Cahangir Əsgərovun qaranlıq keçmişi

Gələcək varis İlham Əliyev beləcə də deyir: «Canikə dəymə, o, mənim dostumdur!»

 II yazı

 Oğrunun yeri haradır?

 «AZAL»ın rəhbərliyinə Ədalət Əliyevin gəlməsiylə yenə Əsgərovun ulduzu sönür. O, ölkədən uzaqlaşdırılaraq «AZAL»-ın İstanbuldakı təmsilçisi təyin olunur. Ancaq heç bir il də keçmir ki, o, yenə də kapital yığmağı bacarır. Cahangir Əsgərov qardaş ölkənin hava yolları ilə saxta müqavilələr əsasında 380 min dolları mənimsəyir. Yalnız «AZAL» ekspertlərinin və Türkiyənin vergi polisinin diqqətli yoxlamaları nəticəsində sənədlərin saxtalaşdırıldığı faktı ortaya çıxır. Cahangir Əsgərov ikinci dəfə həbsə düşür. Ailə yenə onun müdafiəsinə qalxır və  Cahangir Əsgərovu azad edirlər.

Etibarlı mənbələrin iddiasına görə, İstanbuldakı fəaliyyəti dövründə Cahangir Əsgərov çeçen diasporu ilə çox sıx əlaqələr yaradıb. Nəticədə bu əlaqələr müştərək biznesə və əməkdaşlığa çevrilib. Ədalət Əliyev İstanbulda olduğu zaman Cahangir Əsgərov onu «AZAL»-ın Türkiyədə bina icarəyə götürməsinə məcbur etməyə çalışır. Əsgərov çeçenlərin vasitəsilə öz adına bina əldə edərək sonradan onu Azərbaycan hakimiyyətinə icarəyə verməyi təklif edir. Yeri gəlmişkən, Əsgərovun “İstambul fırıldağını” Əliyevlərin Londondakı səfirləri çox uğurla həyata keçirirdilər. Səfirliyin binası Cahangir Əsgərovun məsləhəti ilə dövlət başçısının qızının adına əldə edilıb və Azərbaycan hakimiyyətinə icarəyə verilıb.

Ancaq Ədalət Əliyev bu sənədi imzalamaqdan boyun qaçırır. Bundan başqa, o, Cahangir Əsgərovu fırıldaqçılıqda və korrupsiyada ittiham edərək, onun aviaşirkətdən uzaqlaşdırılaraq, haqqında cinayət işinin açılmasını tələb edir. Cahangir Əsgərovun əməlləri haqqındakı sənədlər baş prokurorluğa göndərilir.

Ədalət Əliyevin qərarı hakim ailədə kəskin reaksiya doğurur. Hamıdan daha çox İlham Əliyev baş verənlərdən narazı olur. Ədalət Əliyev İlham Əliyevlə görüşü zamanı Cahangir Əsgərovun günahlarını sübut edən sənədləri ona təqdim edir. Gələcək varis sənədlərlə tanış olacağına söz versə də, nazirə kəskin şəkildə bir neçə məsləhət də görür: «Canikə dəymə! O, mənim dostumdur. Sənədlərlə isə tanış olaram».

Bir neçə gün keçdikdən sonra Ədalət Əliyevə o vaxtkı baş prokuror Eldar Həsənov özü zəng edir. O, «AZAL» prezidentini Ailənin iradəsi əksinə getməməyə və əlindəki sənədləri qırağa qoymağa inandırmağa çalışır.

 

«AZAL» prezidentliyinə gedən yol

 

Ancaq Ə.Əliyev inadkarlığından əl çəkmir. 1996-cı ildə Ə.Əliyevlə İ.Əliyevin son görüşü olur. Onlar təsadüfən Milli Məclisin iclasında qarşı-qarşıya gəlirlər. «AZAL» prezidenti yenə də inadkarlıqla Əsgərovun işi ilə maraqlanır. Ə.Əliyevin axırıncı sözünü dinlədikdən sonra İ.Əliyev qəti şəkildə deyir: «Mən axı sənə demişdim, Caniklə işin yoxdur!»

Bu cümləni deyən İ.Əliyev Ə.Əliyevdən sürətlə uzaqlaşır və «AZAL» prezidentinin taleyi həll olunur. Ertəsi gün Ə.Əliyevi işdən çıxarırlar.

Düz ay yarımdan sonra oğul İ.Əliyev və onun ətrafındakı adamlar C.Əsgərovun ad gününü qeyd edirlər. İ.Əliyev oradaca bəyan edir: «Təbrik edirəm, Canik! Ad günündə mənim sənə öz hədiyyəm olacaq. Bu gün atam səni «AZAL» prezidenti təyin edib».

Beləliklə, C.Əsgərovun «Heydər Əliyevin yuvası» adlandırılan Azərbaycan üzərindən uçuşu baş tutur.

