Cəbrayıl köçkünlərinin qanunsuz həbsinə etiraz olundu

“Adamlara hücum elə, güllələ, sonra da bədənlərində olan güllələrin çıxarılmasına imkan vermə. Bu, insanlıqdan kənar hərəkətdir”

Ölkənin tanınmış ictimai-siyasi xadimləri, hüquq müdafiəçiləri yanvarın 14-də bir araya gələrək, siyasi məhbusların durumu, o cümlədən Nardaran məhbusları və ötən ilin sonunda elektrik enerjisinin bərpası tələbilə etiraz aksiyası keçirdiklərinə görə həbs olunan məcburi köçkünlərlə bağlı məsələni müzakirə ediblər.

 

“Hökumətdən problemlərin həllini tələb etmək nə vaxtdan qanunsuz tələb sayılır?”

Tədbirin aparıcısı “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri, hüquq müdafiəçisi Oqtay Gülalıyev idi. Hüquq müdafiəçisi bildirib ki, imkan daxilində bütün siyasi məhbusların məsələsini diqqətdə saxlamağa çalışırlar.

Nardaran hadisələrilə əlaqədar həbs olunanlardan danışan Oqtay Gülalıyev bildirib ki, Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsi yekunlaşır. Yaxın günlərdə onlara hökm oxunacaq. Paralel olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran məhbuslarından ibarət 12 nəfərlik daha bir qrupun, o cümlədən Taleh Bağırzadənin müavini Elçin Qasımovun da mühakiməsi başlayıb. 12 nəfərlik daha bir qrupun məhkəməsi isə yanvarın 19-da başlayacaq.

Ötən dövrlərlə müqayisədə Azərbaycanda siyasi məhbusların iki dəfə artdığını deyən hüquq müdafiəçisi bildirib ki, hazırda onların sayı 160 nəfərdən də çoxdur. Bu da onu göstərir ki, hakimiyyət mövcudluğunu qoruyub saxlamaq üçün repressiyaları, siyasi sifarişli həbsləri davam etdirir.

Biləsuvardakı qəsəbədə məskunlaşmış cəbrayıllı məcburi köçkünlərin həbsindən danışan Oqtay Gülalıyev vurğulayıb ki, onların heç bir günahı yoxdur: “Onlar hökumətdən sosial problemlərinin həllini tələb etdiklərinə, məmur özbaşınalığına etiraz səslərini ucaltdıqlarına, icra hakimiyyətinin qarşısına toplaşıb narazılıqlarını ifadə etdiklərinə görə cəzalandırılıblar. Onlara Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham verilib. Bu günahsız adamların həbsi üçün təqdimatı Baş prokurorun birinci müavini Rüstəm Usubov imzalayıb. Təqdimatda yazılıb ki, bu adamlar axşam saat 20.30 radələrində icra hakimiyyətinin qarşısında toplaşaraq, qanunsuz tələblər irəli sürməklə, dövlət müəssisələrinin iş fəaliyyətinə mane olublar. Əvvəla, saat 20.30 nə zamandan iş vaxtı hesab olunur? İkincisi, icra hakimiyyətindən sosial problemlərin həllini tələb etmək nə vaxtdan qanunsuz tələb sayılır? Dövlət müəssisələri normal işləsəydi, xalq bu qədər problemlərlə üzbəüz qalmazdı”.

 

“Azərbaycanda siyasi adam oğurluğu davam edir”

Həbsdə olan dindarlardan Azərbaycan İslam Partiyasının üzvü Ruhulla Axundzadənin səhhətində kəskin problemlər yarandığını, ayağına su yığıldığını deyən hüquq müdafiəçisinin sözlərinə görə, Penitensiar Xidmətə dəfələrlə müraciət olunmasına baxmayaraq, onun Müalicə Müəssisəsinə köçürülməsinə imkan verilmir, qaldığı cəzaçəkmə müəssisəsində də ona heç bir bir tibbi yardım göstərilmir: “Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun da səhhətində ciddi problemlər var. Nardaran məhbusları, o cümlədən Elçin Qasımov həbs olunarkən “bandotdel”də işgəncələrə məruz qalıb. Kürdəxanı təcridxanasına köçürüləndən sonra orada da bu vəziyyətdə “kars”a salınıb. Bütün bunların nəticəsi olaraq, Elçin Qasımovun ciyərlərində problemlər yaranıb”.

