Cəzaçəkmə müəssisəsində fövqəladə vəziyyət-AÇIQLAMA

Cəzaçəkmə müəssisəsində rüşvət ittihamına Penitensiar Xidmətdən AÇIQLAMA
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəlmə müəssisəsi ilə bağlı Bizimyol.info saytına müraciət daxil olub.

 

Müraciətdə deyilir: “10 saylı cəzaçəkmə müəssisəsi Azərbaycanın dustaq bazarlarından biridir. Burda nəfəs almaq da pulludur. Amma əvvəllər dustaq yaxınlarına ən normal münasibət göstərən “zon”lardan biri kimi tanınırdı bu “zon”.  Sovqatı canları çıxa-çıxa qəbul edirlər. Əvvəlcə 15-20 dəqiqə bayırda dustağa gətirdiklərini yazdırmalısan. Pulunu versən, 5-10 dəqiqəyə yazacaqlar, verməsən, gözləməlisən. Oradan əşyalarını götürüb, cəzaçəkmə müəssisəsinin “görüş qapısı”na yaxınlaşırsan. Burada hər zaman problem olur. Görüşün Dəli Domrulu Vidadi adlı bir şəxsdir. Ona da 5-10 manat verməlisən. Verməsən, saatlarla gözləməlisən. Fərqi yoxdur, sovqat gətirən 3-5 nəfər olsun, ya da 15-20 nəfər. Vidadi pulunu aldıqlarını tez-bazar yola salacaq, ancaq pulunu ala bilmədiklərini qapıda saatlarla gözlədəcək. İndi oradan gəlirəm. Saat yarım gözlədim. Axırda sənədlərimi alıb sovqatı da geri qaytarmaq istədim, amma Vidadi səs-küy yaranmasından qorxaraq, tez sovqatı qəbul elədi. Təbii ki, pulunu almağı da unutmadı. O, pulsuz heç Allahı da tanımaz”
Qeyd edək ki, müraciəti göndərən və KİV-də dərc olunmasını istəyən şəxs yanına getdiyi adamı incidəcəklərindən narahat olduğu üçün adını gizli saxladığını bildirib.
Yuxarıda qeyd olunanlara Penitensiar Xidmətin mövqeyini öyrəndik. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info saytının sorğusuna  cavab olaraq bildirdilər ki, cəzaçəkmə müəssisələrində məhkumlarla görüşə gələn vətəndaşların qəbulu qaydaları müvafiq təlimatlarla nizamlanır. “Məhkumlarla görüşə dair bütün prosedur qaydalar vətəndaşlara izah olunur və  müəssisələrin girəcəyində yazılı şəkildə qeyd olunmuşdur. Hər hansı qanunsuz və ya qeyri-etik davranışla qarşılaşan vətəndaşlar həmin elanlarda göstərilən qaynar xətt vasitəsi ilə və ya məqbul hesab etdikləri digər qanuni formalara uyğun Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin rəhbərliyinə müraciət edə bilərlər” – deyə açıqlamada bildirildi.
Qeyd edək ki, bu müraciət bir gün bundan əvvəl bəzi saytlarda da yayılmışdı və yazını olduğu kimi xural.com da yayınlamışdı. Aradan keçən gün ərzində xural.com-a özəl informasiyalar daxil olmağa başladı. 10 saylı CÇM-də faktiki olaraq fövqəladə vəziyyət elan edildiyi, telefonlara məhdudiyyət qoyulduğu, görüşdə ciddi qaydalar tətbiq olunduğu haqda məlumatlar gəldi. Birbaşa rəisin tapşırığı ilə görüşə kimlərin gəldiyi, kimin bu məlumatı sızdıra biləcəyi haqda bilgilər toplanır və yazıların dərc olunduğu saytları araşdırmağa çalışırlar. Maraqlıdır ki, rəis haqda mənfi bir fikir getməməsinə baxmayaraq, CÇM rəhbərliyinin bu təlaşı və narahatçılığı başa düşülən deyil. Əgər narahatçılıq varsa, ortadan qaldırılmalıdır, insanlarla qaydasında davranılmalı, görüşə gələnlərə və sovqat gətirənlərə hörmətlə yanaşılmalıdır. 10 saylı CÇM-də görüşdə hər zaman problem olduğu hamıya məlum hadisədir.
Penitensiar Xidmətin açıqlaması təqdirəşayandır, amma onlar hamıdan yaxşı bilirlər ki, problemin olduğu halda müəssisənin qarşısındakı telefon nömrələri ilə əlaqə saxlamaq mümkün deyil. Əvvəla, o nömrələr çox zaman cavab verməzlər, ikincisi də, heç kim şikayət edə bilməz – çünki yaxınları, dostları, qohumları içəridədir və onların başlarına hansı oyunlar açılacağını kimsə bilə bilməz. Yəni təbii qorxu hissi insanları “Qaynar xətt” sevdasından çəkindirir. Bunu hamıdan yaxşı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bilir. Bilməlidir.
Bir zamanlar saytımızın redaktoru Əvəz Zeynallı da orada cəza çəkdiyindən yazını paylaşanda onun yazdığı statusu da marağımızı çəkdi: “O “zon”da bir problem var zatən – o da Vidadidir. Mən yaxşı bilirəm, onun oyunlarını. Mənə gələn sovqatların da hamısından pul alınıb. Həm Bakı İstintaq Təcridxanasında, həm də 10 saylıda. Qoy hələ gündəliklər çıxsın, sonra nələr olacaq, nələr… Bu məsələ haqda mən də düşünəcəyəm…”
Güman ki, bu statusdan sonradır ki, “zon” rəisi Mirsaleh Seyidov yazının Əvəz Zeynallıdan qaynaqlandığını düşünüb və bu haqda “zon”da “razvod”un qarşısındakı çıxışında eyhamlar vurub. Bu haqda Əvəz Zeynallı xural.com-a bunları dedi: “Mən həbsxanalar və oradakı vəziyyətlə bağlı çox narahatam və ciddi işlər aparıram. Yaxınlarda bu işlərin nəticəsi haqda geniş ictimaiyyətin də xəbəri olacaq. Yayılan yazını oxudum və tam həqiqət olduğunu gördüm, sayta yerləşdirdim. Mənim də adıçəkilən Vidadi ilə çox problemlərim olub və bunlar haqda zaman-zaman cəmiyyət məlumatlanacaq. Bu adam özünü kimlərinsə yaxını bilir deyə, heç kimə hörmət qoymur. Bir neçə dəfə mən də “zon”a sovqat göndərmişəm, 2 saata qədər yubadıb adamları. Belə biabırçılıqmı olar? 50 dəfə xəbər göndərmişəm ki, etməyin bu biabırçılığı, adamları qapıda o qədər gözlətməyin. Vidadiyə xeyri yoxdur ki. Ancaq hər zaman dustaqların mənafeyini öndə tutan – o, bircə siyasi məhbusların qənimidir, imkanı olsa, hamısını “krıtı”ya bağlayar – rəisə nə olub, onu anlamadım. Problem varsa, həll et. Nə mənbə axtarırsan? Mənim arxivlərimdə o qədər məlumat var ki, yazsam illərlə davam edər. Zaman-zaman da yazılacaq. Bunu üçün orada adamları incitmək, irəli-geri sözlər danışmaq nəyə lazım? Mən axı belə şeylərlə çəkindiriləcək adam deyiləm və doğruya doğru demişəm. İnanıram ki, hamı silkələnib özünə gələcək və işi ilə məşğul olacaq.”
Yazıda adı çəkilən hər kəsin fikirlərinə yer ayırmağa hazırıq.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button