«AZAL»-ın keçmiş rəhbəri Ədalət Əliyev isə hədəfə çevrilir. İstintaq qrupu yeddi ay onun əməllərində cinayət tərkibi tapmağa çalışır. Amma bu cəhdlər nəticəsiz qalır. Nəhayət, onu oğlunun «Lyuftqanza»da sınaq müddəti keçməsində, Kembricdə təhsil almasında və «AZAL»-ın İsraildəki təmsilçiliyində işə girməsində ittiham etməyə cəhd göstərirlər. Ə.Əliyevə və onun ailəsinə qarşı repressiya maşını işə salınır.

Hakimiyyətin Ə.Əliyevə başının qarışdığı zamanda C.Əsgərov aviakonsernin sabiq başçısının dövründə imzalanan bütün müqavilələri nəzərdən keçirirdi.

…1995-ci ildə «AZAL» 49,5 milyon dollara «Boinq» təyyarəsinin alınması üçün müqavilə imzalamışdı. Bu məbləğ C.Əsgərova çox kiçik gəldiyindən, müqavilənin şərtlərinə yenidən baxılır. Hakim ailənin biznes ənənələrinə cavab verən yeni müqavilə imzalanır. Bu müqavilə Azərbaycanın dövlət büdcəsinə 75 milyona başa gəlir.

Yeni Binə hava limanının tikilməsiylə bağlı müqaviləyə də redaktə olunur. 36 milyon dollarlıq müqavilə 106  milyon dollarlıq yeni müqavilə ilə əvəzlənir.

C.Əsgərovun bu maliyyə əməliyyatları o vaxtkı maliyyə naziri Fikrət Yusifovun dövlət büdcəsinin qarət olunmasına etirazına səbəb olur. Məhz bu etirazına görə, onun da gələcək taleyi həll olunur. Az keçməmiş Fikrət Yusifov vəzifəsindən uzaqlaşdırılır.

 

Çeçen terrorçularını kim maliyyələşdirib?

 

2004-cü il sentyabrın 1-də Beslanda orta məktəb binasını zəbt edən çeçen terrorçularının zərərsizləşdirilməsi zamanı yüzlərlə günahsız adam, o cümlədən məktəblilər həlak olmuşdu. Sizə təəccüblü gəlsə belə, bu terrorla bağlı istintaq materiallarında «AZAL» prezidentinin adı bir sıra terror aktlarını maliyyələşdirməkdə göstərilib.

Rusiyanın hüquq-mühafizə orqanlarında çalışan həmvətənimizin sözlərinə görə, istintaq materiallarında «AZAL» prezidentinin bəzi terror aktlarına maliyyə dəstəyi verməsi faktı təkzibolunmaz faktlarla təsdiqlənib. Amma ehtimal edilir ki, Cahangir Əsgərov çeçenlərə verdiyi pulların konkret olaraq hansı məqsədə yönəldiləcəyini öncədən bilməyib.

İstintaq materiallarında göstərilir ki, Əsgərov çeçenlər qarşısında maliyyələşmə ilə bağlı öhdəliyi hələ 2002-ci ilin oktyabrında götürüb. O zaman Moskvada Nord-Ost teatrını zəbt edən çeçenlər C.Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanı və onun başqa yaxın qohumlarını da girov götürmüşdülər. Sonradan çeçenlərlə danışıqlara gedən C.Əsgərov «AZAL»-ın Moskvadakı nümayəndəsi Eldar Hacıyevlə birlikdə öz həyat yoldaşını və digər ailə üzvlərini girovluqdan qurtara bilmişdi. İstintaq materiallarında isə qeyd edilirdi ki, C.Əsgərov məhz həmin danışıqların nəticəsi olaraq çeçenlərdən asılı vəziyyətə düşüb. Üstəlik, çeçenlərdən asılı vəziyyətə düşdüyünü C.Əsgərov özü də həyəcanlı dəqiqələrdə ağzından qaçırıb. İstintaq materiallarında göstərilirdi ki, C.Əsgərov ailəsini girovluqdan qurtarıb Bakıya qayıdan kimi hava limanında mətbuata açıqlama verərək bildirib ki, çeçenlər onun ailəsini azad edərkən ona «yadında saxla ki, biz sənə belə bir yaxşılıq etdik» deyiblər. Məhz bu açıqlamanın Rusiya kəşfiyyat orqanlarının diqqətini çəkdiyi güman edilir.

Mənbənin sözlərinə görə, yalnız Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin gərginləşməsinə yol verməmək üçün faktın ictimailəşməsi məsləhət görülməyib. Amma C.Əsgərovun hər hansı terror aktını öncədən bilərək maliyyələşdirdiyi sübuta yetirilərsə, Rusiyanın güzəştə getməyəcəyi bildirilirdi. Bununla belə, istintaqın nəticəsi hələ də bağlı saxlanılır.

Xatırladaq ki, bu haqda 2005-ci ildə Azərbaycan mətbuatında açıq-aşkar yazılırdı.

