Cahangir Əsgərovun qaranlıq keçmişi

 III yazı

 İMAİR” şirkəti Əsgərovun qəzəbinə niyə gəlmişdi?

 Cahangir Əsgərov hava məkanında təkhakimiyyətliliyini təmin etmək üçün müxtəlif ssenarilər həyata keçirib. Bunun nəticəsidir ki, hətta dünyanın ayrı-ayrı iri dövlətlərinə məxsus aviaşirkətlər AZAL” prezidentinin qaydaları ilə işləməyə ya razılaşıblar, ya da şələlərini yığışdırıb getməyə məcbur olublar. Bir vaxtlar yerli hesab olunan «İMAİR» aviaşirkəti də Bakıdan müxtəlif istiqamətlərə uçuşlar həyata keçirirdi. 2009-cu ilin sonlarında ilk özəl aviaşirkət olan «İMAİR» yerinə yetirdiyi bütün aviareysləri dayandırdı. Şirkət rəsmiləri səbəbini maliyyə çətinlikləri ilə izah edirdi. Onlar deyirdilər ki, maliyyə vəsaiti tapa bilsələr, 2010-cü ilin ilk yarısında aviareyslər bərpa olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxsus «İmprotex Group holdinq»ə daxil olan «İMAİR» şirkəti Almatı, Astana, Daşkənd, Surqut, Bodrum kimi şəhərlərə kifayət qədər rentabelli uçuşlar həyata keçirirdi. 90-cı illərin sonlarında isə şirkət rəsmilərindən biri etiraf edirdi ki, Cahangir Əsgərov heç də onların uğurlarından razı deyil. Bu səbəbdən «AZAL» prezidenti müxtəlif vasitələrlə şirkətin mövcudluğuna son qoymaq istəyirdi. Qeyd edim ki, vaxtilə «İMAİR»-ə Ramiz Mehdiyevin oğlunun da ortaq olduğu deyilirdi.

Qeyd edək ki, Cahangir Əsgərov inhisarçılığı sayəsində «KLM», «Swissair», «Emirates» kimi tanınmış şirkətləri də sıxışdıraraq Azərbaycanın hava məkanından çıxara bilib. Hətta bir ara «Lufthanza» ilə də qalmaqal yaranmışdı.

 

Əsgərovun kölgə iqtisadiyyatında payı nə qədərdir?

 

Azərbaycan iqtisadiyyatında kölgə iqtisadiyyatınım payının beynəlxalq ekspertlər 40-60 faiz olduğunu iddia edirlər.

«AZAL» prezidenti Cahangir Əsgərov da kölgə iqtisadiyyatının nümayəndələrindən sayılır. 2004-cü ilin yanvarında mətbuatda iddia edilirdi ki, İsveçrə öz hava məkanında uçuşuna qadağa qoyduğu aviaşirkətlərdən biri də Azərbaycan-Belçika şirkəti olan «Silk Way»dır. Ukraynanın vergi strukturları bu ölkənin Müdafiə Nazirliyinə məxsus 4 köhnə təyyarənin silinərək Azərbaycana satılması faktını aşkarlamışdı.

Bu işdə Ukrayna parlamentinin deputatı Anatoli Levinin adı keçirdi. Əslində, bu adam «AZAL» prezidenti Cahangir Əsgərovun Ukraynadakı ortaq biznes tərəfdaşı da sayılırdı. Məhz onların əlaqələri sayəsində Ukraynaya məxsus köhnə təyyarələr yararsız kimi silinərək, Azərbaycana gətirilmiş və ölkənin hava nəqliyyatı üzrə dövlət reyestrinə salınmışdı.

