeyd edilənlər həqiqəti əks etdirmir. Məhkum Röyal Əhmədov işçi heyəti və məhkumlar tərəfindən təzyiqlərə və işgəncələrə məruz qalmır. Onun hüquqları və qanuni mənafeləri qorunur”, – Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button