Cahangir Hacıyev Hacı Məmmədovla necə görüşüb? «MTN işi» ilə bağlı yeni məlumatlar

Akif Çovdarovun şərlədiyi qardaşların taleyindən xəbər yoxdur

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla quda olduqdan sonra Hacı Məmmədovla şəxsən görüşüb. Görüş Eldar Mahmudovun dəstəyilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında baş tutub. İddialara görə, Cahangir Hacıyev görüşdə Hacı Məmmədovdan xanımının qaçırılması ilə bağlı olayın təfsilatını soruşub.

Hacı Məmmədovun dedikləri Cahangir Hacıyevlə Eldar Mahmudovun əlində rəqiblərinə qarşı rıçaq olub. Ümumiyyətlə, Eldar Mahmudov bir çox məmuru məhz Hacı Məmmədovun verdiyi bilgilər əsasında “verbovat” edib.

Redaksiyamıza daxil olan başqa məlumatda isə bildirilir ki, Eldar Mahmudovun yaratdığı dəstə xarici media ilə də fəal işləyib. Məlumata görə, dəstə hansısa məmuru sıradan çıxarmaq istədikdə xarici mətbuatda onun haqqında kompromat tipli materiallar dərc etdirirmiş. Dəstənin hədəfinə gələn məmurların sırasında xüsusilə maliyyə naziri Samir Şərifovun adını çəkmək olar.

MTN-in həbs edilən generalı Akif Çovdarov barədə də ilginc məlumat yayılıb. AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Facebook” səhifəsində yazıb ki, Akif Çovdarovun Badamdar qəsəbəsində özünün, qızının və oğlunun Badamdar qəsəbəsindəki villalarının ərazisi iki qardaşa məxsus olub.

Həmin şəxslər Akif Çovdarov tərəfindən şərlənərək həbs ediliblər. Bu günə qədər onların taleyindən xəbər yoxdur

Vidadi Zeynalov adının Eldar Mahmudovla birgə çəkilməsini istəmir”

Vidadi Zeynalov Baş Prokurorluqda aparılan işin qətiyyən ona dəxli olmadığını, Eldar Mahmudovu şəxsən tanımadığını, onunla əlaqəsi olmadığını deyir”.

Bu haqda isə Modern.az saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

Vəkil qeyd edib ki, sabiq aparat rəhbəri mətbuatda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqəli olması səbəbindən həbs edilməsi iddiası ilə razılaşmır: “O, korrupsiya ilə əlaqədar istintaqa cəlb edilib. MTN-nin vəzifəli şəxsləri barədə qaldırılan cinayət işi isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Yəni istintaqlar tamam fərqli yerlərdə getdiyindən bir-biri ilə əlaqələndirilməsi doğru deyil.

Hüquqlarını müdafiə etdiyim şəxs adının MTN-nin yüksək vəzifəliləri ilə birgə hallanmasını heç cür qəbul etmir”.

Vəkil “Vidadi Zeynalov adının korrupsiya məsələsində hallanmasını qəbul edib özünü təqsirli sayırmı?” sualına cavabında bu barədə fikir bildirmədiyini deyib.

Adəm Məmmədov onu da vurğulayıb ki, istintaq davam etdiyindən bütün məsələlərin açıqlanması mümkün deyil: “Vidadi Zeynalovun təqsirli və ya təqsirsiz olması məhkəmə hökmündən sonra müəyyən olunacaq. Hələlik istintaq davam edir. Çalışırıq ki, araşdırma obyektiv aparılsın. Eyni zamanda, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət veriləcək”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən sabiq aparat rəhbəri Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Hilal Əsədovun xanımı danışdı

Milli Təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədovun işdən çıxarılması ilə bağlı yayılan məlumatlara xanımı, Bakıdakı poliklinikalardan birinin baş həkimi işləyən Nüşabə Əsədova aydılıq gətirib.