Bugünlərdə blogger Mehman Hüseynovun küçədən oğurlanması və bir sutkaya yaxın heç bir məlumat verilməməsini Azərbaycanda illərdər müşahidə olunan siyasi adam oğurluğunun davamı kimi qiymətləndirən Oqtay Gülalıyev hələ də bədənində güllə gəzdirən Nardaran məhbuslarının məsələsinə də toxunub. Bunu “insanlığın bitdiyi yer” adlandırıb: “Adamlara hücum elə, güllələ, sonra da bədənlərində olan güllələrin çıxarılmasına imkan vermə. Bu, insanlıqdan kənar addımdır”.

Biləsuvarda həbs olunan məcburi köçkünlərin yaxınlarını aldadırlar

Biləsuvarda məskunlaşan cəbrayıllı məcburi köçkün, özü də keçmiş siyasi məhbus olan AXCP üzvü Məhəmməd Məcidli dekabrın 22-də elektrik enerjisinin kəsilməsinə etiraz edən və buna görə həbs olunan beş nəfər haqda danışıb. O bildirib ki, qəsəbəyə verilən elektrik enerjisinin kəsilməsi adamların səbrini daşıran damla oldu. Əslində, məcburi köçkünlərin yaşadığı qəsəbədə insanların uzun illər yığılıb qalmış sosial problemlər var və etiraz aksiyası da onun nəticəsi idi. Məhəmməd Məcidlinin sözlərinə görə, qəsəbədə qaz, istilik sistemi yoxdur, əhali yalnız elektrik enerjisi ilə keçinirdi. Elektrik enerjisi kəsiləndə orada həyat dözülməz olur: “Evlər özü də çox keyfiyyətsiz tikilib. Amma insanlar birtəhər yaşayırdı. Sosial problemlər o həddə çatıb ki, artıq adamların səbri tükənib və dinc şəkildə etiraz aksiyası keçiriblər. Etirazçılar zərrə qədər qanunu pozmayıb. Polislər təxribat törədib, adamlara qarşı zorakılığa yol veriblər. Əldə etdiyimiz məlumata görə, həbs olunanlardan təzyiq yolu ilə bir-birinin əleyhinə, həmçinin özlərinə qarşı etirafedici ifadələr alınır. Halbuki, bu adamlar nəinki cinayət, hətta inzibati xəta da törətməyiblər. Əksinə, özləri bu hakimiyyətin cinayətlərinin qurbanı olublar”.

Məhəmməd Məcidli əlavə edib ki, hüquq-mühafizə orqanları həbs olunanların yaxınlarının bəzilərini hədələyir, bəzilərini isə əzizlərinin yaxın vaxtlarda azad ediləcəyi vədi ilə aldadıb, onlardan məsələni siyasiləşdirməməyi tələb edirlər: “Bu hakimiyyət indiyə qədər şərləyib tutduqlarının hansı birini sonradan könüllü şəkildə buraxıb? Adamlar anlamalıdır ki, onları aldadırlar”.

