Cahangir Əsgərovun qaranlıq keçmişi

AZAL prezidenti çirkli pula ötən əsrin 70-ci illərindən öyrəşib

 I yazı

 Azərbaycan hakimiyyəti ilin əvvəlindən korrupsiyaya qarşı mübarizəyə başladığını bəyan edib. Ötən müddətdə korrupsiya ittihamı ilə yüzlərlə vəzifəli şəxs barəsində cinayət işi də qaldırılıb. Amma bu mübarizə dalğası hələ ki, korrupsiya ilə məşğul olan heç bir yüksək vəzifəli məmura aid edilməyib.

Əslində, Azərbaycan hakimiyyətində təmsil olunan korrupsioner inhisarçılar hər kəsə bəllidir. Onların inhisarda saxladıqları sahələr də göz önündədir. Həmin məmurlar birbaşa hakimiyyətin yüksək dairələrinə bağlı olduqlarına görə onlar öz toxunulmazlıqlarını qoruya bilirlər.

Biz ayrı-ayrı məmurların korrupsiya fəaliyyəti ilə bağlı araşdırmalar aparmaq qərarına gəldik. Bəri başdan qeyd edək ki, araşdırma zamanı kütləvi informasiya vasitələrində müxtəlif dövrlərdə məmurların korrupsiya əməlləri barədə sadalanan faktlardan da istifadə etmişik. Bu qəbildən olan ilk araşdırmamız isə AZAL” Dövlət Konserninin prezidenti, 2010-cu ildə «Şöhrət» ordeni alan Cahangir Əsgərov barəsindədir.

 

«Qədirbilməz Əsgərov»

 

«AZAL» Dövlət Konserninin keçmiş səlahiyyətli işçisi K.N. (ad şərtidir) deyir ki, Cahangir Əsgərov kimi qədirbilməz adamı az taparsan:

– … Vaxt var idi ki, o, hər yerdə taleyin onun üzünə gülmədiyi barədə haray çəkirdi. «AZAL»-ın o vaxtkı rəhbəri Ədalət Əliyevin yazığı gəldi və bir çox həmkarlarının Cahangiri qeyri-təmiz, qaranlıq adam kimi xarakterizə etmələrinə baxmayaraq, onu Azərbaycan aviaşirkətinin Türkiyədəki nümayəndəsi təyin etdi. Əsgərov orada tütün biznesi ilə məşğul olmağa başladı. Lakin təlimata görə bizə, vəzifəli şəxslərə hər hansı kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilirdi. Lakin Cahangir Əsgərov bir neçə iri maxinasiya həyata keçirə bildi. Ona 400 min dollar gəlir gətirən əməliyyat zamanı isə «yandı». Ədalət Əliyev onu vəzifədən azad etmək məcburiyyətində qaldı…

Bu zaman ən ağlasığmaz hadisə baş verdi. Ədalət Əliyevi vəzifədən azad edərək Cahangir Əsgərovu onun yerinə «AZAL» Dövlət Konserninin prezidenti təyin etdilər. Cahangir Əsgərovsa ona yaxşılıq edən və  Ədalət Əliyevin yanında hörməti olanları işdən qovmağa başladı.

 

Hava «qulduru?»

 

“…Yadımdadır ki, Sovet dövrüydü, ezamiyyətdə idim. Səhv etmirəmsə, o zamanın ən yeni dispetçer terminalı düzəldilən Novosibirsk aviasiya dəstəsindəydim. Obyektdə idim və montaj işlərinin gedişinə nəzarət edirdim. Bu zaman selektor əlaqəsi ilə Novosibirsk hava limanının rəisi xəbər verdi ki, aviasiya marşalı, nazir Boris Buqayev məni aparata çağırır. Hava limanı rəisinə dedim:

– Mən aparata çatana kimi ən azı 10 dəqiqə keçəcək.

Bu zaman Boris Paloviçin selektorla səsini eşitdim:

– Selektorla bağla. Söhbət gizli deyil.

– Eşidirəm sizi, yoldaş marşal!

– Podpolkovnik, siz sonuncu dəfə Yevlax təsərrüfatında nə zaman olmusunuz?

– Özüm olmamışam. Lakin idarənin əməkdaşları dəfələrlə ora gediblər… Nəsə özbaşınalıq var?

