Cəlilabada olunan hücumun arxasında nə dayanır?

Oxucu sözü…

Əziz Əzizovu niyə vururlar?!

Son günlər bəzi mətbuat orqanlarında Cəlilabad və onun icra başçısı haqqında ağılalmaz yazılar dərc olunur. Bu yazıların dərcinə diqqət yetirməmək və reaksiya verməmək də olar. Çünki bura həddindən artıq kritik bir bölgə olmaqla həmişə mətbuatın diqqət mərkəzində olub. Hələ sovetlər zamanında Cəlilabadda yetişən xalq hərəkatı o zamandan bu bölgəni Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə çıxarıb və təsadüfi deyil ki, hazırda ölkənin intellektual camiəsində cəlilabadlı yazarların və intellektualların xüsusi ağırlığı var.

Mövzumuz bunda deyil. Heç onda da deyil ki, bura həm də Fərhad və Rafiq Əliyev qardaşlarının yurdu kimi tanınıb və onların zamanında Cəlilabad daha da Azərbaycan ictimai-siyasi fikrinin gündəminə gəlib. Fərhad və Rafiq Əliyev qardaşları bölgənin ictimai-mədəni-intellektual yükünü həm də siyasiləşdirdilər və Cəlilabad bu qardaşların hakimiyyətə gəlməsindən sonra Azərbaycanın idarə olunmasında da öz rolunu oynamağa başladı. Təbii ki, indi də bəzi önəmli kadların Cəlilabaddan olması, xüsusilə son illər rüşvətin qol götürüb «Qaytağı» oynadığı Dövlət Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovun bu bölgənin kuratoru kimi mətbu müstəviyə çıxması, onun qardaşı Malik Həsənovun rayondan deputat seçilməsi bölgəni bir daha ölkə mətbuatının gündəminə çıxarıb. Amma işlərin bu qırhaqırında bir məqam xüsusi cizgi ilə görünür – hər şey qalır bir tərəfdə, problemlər düyümlənir Cəlilabadın İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun üzərində. Bəzi media qurumları rayonda hər şeydən onu sorumlu tuturlar. Bununla özlərini də təkzib etmiş olurlar. Bir tərəfdən hər şeyin Kərəm Həsənovdan, onun qardaşından asılı olduğunu vurğulayır, digər tərəfdən, bütün günahları Əziz Əzizovun üzərinə yıxırlar. Amma bilən bilir ki, rayonun idarə olunmasında son söz icra başçısının özünündür. Ona isə bircə ölkə prezidenti təsir edə bilər. Kərəm Həsənova və onun qardaşına gəlincə, onlar da prezidentin siyasətinin yerinə yetirilməsində yalnız Əziz Əzizova yardımçı olurlar və ümumiyyətlə, başqa cür də mümkün deyil.

Qəzetinizin Cəlilabad mövzusunda nə qədər həssas olduğunu bilirik. Ona görə də sizə üz tuturuq. Bəzi qurumların və mətbu orqanların rayon ictimaiyyətini və rayondan çıxmış vəzifə adamlarını üz-üzə qoymaq cəhdi var. Biz bu təşəbbüslərin haradan gəldiyini və niyə baş verdiyini bilirik. Gəlin, elə o yazıları yazanlar da gəlsinlər Cəlilabada – görün indi Cəlilabad haradan haraya inkişaf edib. Hədəf bu inkişafın əsl səbəbkarı olan Əziz Əzizovdur. Oun vurandan sonra Kərəm Həsənovu da, Malik Həsənovu da vurmaq asanlaşacaq. Nədən ki, çalışan və rayon camaatının etibarını qazanan icra başçısını vurmaqla rayonun tanınan məmurlarını və Cəlilabaddan olan məmurları da sıradan çıxarmaq asandır. Amma bədxahlar buna nail ola bilməyəcəklər. Cəlilabad durmadan inkişaf edəcək və Azərbaycanın dilbər guşələrindən biri kimi tarixdə öz sözünü dediyi kimi, deyəcək.

Sizin cəlilabadlı Oxucunuz Əli

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button