 

“Zülmə qarşı birgə etiraz olmalıdır”

 

Milli Şuranın üzvü Rövşən Əhmədov insanların bir-birinin probleminə laqeyd münasibətindən gileylənib. Deyib ki, adamlar siyasi hakimiyyətin zorakılığı, məmurların özbaşınalığı onun öz qapısını döyəndə ayılıb, bu rejimin gerçək mahiyyətini dərk edirlər. Hakimiyyət də cəmiyyətin biganəliyindən istifadə edərək, repressiya siyasətini davam etdirir: “İndiyədək Azərbaycanda daha hansı hadisələr baş verməyib?! Hakimiyyətin mövqeyi aydındır, vətəndaşa deyir ki, sən köləsən, etiraz bildirməyə haqqın yoxdur, yalnız bütə sitayiş eləyib, susmalısan. Hansı acınacaqlı durumda olduğumuzu ancaq özümüzə çatanda dərk edirik. Nəticə etibarilə tək-tək, fərdi şəkildə etirazımızı bildiririk. Təəssüf doğuran odur ki, ölkədə baş verən bu qədər zülmün, haqsızlığın qarşılığında birgə etiraz yoxdur. Bütöv bir xalq olaraq, bu cür davranışa, alçaldılmaya etiraz səsimizi ucaltmasaq, bizim üçün çıxış yolu yoxdur. Bu ölkədə qanun yalnız kasıbları, zəifləri əzmək üçün bir vasitədir”.

Biləsuvarda həbs olunan məcburi köçkünlərə gəlincə, Rövşən Əhmədov deyir ki, Bakının mərkəzində yaşayıb, işi, maaşı olanlar belə, işıq-qaz pulunu ödəməkdə çətinlik çəkir, qalmışdı Biləsuvarda çöllükdə məskunlaşmış, iş yeri olmayan adamlar olsun…

 

“Daim bütün siyasi məhbusların yanında olacağıq”

AXCP sədrinin müavini Gözəl Bayramlı baş verənləri uzun illər ölkədə aparılan repressiya siyasətinin davamı adlandırıb. Onun fikrincə, hakimiyyət əhalinin necə narazı olduğunu yaxşı başa düşür, bu səbəbdən də lokal etirazları boğur: “Eşitdiyimə görə, ailələrdən biri deyib ki, “mənim övladımın adını “siyasi məhbus” siyahısına salmayın, müstəntiq söz verib, onu buraxıcaqlar”. Əvvəla, aydın məsələdir ki, ailələri aldadırlar. İkincisi, hətta istəməsələr belə, onları, ümumiyyətlə, bütün siyasi məhbusları müdafiə etmək bizim borcumuzdur. Baxmayaraq ki, hətta bəzi siyasi çevrələr də “işıq məhbusları”nın siyasi məhbus kimi qəbul edilməsinə etiraz edirlər. Qətiyyən doğru yanaşma deyil. Biz daim bütün siyasi məhbusların yanındayıq, onları sonadək müdafiə edəcəyik”.

 

“Türmələr siyasi məhbuslarla doludur”

 

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ayrı-ayrı siyasi məhbusların hüquqlarını müdafiə məqsədilə yaradılmış komitələrin birləşməsini təklif edib: “Bütün müdafiə komitələri koordinasiyalı şəkildə birləşməlidir. Bu hakimiyyət bizə rahatlıq vermədikləri kimi, biz də onlara rahatlıq verməməliyik”.

Özü də siyasi məhbus həyatı yaşamış Əvəz Zeynallı deyir ki, Azərbaycanda siyasi məhbus siyahısındakı sayın 80, yoxsa 160 olması haqda mübahisələr yersizdir. Çünki bu gün ölkə həbsxanalarındakı siyasi məhbusların sayı minlərlədir: “Hətta cinayət törədib həbsxanaya düşənlərin hamısının da birmənalı şəkildə hüquqları pozulub. O adamların böyük əksəriyyətinin həbsində hansısa formada siyasi motivlər var. Bu cür yanaşsaq, hazırda ölkədə siyasi məhbusların sayı 20 mindən çoxdur. Heç kim qanun pozuntusu ilə, hüquqları məhdudlaşdırılmaqla həbs olunmamalıdır. 33 manata görə üç nəfərin birinə 8, o birinə 9, üçüncüsünə də 10 il iş verib Azərbaycan məhkəməsi”.
Əvəz Zeynallı Nardaran məhbuslarının durumu haqda fikirlərini də bölüşüb: “Taleh Bağırzadənin möhtəşəm mübarizəsi, möhtəşəm duruşu var”.