– Özbaşınalıq soruşursan? – Marşal qışqırdı və bacardığı qədər söyüş söydü. – Özbaşınalıq yox, oğurluq!

Sonra isə hava limanının bütün ərazisinə püskürdü:

– Dərhal bura gəlin və bu hava qulduru ilə məsələləri yoluna qoyun!»

 

Söhbət Yevlax aviasiya dəstəsinin rəisi Cahangir Əsgərovdan gedirdi. Ona hava limanının yeni binasının tikintisinə və eniş-uçuş zolağının yenidənqurulmasına 650 min rubl ayrılmışdı. Buqayev SSRİ Ali Sovetinin Yevlax seçki dairəsindən deputatı olmasaydı, Əsgərov bu vəsaiti heç bir zaman ala bilməzdi. Bu pula yeni, gözəl hava limanı tikmək olardı.

Başçılıq etdiyim yoxlama alınan puldan ən çoxu 90 min rublunun xərcləndiyini üzə çıxardı. Eniş-uçuş zolağı kosmetik şəkildə, keyfiyyətsiz təmir edilmişdi. Yeni adminstrativ binanın və dispetçer mərkəzinin yerində isə köhnə, lakin ağardılmış və rənglənmiş daxmalar dayanırdı… Marşal Buqayevin göstərişi ilə başçılıq etdiyim komissiyanın Əsgərovun dövlət vəsaitini «xüsusi ilə böyük miqdarda» oğurlaması ilə bağlı topladığı faktları prokurorluğa təqdim etdim.

Amma Əsgərov məhkəmədən yaxasını yayındıra bildi. Qeyd edək ki, C.Əsgərov 1979-cu ildə Yevlaxdakı birləşmiş hərbi hissəyə komandir təyin edilib. Elə həmin ildəcə C.Əsgərovu korrupsiya ittihamı ilə həbs edərək, bir neçə gün Dövlət Təhlükəsizlik Komitəsinin zirzəmisində saxlayıblar. Amma o zaman Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində təmsil olunan və o vaxtkı nazir Məmməd Əsgərovla dostluq edən atası cinayət işinin bağlanmasına nail olub…

Bundan sonra Əsgərov aviator kimi etibarı itirdiyindən, uzun müddət vəzifə üzünə həsrət qalıb. Yalnız on ildən sonra C.Əsgərov sistemin rəhbərliyinə yol tapa bilib. Bu dəfə ona aviasiya işçilərinin həmkarlar ittifaqının sədri vəzifəsi verilib.

 İsmailliyyə” fırıldağı

 Ötən əsrin 90-cı illərinin əvvələrində «AZAL» rəhbərliyinin apardığı yoxlama nəticəsində Əsgərovun həmkarlar ittifaqının gəlirindən külli miqdarda pul mənimsəyib “İsmailliyyə” bankına yatırdığı müəyyənləşdirilir. Bu bankı C.Əsgərov Hüseyn Əsgərovla birgə açmışdı. Bəzi məlumatlara görə, 90-cı illərin əvvələrində bu bankdan külli miqdarda maliyyə Türkiyə vasitəsilə Moskvaya ötürülüb. Məhz o vaxtdan etibarən Əliyevlər ailəsilə sıx ünsiyyət quran Cahangir Əsgərovun İlham Əliyevlə dostluğunun başladığı bildirilir. Həmin dövrdə C.Əsgərov gələcək varisə böyük maliyyə dəstəyi göstərir.

Heydər Əliyevin hakimiyyəti zamanı bu bankın müxtəlif fırıldaqlarda ittiham olunması nəticəsində bank bağlanıb, onun rəhbərliyində təmsil olunanlar isə həbs edilmişdi. Ancaq bu dəfə də C.Əsgərov cəzadan yaxasını qurtara bilir. İlham Əliyev özündən yaşca xeyli böyük olan dostunun müdafiəsinə qalxır. Bu dövrdən etibarən indiki dövlət başçısı C.Əsgərova himayədarlıq etməyə başlayır. Bir neçə ildən sonra isə o, Ailənin bərabərhüquqlu üzvünə çevrilir…

 Kod adı – «Azaliya»

 Moskvada Nord-Ost konsert zalının çeçen döyüşçüləri tərəfindən tutulması zamanı mühasirəyə cavabdeh olan Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovniki Sergey Kvitko ilə söhbətin stenoqramı.

