Cahangir Əsgərov türizmi necə böhrana sürükləyir?

«Azal» prezidenti aviabilet satışını necə inhisarda saxlayır?

Bu günlərdə bir sıra mətbuat orqanlarında məlumat verilib ki, Azərbaycanda turizmin inkişafına maneə olan qüvvələr var. Maraqlıdır ki, bu məlumatlardan sonra mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bir sıra media orqanlarının rəhbərləri ilə görüşündə etiraf edib ki, ölkədə turizmi inkişaf etdirmək mümkün deyil. O, qeyd edib ki, Turizmin inkişafına nail olmaq üçün «kabab turizm»indən çıxmaq lazımdır. Məlumatlara əsasən, bu açıqlamasından sonra artıq konkret olaraq bir sıra məlumatlar da alırıq. Məlumat verən mənbə bildirir ki, əslində, ölkədə turizm xidmətlərinin baha olmasının səbəbi birmənalı olaraq nəqliyyat və sərnişindaşınma xidmətlərinin yüksək olması ilə bağlıdır. Artıq bu barədə açıq mətnlə turizm şirkətlərdindən məlumatlar da daxil olur. Məlumatlara əsasən, bu günlərdə Azİntour Co.LTD-nin direktoru Aydın Ağayev deyib ki, turizm sektoru inhisardadır.

Turizm şirkətinin rəhbəri bu sahədə qiymət endiriminin ancaq azad rəqabət mühitində mümkün olduğunu söyləyib: «Turizm sektorunda bizdə azad rəqabət mühiti yoxdur. Turizm şirkəti qiyməti endirmək üçün bileti ucuz qiymətə almalıdır. Amma «AZAL» aviaşirkəti ucuz bileti yalnız öz şirkətlərinə satır. Belə halda digər şirkətlər səyahət qiymətinə necə endirim edə bilərlər? Hamı bilsin ki, turizm şirkətlərinə otellər 10 faiz güzəşt edir. Bu 10 faizin içərisində turizm şirkətinin xərcləri, vergi və s. haqlar da var. Axı turizm şirkəti bu 10 faizin hamısını müştəriyə endirim edə bilməz. Ölkədə turizm sektorunda qiymətlərin aşağı salınması üçün aviareyslərin qiyməti ucuzlaşmalıdır».

«Prezident» turizm şirkətinin rəhbəri Əkbər Şahmarov da 24 saat.az-a açıqlamasında ölkədə turizm qiymətlərinin bahalığına aviareyslərin qiymətinin ciddi təsir göstərdiyini söyləyib. Ə.Şahmarovun sözlərinə görə, «AZAL» şirkəti aviareyslərin qiymətini günü-gündən bahalandırdığından, tur paketlərin də qiyməti qalxır: «Hamı qiymətlərin bahalığında bizi günahkar görür. Soruşurlar ki, niyə Moskvadan Türkiyəyə tur paketin qiyməti ucuzdur, Azərbaycan bu ölkəyə məsafəcə daha yaxın ola-ola bizdə qiymətlər bahadır? Səbəbi odur ki, Moskvadan Türkiyəyə aviareyslərin qiyməti çox aşağıdır. Ona görə də həmin ölkədən Türkiyəyə dincəlməyə getmək bizdən ucuz başa gəlir».

«AZAL»dan isə qiymətlə bağlı açıqlama verməkdən imtina etdilər.

Bundan başqa, onu da əlavə edək ki, redaksiyamıza «Azal» Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun birbaşa göstərişi ilə turizmin inkişafına maneə olmaları barədə məlumatlar daxil olmaqdadır. Məlumatlara əsasən, Azərbaycan və Gürcüstanın hava administrasiyası arasında bağlanan qeyri-rəsmi müqavilələrə əsasən, Bakıdan Gürcüstana gedən turistlər üçün demək olar ki, konkret olaraq bir sıra layihələr həyata keçirilir. Məlumatlara əsasən, Gürcüstanın turizm zonasında yerləşən otellərdə qiymətlər kifayət qədər ucuzdur.  Buna baxmayaraq, heç bir şirkət müstəqil qaydada Gürcüstana turist apara bilməz. Yalnız «Azal»ın aviabiletləri ilə bu turistlər Gürcüstanda qəbul edilir. Bununla bağlı olaraq qəzetimizin ötən saylarında məlumat verdiyimizdən ətraflı olaraq yazmırıq. Lakin bu bir gerçəkdir ki, Azərbaycanda turizmin inkişafına mane olan konkret dövlət qurumları var. Və aviabiletlərin qiymətlərinin artırılmasıyla bağlı konkret olaraq Tarif Şurasının heç bir müdaxilə etmək imkanları yoxdur.

 Elvin Əfəndi

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button