Siyasi məhbuslara əsas dəstəyin insanların birliyindən keçdiyini vurğulayan Əvəz Zeynallı son vaxtlar deputatların açıqlamalarına da toxunub: “Bu gedişlə 3-4 dilbilməz deputatın dili ilə ölüm hökmünü qaytaracaqlar. Sonra da 3-4 həyasızı istəmədikləri adamın üzünə qoyub, onu güllələyəcəklər”.

 

“Ağır cəzalar bizi sındırmır”

 

Müzakirələrə Nardaran hadisələrinə görə həbs olunanların yaxınları da qatılıb.
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bildirib ki, sonadək təkcə Nardaran məhbusları yox, günahsız həbs olunan bütün şəxslərin yanında olacaqlar, onların müdafiəsi üçün əllərindən gələni edəcəklər: “Sevindirici olan budur ki, siyasi sifarişlə hansı hökmün verilməsindən asılı olmayaraq, bu məhkəmə Nardaran hadisələri ilə bağlı şübhələri aradan qaldırdı, məhbuslarımız günahsız olduqlarını sübut etdilər. Əsas olan da budur. Onu da deyim ki, Taleh Bağırzadəyə ömürlük, o biri qardaşlarımıza ağır cəzalar verilməsi bizi qətiyyən sındırmır”.

 

“Hakimiyyət bilir ki, xalq ona nifrət edir”

 

Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev deyir ki, Biləsuvarda məcburi köçkünlərin başına gələnlər hakimiyyətin təkcə müxalifərlə yox, artıq xalqla mübarizə aparmasının göstəricidir. Onun fikrincə, çünki hakimiyyət xalqın ona nifrət etdiyini bilir. Bu səbəbdən də qeyri-adekvat addımlar atır.
“Qaranlıq aşiqi, zülmət içində olan bir hakimiyyətin işığının yanmasını tələb edən adamları zindana salmasını təbii qarşılamalıyıq. Eyni zamanda, biz də hakimiyyətin bi cür qeyri-adekvat davranışının qarşısını almaq üçün əlimizdən gələni eləməliyik”, – deyə Eldəniz Quliyev bildirib.

 

“Silahları özləri qoyub, özləri də götürdülər”

Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun qardaşı Kamran Qasımov qardaşının necə həbs olunmasından danışıb. Elçin Qasımov yaxınlarına danışıb ki, 2015-ci il noyabrın 5-də evə gələrkən onu saxlayıb Sabunçu Rayon Polis İdarəsinə aparandan sonra orada rəis qarşısına 5 kiloqram narkotik qoyub və bu ittihamı boynuna götürməyi tələb edib. Amma o, razılaşmayıb. Elçin Qasımova əvvəlcə 30 sutka inzibati həbs cəzası verilib. Noyabrın 26-da Nardarandakı qanlı əməliyyat və Taleh Bağırzadənin həbsindən sonra onun barəsində cinayət işi başlanıb, terrorçuluq, silah saxlama və s. ittihamlar irəli sürülüb. Adamlardan birindən belə bir ifadə alınıb ki, “Elçin Qasımov noyabrın 24-də silah paylayırdı”. Halbuki, Elçin Qasımov noyabrın 5-dən həbsdə olub”.
Kamran Qasımov qeyd edib ki, evlərindən silah, “Taleh Bağırzadənin müraciəti” adlı kitabçanın çıxması haqda ittihamda yazılanlar yalandır: “Özləri qoyub, özləri də götürüblər”.

 

“Siyasi məhbus ailələri birləşsin!”

 

Həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli isə siyasi məhbus ailələrinin birləşib bir qurum yaradılmasını məqbul sayıb: “Bir ölkədə ki, qanuna hörmət yoxdur, belə vəziyyətdə başqa neyləyə bilərik?!”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button