 «Səni maraqlandıran seriyadan bu zəng sonuncu idi. Zəng terrorçuların rəhbərinə Azərbaycandan, Çeçenistandan, İnquşetiyadan və Dağıstandan daxil olurdu. Sonuncu ən qısası idi. Yəni danışıq bir dəqiqədən çox çəkmədi. Mən indinin özündə də həmin danışığı kəlməbəkəlmə təkrar edə bilərəm.

 Səs: «Azaliya» pulunu verdi. 1,5 limon (milyon) yaşıl (dollar) mənim əlimdədir.

BaşçıLimonlar saxta deyil?

Səs: Nə danışırsan? Elə iy gəlir ki, elə bil indicə ağacdan dərmisən.

Başçı: «Azaliya»ya de ki, mənim içəri girməyə razılıq verdyim barədə bizi mühasirəyə alan it sürüsünə desin.

Və danışıq bitdi.

 «Azaliya» Azərbaycan aviasiya xidmətinin rəhbəri Cahangir Əsgərovun ailə üzvlərinin Nord-Ostdan çıxarılması üçün əməliyyatın kod adı idi. Onun ailə üzvləri yüzlərlə digər şəxslər kimi terrorçuların girovu idilər.

Yeri gəlmişkən, əməliyyata «Azaliya» adı terrorçusunun öldürülmüş başçılarının sözünə uyğun verilmişdi. Başçı bu sözü Bakı ilə qeydə aldığımız birinci danışıq zamanı işlətmişdi. Ona Çeçenistanın Azərbaycandakı nümayəndəsi Nuxayev zəng edirdi. Nuxayev başçıya bildirmişdi ki, «Azaliya»nın şefi yerindən tərpənmədən özününkülərə görə 500 min dollar pul təklif edir.

Bandit əvvəlcə soruşur:

– Özününkülərə görə deyirsən? Burada məndə onun neçə adamı var?

– Üç nəfər.

– Hərəsinə görə yarım milyon!… «Azaliya» üçün 10 milyon da bir pul deyil. Sən ki bilirsən. Ona çatdır ki, mən hörmət edirəm. O, başa düşəcək… Əlaqə bitdi!

 Sonuncu iki cümlə bizi maraqlandırmaya bilməzdi. «Azaliya»nın şefi ciddi müşahidə altına alındı. Bəs necə? Təsəvvür edin, neft, qaz, şaxtalarla heç bir əlaqəsi olmayan şəxsin külli miqdarda pulu var. Özü də on milyon «yaşıl» onun üçün heç nədir. Bu pullar haradandır? Və bir də onun çeçen banditi ilə tanışlığı haradandır? Sonuncu ona hörmət edir və işarə vurur: «O başa düşəcək…»

Tezliklə hər şey aydınlaşdı. Sən demə, «Azaliya» – Cahangir Əsgərov karqo-daşınmaların vahid və bölünməz sahibidir. Karqo-daşınma – xarici ticari əməliyyatlarda gəmilərin dəqiq ad göstərmədən yük daşınmasıdır. Bir sözlə, göydən qızıl yağışı. Nağıllardakı deyil, həqiqi Eldarodo. İstənilən miqdarda və istənilən malın, o cümlədən silah, pul və narkotik maddələrin daşınması…

 Əsgərov da büdcə vəsaitlərini oğurlayır?

 Məsələn, o, ayrılan büdcə vəsaitinə daxili qiymətlərlə yanacaq alaraq sonra onu xarici firmalara üç dəfə baha – dünya standartlarına uyğun qiymətə satır. Gəlir 300 faizdir. Öz işlərini, o cümlədən bu işləri Əsgərov ona məxsus offşor kampaniyasının vasitəsilə həyata keçirir. Bu, ona ildə 150 milyon dollar gəlir gətirir.

Əsgərovun offşor kampaniyası harada yerləşir?

Bəlli deyil.

 Oğrunun yeri haradır?

 Azər Hüseynbala

“Xural” qəzeti,

il 9, sayı: 060 (470), 15 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button