Cəbhəçilər məhkəməyəqədər 4 aylıq həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mayın 25-də saxlanılmış 3 fəalı barəsində hələ də yaxınlarına ətraflı bilgi verilməyib. Hələlik, vəkilləri də onlarla görüşə bilməyiblər.

Bu haqda AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Partiyanın məlumatına görə, yaxınları 4 gün əvvəl saxlanılan Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovun harda saxlanılması haqda da dəqiq rəsmi bilgi ala bilmirlər. Yaxınları onların hələ də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını düşünür. Bu gün, mayın 29-da yaxınları cəbhəçilər üçün geyim aparsalar da həmin idarədə onları qəbul etməyiblər, A.Məhərrəmov, R.Nəsirli və B.Həsənovun idarədə saqxlanılmadığını bildiriblər. Eyni zamanda cəbhəçiləri saxlanıldığı yer haqda da bilgi verilməyib.

Partiyadan həmçinin bildiriblər ki, A.Məhərrəmov, R.Nəsirli və B.Həsənov barəsində məhkəməyə qədər 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Qərarı Nəsimi rayon Məhkəməsi çıxarıb.

AXCP fəallarını vəkillər Cavad Cavadlı, Fariz Namazlı və Aqil Layıc müdafiə edir. Vəkillərin bu gün cəbhəçilər barəsindəı seçilmiş həbs tədbirindən Bakı Apellyasiya Məhkəməsinə şikayət edəcəkləri bildirilir.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, bundan əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanılıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məluimat yayıb.

Həmin açıqlamaya görə, AXCP funksionerləri mayın əvvəlində həbs edilmiş Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri aldıb partiya rəhbərinə çatdırdığı bildirilir.

Cəbhəçilər, eləcə də S.Rüstəmli barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə cinayət işi açılıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button