Nüşabə Əsədova Criminal.az-a açıqlamasında bildirib ki, Hilal Əsədov hazırda işdədir, MTN-də öz kabinetdində iş başındadır: “Onun işdən çıxarılması ilə bağlı məlumatları bizi sevməyən düşmənlər yalandan yayır. Ancaq onların arzuları ürəklərində qalır. Hilal Əsədov bu dəqiqə işdədir, MTN-də kabinetində oturub. Onun işdən çıxarılması yalandır. Prezidentin sərəncamı nə vaxt olub ki? Bunu yəqin kimsə məqsədli şəkildə yayır. Hilal müəllimin vəzifəsi elədir ki, onu çıxarmaq üçün ancaq prezidentin sərəncamı olmalıdır. Bunun üçün ancaq prezident qərar verə bilər. Kimsə ağzına gələni yazdırır, axu bu düz deyil”.

Baş həkim deyib ki, bir neçə gün əvvəl yaşadıqları evin şəkilini də çəkiblər, deyirlər guya evdə axtarış olub. Kiminsə kimsəni cəzalandırması düz deyil axı..

Nüşabə Əsədova həyat yoldaşının Bakıda otelləri və obyektləri olması məsələsinə də aydınlıq gətirib: “Otelimiz, obyektimiz var ki əlimizdən də alınsın? Həyat yoldaşımın bir obyekti belə yoxdur. O, təmiz işləyən adam olub. Hilal müəllim dövləti, milləti üçün təmiz işləyən bir şəxsiyyətdir. Hardadır o obyektlər? Göstərsinlər, mən də yerini tanıyım. Murdar adamlar yayır belə məlumatları. Siz gəlib evimə, bağıma baxsanız, görərsiniz ki heç nəyimiz yoxdur. Bir obyekt belə yoxdu, hələ onu sayını çoxaldırlar. Belə bir misal var: yaddan çıxıb gözdən düşmə amandır. Yəqin bizi yaddan çıxmağa qoymurlar. Ona görə də Hilal müəllim haqda məlumatlar yayır, canfəşanlıq edirlər”.

Sonda nazir müavinin xanımı vəzifənin ömürlük olmadığını vurğulayıb: “Çıxaranda da çıxararlar. Vəzifə hamı üçün ömürlük deyil ki? Cənab prezident sərəncam verib çıxardar, canı sağ olsun. Vəzifə ancaq bizim üçün deyil ki. Çıxaranda da gedib xidməti təqaüdünü alar. Yoldaşım 11 il MTN-də can qoyub. Antiterror idarəsində zülm çəkib bu insan. Niyə ağızlarına gələni yazırlar?”.

Azay Quliyevin də adı hallandı, qarşı tərəfdən cavab gəldi

Criminal.az saytı məlumat yayıb ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin adı da “MTN işi”ndə hallanır. Məlumatda deyilir ki, Yüksək Texnologiyalar Nazirliyi kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da MTN-nin maliyyə poliqonuna çevrilib.

Məlumatda deyilir ki, Şura yaradılarkən MTN-nin əməkdaşı Azər Rəhimovun üçün orada xüsusi vəzifə açılmış və ona ayrıca otaq ayrılıb və külli miqdarda vəsait MTN rəhbərliyinə ötürülüb. Hər bir qrant müsabiqəsində özlərinə aid olan xeyli sayda təşkilatlara maliyyə ayırıb, yarısını özlərinə, digər yarısını isə cəmləşdirərək MTN rəhbərliyinə ötürüblər. Rabitə Nazirliyində baş verən olaydan sonra Azay Quliyevin 1 həftə öncəki tarixlə MTN-nin polkovnik leytenantı Azər Rəhimovu Şuradakı vəzifəsindən azad etməsi deməyə əsas verir ki, Şura MTN-nin poliqonuna çevrilibmiş.

Şuranın qrant vəsaiti ayırdığı təşkilatların adlarına və onların maliyyə aldıqları layihələrə diqqət yetirəndə görünür ki, həmin layihələrin heç biri real icra olunmaq üçün deyil. Onlar çox asanlıqla sənədləşdirilib, pulunun silinməsi mümkün olan işlərdir.

Məsələn: Quba Kənd Təsərrüfatına Dəstək İctimai Birliyi Gəncə şəhərində vətənpərvərlik təlimləri keçmək üçün Şuradan qrant alır. Əgər Azay Quliyev dediyi qədər şəffaflığı təmin edirsə, Qubada kənd təsərrüfatı ilə məşğul olan təşkilata Gəncədə vətənpərvərlik təlimləri keçirməyə necə imkan verib?

