Cəbhəçinin həbsdə 26 kiloqram çəki itirdiyi deyilir

Həbsdə 38 gündür aclıq aksiyasını keçirdiyi deyilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Zamin (Əlizamin) Salayevin 26 kiloqram çəki itirdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna martın 17-də ona baş çəkən vəkili Nemət Kərimli danışıb.

Vəkilin sözlərinə görə, Salayevin qan təzyiqi 80/50-dir: “Böyrəklərində və ürəyində ağrılar hiss edir. Amma, deməsinə görə, səhhəti ağır olmasına baxmayaraq, ona həkim nəzarəti yoxdur, tibbi-sanitar hissəsinə köçürülməyib”.

O, həmçinin bildirib ki, bu gün, martın 17-də Ombudsman Aparatının nümayəndələri də Zamin Salayevlə görüşüb. Vəkilin əlavə etməsinə görə, Salayevlə bağlı Ombudsman da bir müddət əvvəl Penitensiar Xidmətə və prokurorluğa müraciət edib: “Lakin ona qarşı münasibət dəyişməyib. Bununla yanaşı, həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzləməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinə verdiyimiz vəsatətə də hələ də baxılmayıb”.

Vəkilin dediklərinə, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma Penitensiar Xidmətdən bir qədər əvvəl “Turan”a bildirilmişdi ki, əgər müdafiə tərəfinin hər hansı şikayəti varsa, onlara müraciət edilə bilər.

Ötən ay, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayev barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) maddəsi ilə cinayət işi açılıb. Bu ittihamla ona 5 ilədək həbs cəzası verilə bilər.

Salayev bir nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir. O, ittihamı qəbul etməyərək şərləndiyini açıqlayıb və həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib.

AXCP Salyan rayon şöbəsinin sədri Zamin Salayev bundan əvvəl də bir neçə dəfə həbs olunub. Bunların əksəriyyəti polisə müqavimət ittihamı ilə inzibati həbs olsa da, 2020-ci ilin aprelində Salyan Rayon Məhkəməsində onun haqqında 2 il 3 aylıq azadlıqdan məhrumetmə hökmü çıxarılıb. O, həmin vaxt Salyan Rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovun iddiası əsasında, Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məhkum edilib. Salayev həmin həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşı ilə mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Əzizovu rayonda yaşayan bir qadına qarşı təcavüzə görə ittiham edirdi. Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. Ardından polis əməkdaşı Salyan Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi. Videoda haqqında bəhs olunan xanım isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da Amnistiya Aktı ilə əlaqədar azadlığa çıxmışdı.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button