 

«AZAL» prezidentinə qarşı korrupsiya ittihamı

 

C.Əsgərova qarşı zaman-zaman müxtəlif korrupsiya ittihamları irəli sürülüb. 2009-cu ilin payızında Milli Məclisdə növbəti ilin dövlət büdcəsinin layihəsi müzakirə olunarkən «AZAL» prezidentinin ünvanına daha ciddi ittihamlar səsləndirildi. Millət vəkili Qüdrət Həsənquliyev Naxçıvana təyyarə biletlərinin qiymətinin kəskin surətdə artmasının bütün məsuliyyətini C.Əsgərovun daşıdığını bəyan etdi. Q.Həsənquliyev  onu da xüsusilə vurğulayırdı ki, «AZAL» prezidenti səfərlərə şəxsi təyyarə ilə uçur və şəxsi məqsədlər üçün çoxlu sayda at saxlayır: «Niyə Cahangir Əsgərovun şəxsi təyyarəsi var? O kimdir ki? Prezident, baş nazir, spiker deyil. Niyə o, ümumi reyslə uçmur? Onun şəxsi təyyarəsi ilə ora-bura uçmasına sərf etdiyi vəsait Naxçıvanda yaranan problemin həllinə sərf oluna bilməzmi? Cahangir Əsgərovun vertolyotu var. Bu cür xərclərin qarşısını biz alsaq, bütün problemləri həll edə bilərik. Quruda Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanı havadan da «Azərbaycan Hava Yolları» blokadaya alıb. Naxçıvana təyyarə biletlərinin qiyməti 40 manatdan 75 manata qaldırılandan təyyarə reyslərinin sayı 7-dən 4-ə enib».

Q.Həsənquliyev bu bahalaşmanın səbəbini korrupsiya ilə izah edirdi.

Bir müddət əvvəlsə Əsgərov «AST Telman»ın ad günündə ona üstü brilliant qaşlarla bəzədilmiş 500 min dollar dəyərində hədiyyə etməsi ilə gündəmə gəlmişdi. Amma bu ittihamlarla bağlı indiyədək hüquq-mühafizə orqanları hansısa bir araşdırma aparıb nəticəsini ictimaiyyətə açıqlamayıblar. Hətta korrupsiyaya qarşı mübarizənin gücləndirildiyinin iddia olunduğu ötən doqquz ay müddətində də «AZAL»-dakı qanunsuzluqlarla bağlı bircə fakt belə ortaya qoyulmayıb.

Halbuki 2000-ci ildə mərhum dövlət başçısı Heydər Əliyev «AZAL» Dövlət Konserninin fəaliyyətində bağışlanmaz nöqsanlar olduğunu vurğulayaraq, C.Əsgərovdan bu sahədə «rüşvətxorluğu, cürbəcür çirkin halları» aradan qaldırmağı tələb etmişdi.

Ata Əliyevin C.Əsgərova bu iradlarının üstündən 11 il keçib. Amma vəziyyət dəyişməyib.

Oxucular yəqin ki, Səbail rayonunda yerləşən Ənvər Məmmədxanlı adına kitabxana ilə bağlı yaranmış qalmaqalı da unutmayıblar. Həmin qalmaqal kitabxananın oxu zalını «SW Travel» adlı turizm şirkətinin ələ keçirməsi ilə başlamışdı. O vaxt xalq artisti Yalçın Rzazadə Ə.Məmmədxanlı adına kitabxananın «AZAL» prezidenti Cahangir Əsgərovun mülkiyyətinə çevrildiyini bəyan edirdi: «Roza Rzazadənin – Yalçın Rzazadənin həyat yoldaşıdır – döyüldüyü kitabxana hazırda «AZAL»-ın kassası kimi fəaliyyət göstərir. Kitabxana üçün kiçik bir otaq veriblər. Çox çəkməz ki, onu da ləğv edərlər. Hamı Cahangirin, Əbülfəsin tərəfini tutdu. Dövlət də, millət də məni aldadır. Xəstəyəm, bəlkə millətin buna görə mənə yazığı gəlir? Mən nə dövlətə, nə də millətə lazım olmamışam. Deyirlər, təkrarsız sənətkaram. Budur təkrarsız sənətkara və ailəsinə qoyulan hörmət?»

Qeyd edək ki, sahəsi 260 kv metr olan oxu zalı 2004-cü ildə keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə «SW Travel» şirkətinə icarəyə verilibmiş. Sonradan kitabxananın anbarı da ələ keçirilmişdi.

«SW Travel» «SW Holdinq»in tərkibində fəaliyyət göstərən 19 şirkətdən biridir. Bu holdinqin sahibi «AZAL» prezidenti Cahangir Əsgərovdur.

 «İMAİşirkəti Əsgərovun qəzəbinə niyə gəlmişdi?

 Azər Hüseynbala

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button