Başqa faktlar:

– 600-dən çox QHT-ni özündə birləşdirən Milli QHT Forumuna Azay Quliyevin bibisi oğlu Rauf Zeyninin rəhbərlik etməsi;

– 5 regional QHT Resurs Mərkəzlərinin (Şirvan, Qəbələ, Şəmkir, Quba və Mingəçevir) rəhbərlərinin Azay Quliyev tərəfindən idarə olunması və onlar vasitəsilə həmin regionda olan QHT-lərə ayrılan pulların toplanması; Xarici donorlardan ayrılan maliyyə vəsaitlərinin Şura vasitəsilə adları qeyd olunan Resurs Mərkəzlərinə yönəldilməsi (Kimoneks, Counterpart və SEDA);

– Şuranın əməkdaşlarının 70 faizinin Azay Quliyevin qohumlarından ibarət olması; Şuranın icraçı direktorunun Azay Quliyevin bacısının həyat yoldaşı, baş mühasibin isə baldızının həyat yoldaşı – bacanağı olması;

– Şuranın nəzdində fəaliyyət göstərən QHT Nəşriyyatının direktorunun Azay Quliyevin qayınatası Ramil Süleymanovun olması;

– Şuradan qrant alan QHT-lərin bütün çap işlərinin məcburi şəkildə QHT Nəşriyyatında etdirilməsi;

– Şuranın bütün texniki avadanlıqlarını satan və xidmətlər göstərən müxtəlif adlı şirkətlərin Azay Quliyevin dayısı oğlu İlham Bayramova məxsus olması;

– Şuranın QHT-lərə ayrılan 2,5 milyonluq qrant məbləğindən başqa, yerdə qalan 3-4 milyon vəsaitin Şuranın tədbirləri adı altında silinməsi;

– Şuradan qrant alan QHT rəhbərlərinin Azay Quliyevin Milli Məclisə keçirilən seçkilərindən məcburi şəkildə cəlb edilməsi və s.

Azay Quliyev açıqlamasında ölkədə olmadığını bildirib. Bu məlumatların təxribat olduğunu istisna etmir. QHT Şurasının mətbuata müraciətində də məlumatların təxribat olduğu bildirilir. QHT Şurasının mətbuata müraciətində deyilir:

Naməlum elektron ünvandan müxtəlif media qurumlarına Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti haqqında yalan, iftira və təxribat xarakterli məlumatlar göndərilib.

Kütləvi informasiya vasitələrindən bu məsələ ilə bağlı diqqətli olmaları xahiş olunur”.