Araşdırmalar nəticəsində məlum olmuşdu ki, 2005-ci ildə «AZAL» prezidentinin Ukraynadakı tərəfdaşından aldığı və dövlət reyestrinə saldığı həmin İl-76-lar əvvəldə adını çəkdiyimiz «Silk Way»da və digər özəl şirkət olan «Skywind»də peyda olub. Həmin təyyarələrdən biri sonradan Çində qəzaya uğradı. Bundan sonra Çin «AZAL»a məxsus təyyarələri öz hava məkanına buraxmadı. Konsernin mətbuat xidməti «Silk Way»ın «AZAL»-a dəxli olmadığını iddia etsə də, sonra məlum oldu ki, həmin şirkətin rəhbəri Kamran Qasımov Cahangir Əsgərovun baldızı oğludur. Digər bir iddiaya görə, bu şirkəti «AZAL» prezidenti özü yaradıb və çirkli pulların yuyulmasında əməlli-başlı «Silk Way»-dan istifadə edir. Qeyd edək ki, «Silk Way»-ın təsisçisi «İnternational Holding Company» adlı şirkətdir.

Cahangir Əsgərovun digər baldızı oğlu Nurid Əliyev 2005-ci ilin mart ayından istifadəyə verilən Beynəlxalq Hava Limanında Yük Terminalının direktorudur.

 

208 milyon dollarlıq korrupsiya

 

2007-ci ildə ABŞ-ın təyyarə istehsalçısı olan «Boeing» «AZAL»-a 5 təyyarə – 3 «Boeing 787-8 Dreamliner» və 2 «Boeing 737-900 ER» satıb. Fevral ayında Bakıda alğı-satqı müqaviləsi imzalanıb və o zaman Azərbaycan tərəfi müqavilələrin qiymətinin cəmi 401 milyon dollar olduğunu bildirirdi.

Bir qədər sonra «Boeing» saziş haqqında rəsmi məlumat yayaraq bildirdi ki, təyyarələrin ümumi dəyəri 609 milyon dollardır. ABŞ kütləvi informasiya vasitələrində də bu məlumat yayıldı, nəticədə məlum oldu ki, «AZAL» bildirdiyi məbləğlə «Boeing»-in açıqladığı rəqəm arasında 208 milyon dollar fərq var. Bu növbəti korrupsiya əməliyyatına görə «AZAL» rəhbərliyi cəzalandırılmadı. Bunu o vaxt «AZAL»-la ABŞ arasında gizli sövdələşmə kimi də izah edirdilər. 208 milyon dolların hara xərcləndiyi isə hələ də araşdırılmayıb.

Cahangir Əsgərov bütün bu cür özbaşınalıqları İlham Əliyevlə yaxın olduğu üçün edir. Heç kəsdən çəkinmir, heç bir məsuliyyət hissi yoxdur. Onun zaman-zaman hakimiyyətdəki yüksək vəzifəli məmurlarla probleminin yarandığı, lakin hər dəfə məhz Əliyevlərə yaxınlığı sayəsində hamının kürəyini, necə deyərlər, yerə vurduğu bildirilir.

 

Atlı, taksili və «Şöhrət»li Əsgərov

 

Cahangir Əsgərov təkcə Azərbaycanın hava məkanına ağalıq etmir, şahidlərin sözlərinə görə, Binə-Şüvəlan zonası da çoxdandır «AZAL» şefinin tam nəzarətinə keçib. O, vaxtilə bakılı aristokrat Hacınskinin bağ evini alıb. Milli-mədəniyyət abidələrinin siyahısında olan bu bağ evinin sahəsi cəmi 20 sot olub. Cahangir Əsgərov isə hər biri 10 sot olan yaxınlıqdakı 24 sahəni də satın alaraq böyük torpaq mülkiyyətçisinə çevrilib. Deyilənə görə, Hacınski 12 atını cəmi bir tövlədə saxlayırmış. Cahangir Əsgərov isə atları üçün 3 tövlə tikdirib.

