Cəmil Həsənli: “Əbülfəz bəylə tanışlıq mənim sonrakı həyatımda mühüm rol oynadı”

Cəmil Həsənli

Əbülfəz Elçibəy – 80

On gün sonra Əbülfəz bəyin 80 illiyi tamam olur. 1970-ci ildən tanıyıram Əbülfəz bəyi. Həmin il ADU-nun tarix fakültəsinə daxil olmuşduq. Tarix fakültəsi o zamanlar Kommunist küçəsində, indiki İqtisad universitetinin binasında yerləşirdi. Geniş auditoriyalar əsas binada olsa da, kafedralar (Sov. İKP tarixi kafedrası istisna olmaqla) Qala divarları yanındakı ikimərtəbəli “Quş damı” deyilən girəcəkdə yerləşirdi. Kafedralarla auditoriyalar bir-birindən aralı olsa da, fakültənin qaynar həyatı var idi. Müəllimlər çox zəhmli idi. Hər dərsə girən müəllim o qədər hədə qorxudan danışırdı, az qala birinci kurs tələbələrinin bağrı yarılsın. Elə həmin vaxt yuxarı kurs tələbələri Əbülfəz müəllimin sadəliyindən, tələbələrə olan sevgisindən, çox maraqlı mühazirə deməsindən bizə danışırdılar. Xoşgörülü bir adam idi Əbülfəz müəllim, qaynar gözləri, tələbələrə yönəlik gülümsər cöhrəsi, cod saçları var idi. 60-cı illərin ortalarında Misirdə tərcüməçi işlədiyindən etiket qaydalarını yaxşı bilirdi. Dövrün dəbinə uyğun geydiyi qara kostyum onun düz qamətinə bir ciddiyyət verirdi. 

Əsində, biz onu auditoriyamıza girməzdən əvvəl tanıyırdıq və mühazirə dediyi tələbələrin koridorda dərsdən sonra onun ətrafına toplanması, maraqlı müzakirələr aparması, tələbələrlə zarafatlaşması, fakültə bufetində tələbələrlə bir stol arxasında oturması onu gənclərin sevimlisinə çevirmişdi. Müxtəlif partiya və dövlət orqanlarından “vurulub” tarix fakültəsinə müəllim gələnlər onun tələbələrlə qaynayıb qarışmasını müəllim “etikasına” zidd hesab edir, tarix fakültəsinin Mərkəzi Komitənin nəzarətində olmasını əsas gətirib ona “ciddi” olmağı tövsiyə edirdilər. DTK-nın fakültə kollektivi arasında sümsünən “gözləri və qulaqları” tələbələrlə Əbülfəz müəllim arasında bu qaynar müzakirələri görəndə tez gedib Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsi müdirliyindən tarix fakültəsinə dekan vəzifəsinə göndərilmiş professor Məmməd Əmin Qazıyevə məlumat verirdilər. O, da namuslu adamları qorumağın ağlagəlməz üsullarını işə salan və tələbələrə atalıq qayğısı göstərən dekan müavini Şamil Məmmədbəylini “hadisə yerinə” göndərirdi. Bütün müşkül məsələlərə çarə qılmağı bacaran Şamil müəllim bu mənzərəni görəndə Əbülfəz müəllimin ətrafına soxulmuş DTK-nın gənc və perspektivli agentini çağıraraq yarı zarafat, yarı ciddi ona – “Xoşbəxt” sənin burada nə işin var – deyə ətrafı təmizləyirdi. Ona görə biz aşağı kurslar “Şərq ölkələrinin orta əsrlər tarixi” fənninin nə vaxt başlayacağın səbsizliklə gözləyirdik. 

Əbülfəz müəllimlə məni həmin vaxt fakültənin beşinci kursunda oxuyan, fakültədə, tələbələr və müəllimlər arasında böyük hörməti olan Mirheydər Mirzəyev tanış etmişdi. Ali məktəbə qəbul olub 1970-ci ilin avqust ayının son günlərində həmin vaxt universitetin jurnalistika fakültəsinin V kurs tələbəsi olan Böyükxan Bağırovla Bakıya gələndə bizdən öncəki avtobusda tranzitə yetişmiş Mirheydər Mirzəyivlə tanış olmuşdum. Biz sərhəd bölgəsində yaşayanlar o zamanlar xüsusi pasport yoxlamasından sonra Bakıya və digər yerlərə gedib gələ bilirdik. Mirheydər qarayanız, gülərüz, zarafatcıl bir gənc idi. Böyükxan məni ona təqdim etdi (indi onlar hər ikisi haqqın dərgahına qovuşublar) və dedi ki, Mirzə (tələbə yoldaşları onu belə çağırırdı) Cəmil də tarix fakültəsinə daxil olub. Sevincini gizlətmədi. Pasportunu göstərib dedi mən də alarlıyam. Sən demə 40-cı illərin sonunda atası Nəzər kişi bizim Alar kəndində tibb işçisi işləyəndə Mirheydər müəllim doğulub və ona görə də sənədləşmədə doğum yeri bizim kənd göstərilib. O, sonralar Leninqradda qədim ölü dilləri öyrəndi və Qədim dövr üzrə çox gözəl mütəxəssis oldu, Bakı dövlət universitetində işlədi. 1970-ci ilin payızında bir gün dərsdən sonra Mirheydər məni də götürüb Kommunist küçəsi ilə üzü aşağı yollandıq. Həmin vaxt şəhər həyatına hələ öyrənmədiyimdən və “Qara Volqa” kimi əsərlərin təsiri altında olduğumdan tez –tez üstdən cibimi yoxlayır, o qədər də çox olmayan pulumun yerində olub – olmamasın dəqiqləşdirmək istəyirdim. Bütün bunları müşahidə edən Mirheydər müəllim mənə tövsiyə etdi ki, oğrunun yadına daş salma. Sonralar tez-tez Mirheydər müəllimlə buhadisəni yada salıb gülürdük. Azərnəşrin binasına yetişəndə bizi Əbülfəz müəllim qarşıladı. Demə vədələri varmış. Həmin vaxt Azərnəşrin arxasında binaya bitişik bir çayxana və qəlyanaltı yeri var idi. Orada yaxşı sosiska verirdilər və Əbülfəz müəllim hamımıza sosiska sifariş etdikdən sonra Mirheydər müəllim məni haqqımda ona məlumat verdi və dedi ki, həmyerliyik və Cəmil yüksək balla tarix fakültəsinə daxil olub, öz adamımızdır. Bu görüş zamanı mən anladım ki, onlar mənim heç vaxt eşitmədiyim “qorxulu” söhbətlər edirlər. Bu tanışlıq və həmin söhbət mənim sonrakı həyatımda mühüm rol oynadı. Mən həmin söhbətinə cazibəsinə düşdüm…

(Ardı var)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button