MTN-in keçmiş əməkdaşından ilginc ittiham

2000-ci ildən Fransada yaşayan MTN-in keçmiş əməkdaşı Ramin Nağıyev “Yeni Müsavat”a müsahibəsində Eldar Mahmudovu Azərbaycanda vəhhabiliyin sələfi qolunun gücləndirməkdə ittiham edib: “Hər gün Azərbaycan mediasında dərc edilən iş adamlarının qorxudularaq talanması, onların oğurlanması, ”özəl” həbsxanalara salınması xəbərlərindən danışmayacam. Mən əsasən Azərbaycanda radikal dini cərəyan – sələfizmin genişlənməsi haqqında danışmaq istəyirəm. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdandan sonra MTN-in qarşısında konkret məqsəd və vəzifələr qoymuşdu. Bu vəzifələrin içərisində ölkəyə sızan terrorçu qrupların ləğv edilməsi, radikal dini cərəyanların ölkəyə yol açmasının qarşısının alınması ən əsaslardan biri idi. Uzun illər təhlükəsizlik orqanlarında çalışan və general rütbəsinə qədər gəlib çatan Heydər Əliyev çox yaxşı bilirdi ki, hansısa qüvvələr ölkədə sabitliyi pozmaq istəsələr, bunu fanatik dindarların əli ilə etməyə çalışacaq. 1996-cı ilin sonlarına qədər MTN bu işin öhdəsindən çox yaxşı gəlirdi. O zaman da radikal dini cərəyanları çox ciddi dəstəkləyən Səudiyyə Ərəbistanı, Qatar, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərə aid bir çox fondların Azərbaycandakı bölmələri bağlandı, əməkdaşları isə ölkədən çıxarıldı. O zaman hər kəs anlayırdı ki, bu fondların arxasında xarici dövlətlərin xüsusi xidmət orqanları dayanır. 2004-cü ildə Eldar Mahmudov milli təhlükəsizlik naziri postuna gətiriləndən sonra vəziyyət 180 dərəcə dəyişdi. Həmin fondlar yenidən Bakıda nümayəndəliklərini açdılar, böyük maliyyə axını başladı, sələfilər ölkədə rahat, açıq fəaliyyətə keçdilər, ətraflarına çox sayda tərəfdarlar toplamağa başladılar. Qısa müddətdə təkcə Bakıda sələfilərin 15-20 min tərəfdarı yarandı. Səudiyyə Ərəbistanının ənənəvi dini cərəyanı olan sələfilik söhbət açdığım dövrə qədər Azərbaycanda qətiyyən polulyar deyildi. Böyük maliyyə axını ilə şəhərlərdə, kənd və qəsəbələrdə özəklər yarandı. Sələfilər Azərbaycanda hakimiyyəti ələ keçirib ölkəni İslam Xilafətinə birləşdirmək niyyətlərini qətiyyən gizlətmirlər. Bu isə ölkənin milli təhlükəsizliyinin təhdididir. Azərbaycanın xüsusi xidmət orqanları, konkret Milli Təhlükəsizlik Nazirliyi bu cəhdlərin qarşısını almalı idi. Ancaq bu baş vermədi. Əksinə, MTN radikalların əsas gəlir qaynaqlarından olan Binə, Sədərək və digər iri ticarət nöqtələrindəki məntəqələrini himayə etməyə başladılar. Təbii, bunu havayı etmirdilər. Bundan başqa MTN bəzi məmur-oliqarxların sələfilərə hər ay bəlli məbləğdə maliyyə ötürməsinə də göz yumurdu. Söhbət icma üzvlərinin sayından asılı olaraq aylıq 30-50 min manatlıq ayırmalardan gedir. Bundan başqa, 2010-cu ildən başlayaraq Azərbaycanın 1000-dən çox vətəndaşını Suriyaya və İraqa savaşmaq üçün aparan muzdluların ölkəyə sərbəst gediş-gəlişinə də göz yumuldu. Həmin 1000 nəfərdən 500-ü artıq öldürülüb. Sumqayıtda radikalların törətdiyi və MTN-in mediada tirajlanmaması üçün yetərincə ciddi çalışdığı məsələ isə ayrı bir hekayədir. Bu siyahını uzatmaq üçün yetərincə fakt var. Məsələn, yüksək vəzifəli dövlət məmurlarının övladlarının sələfilərə ciddi maliyyə dəstəyi verməsi və onlarla sız münasibətləri haqqında xeyli fakt var. Bu məsələ üzərində ona görə xüsusi dayanmağa məcbur oldum ki, bu gün o daha aktualdır. Qərb ölkələrinin xüsusi xidmət orqanları Liviya, Misir, İraq, Suriya kimi ərəb ölkələrinin dini fanatlarından öz məqsədləri üçün istifadə etdilər və bunun hansı nəticələrə gətirdiyini hamımız görürük. Noyabrın 13-də Parisdəki terror olayı da o sıradan… Bu, Azərbaycanda da baş verə bilər. 2010-cu ildən Türkiyənin Suriya ilə sərhəd ərazilərində düşərgələr saxlanmasına nəhəng pullar boş yerə xərclənmir. Həmin düşərgələrdə Azərbaycan vətəndaşları da var. Seçimdən sonra onların bir hissəsi Suriyaya göndərilir, hazırlığı zəif hesab edilənlər isə təlimlərini davam etdirilir. Onlara eyni zamanda konspirasiya, etibar qazanma qaydaları öyrədilir və onlar üçüncü ölkələr vasitəsilə Azərbaycana qayıdır. Bu illər ərzində həmin düşərgələrdə təlim keçən neçə qrupun Azərbaycana qayıtdığı bəlli deyil. Mən dəfələrlə mümkün kanallarla bu informasiyaları ölkə rəhbərliyinə göndərmişəm… Ancaq onların qarşısının alınması üçün heç bir tədbir görülməyib. Yalnız Eldar Mahmudov vəzifədən kənarlaşdırılandan və MTN-ə yeni rəhbər təyin ediləndən 1 gün sonra Bakıda böyük əməliyyat keçirildi və onlarla sələfi həbs edildi. Daşlar yerindən oynayıb… Əsas odur ki, gecikməyək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button