Binədən bir qədər uzaqda, 250 min kvadrat metrlik sahədə «AZAL» prezidentinə məxsus İppodrom da yerləşir. İppodrom bir ilxı at üçün nəzərdə tutulub və texnikanın ən yeni nailiyyətləri ilə təchiz edilib.

Cahangir Əsgərovun Mərdəkanda taksi parkı da var. Avtomobillərinin sayı-hesabı isə bilinmir. Şahidlərin fikrincə, parkın gözəlliyinə tamaşa etməkdən doymaq olmur.

Digər ərazi 100 min kvadrat metrdir və ora hər oğul girə bilməz. Poladdan qapıları var və hündür hasarlarla əhatə olunub. Burada Cahangir Əsgərovun adminstrativ binası hesab olunan saray, oliqarxın şəxsi vertolyot meydançası, onun həyat yoldaşının parfümeriya istehsalı müəssisəsi, hazır mal anbarı və s. yerləşir. Burada tennis kortunun, üzən yay və qış hovuzlarının, futbol meydançasının, yüz nəfərlik qonaq evinin olduğu da bildirilir. Cahangir Əsgərov havadan yerə enəndə bu ərazini elektromobillə gəzir, bunun üçün bir neçə elektromobilə də sahibdir.

 Cahangir Əsgərov hələ də mülk alır

 Ən son məlumata görə, AZAL şefi  Səməd Vurğun küçəsində Rixard Zorge bağının yaxınlığındakı qədim arxitekturalı 5 və 7 mərtəbəli binaları alıb. Cahangir Əsgərovun iki binadakı 108 mənzilin hər kvadratına 3200 dollar nağd pul ödədiyi iddia olunur. Söküləcək binaların yerindən Əsgərovun nə məqsədlə istifadə edəcəyi məlum deyil.

Bəs, «AZAL» prezidentinin aldığı binaların hər kvadratına ödədiyi 3200 dolları necə əldə etdiyi məlumdurmu?

 Azər Hüseynbala

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

3 şərh

  1. Lənkəran Beynəlxalq hava limanında azalın işçilərinin beynəlxalq hüquqları kobud şəkildə pozulur.bütün güzəştlər qaldırılıb,əmək haqqı çox aşağı səviyyədədir.rüşvət’txorluq həddini aşır.bayramlarda adi şirkətlərdə zəhmətkeşlərini nəzərə alır,ancaq belə bir nəhəng şirkətdə heç əmək haqları doğru düzgün və vaxtında verilmir.ehtiyac olarkən azal tərəfdən uçuşlar təşkil olunmur.belə gedərsə azərbaycan suriya və digər xaos baş verən ölkələr siyahısına düşər.beynəlxalq təşkilatlar nə üçün bu işə qarışmır.hansı beynəlxalq quruma daxil olan ölkədə 200manat əmək haqqı var,85-135manat pensiya verilir.hansı ki şəkər 1,2 manatdır.neftin ,qazın,və zəhmətkeş insanların əməyi sayəsində qazanılan pullar hara gedir?evrovizion pozğunluğu acından ginorta duran xalqa nəyə lazımdır.5 mln manat nəyə görə ayrılıb,övladlarımızın tərbiyəsini pozmaq üçün?

  2. bank sistemərinin əhaliyə təklif etdiyi yüksək faizli kreditlər əhalinin məhvi üçün təyin olunan böyük bir siyasətdir.ölkə prezidenti nə üçün əhalinin haqqı olan büdcədən banklara borcu olub ödəyə bilməyən xalq üçün nə üçün sərmayə ayırmır.kəmalətdin,ramil usubov,və digər rişələri kreslonun dərinliyinə işləmiş harın vəzifəli şəxslər xaricdə bir villa az alsalar,əhalinin çoxu özünü asmaqdan,oğurluq etməkdən qurtarar.bəsdirin bunu yazı vasitəsi ilə gizli həyata keçirək,bu özbaşınalıqlara son qoyaq.azərbaycanda bizim də haqqımız var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button