CANLI QƏZET MƏZARLIĞI ÜZƏRİNDƏN UÇARKƏN

Mənə zəng vurub Mətbuat Şurasının qurultayı barədə məqalə yazmağı xahiş etməsəydilər, həmin gün şəhərdə belə gurultulu bir ad altında («Azərbaycan jurnalistlərinin yeddinci qurultayı»!) hadisə baş verəcəyindən xəbərim olmayacaqdı.

Qurultayın necə başlandığını bilmək mənim üçün vacib əhəmiyyət kəsb etmirdi. Burada təzə nə ola bilərdi ki? Himn oxuyacaqlar, sonra təntənəli təbrik məktubu səsləndirəcəklər.

Mətbuat Şurasının və onun işini yönlərdirən şəxslərin medianın bugünkü vəziyyəti haqda söyləyəcəklərini eşitmək də vacib deyildi. Bu məsələdə, eynilə, yenilik gözlənilmirdi. Artıq beşinci qurultaydır ki, onlar vaxtilə çiçəklənən qəzet-jurnal bazarının xarabalıqları üzərində qurulmuş səhnəyə çıxıb, sanki, meditasiya ilə məşğul olurlar. Sadəcə, üzlərini qatılaşan problemlərdən yan tuturlar və şüuri olaraq xoş xəyallar dənizinin ənginliklərinə enirlər: hər şey yaxşıdır,.. biz qabağa gedirik,.. durmadan inkişaf edirik,.. hamıdan güclü və müstəqilik… Bu tədbirdə mənə, o cümlədən «Ayna»nın düşünən oxucularına maraqlı ola biləcək bircə şey qalırdı: həmin adamlar sabahkı gün haqqında nə fikirləşirlər, öz gələcəklərini, jurnalistikanın gələcəyini və deməli, qismən ölkənin gələcəyini necə görürlər?

Qurultay bu suallara birmənalı cavab verdi.

Birinci növbədə, Mətbuat Şurasına özü haqqında ayrıca qanun lazımdır! Axı bunsuz nazirlik səviyyəsinə yüksəlmək arzusuna düşmüş ictimai təşkilatın nə gələcəyi ola bilər? Əmrlər vermək, bütün KİV-lər üçün məcburi qərarlar qəbul etmək, cərimələmək, dayandırmaq, bağlamaq hüququna başqa necə yiyələnmək olar? İnsanlar dərk etmirlər ki, Mətbuat Şurası haqqında qanun çıxarmaq – onun medianın özünütənzimləmə mexanizmi kimi mahiyyətini heçə endirmək, Şuranı normativ qaydaların qorxu altında icrasına nail olan rəsmi qurumlar sırasına qatmaq deməkdir. Təsəvvür edin ki, ölkənin bütün digər yaradıcı təşkilatları – yazıçıların, naşirlərin, rəssamların da cəmiyyətləri eyni iş rejiminə keçirilir! Qarşımızda nə gözəl perspektiv açılır! İnkişaf üçün təkan əvəzinə təpik yemək buna deyilir!

İkinci növbədə, əlbəttə, İnternet üzərində nəzarəti gücləndirmək, Mətbuat Şurasının onlayn media və sosial şəbəkələrlə məşğul olan ayrıca bölümlərini yaratmaq gərəkdir. Yalnız elektron və çap versiyada mətbuatın materiallarını araşdırmaq bu gün artıq Şuraya maraqlı deyil. Mətbuat da mətbuat ola – canlı qəzet məzarlığını xatırladır. Qurultayda redaktorların öz dillərindən səslənən təklifləri eşidəndə, oxuyanda onlayn medianın gələcəyi üçün təşviş keçirir, bizim dözümlü məmurlara uzun ömür və can sağlığı arzulamaq istəyirsən. «Domen ünvanlarının satışını məhdudlaşdırmaq, internet jurnalistikanı lisenziyalaşdırmaq, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunmasına göz qoymaq, bəzi xarici saytlara çıxışı bağlamaq…» — təklif müəlliflərinin fikrincə, Şuranın yeni bölümləri, görünür, məhz bunlara nail olmalıdır. Belə yerdə Miloş Formanın «Ququ quşu yuvası üzərindən uçarkən» filmindən məşhur deyimi necə xatırlamayasan:«Mən demirəm ki, onu öldürdülər. Sadəcə, üstündə işlədilər»?

Və sözsüz ki, xroniki pul çatışmazlığı barədə ardı-arası kəsilməyən söhbətlər… Qurultay reklam bazarının çökməsi səbəblərini müzakirə etmədi, mediada iqtisadi dayanıqlığa nail olmağın yollarını aramadı. Zal yekdilliklə problemin tanış həlli variantı üzərində dayandı: Hökumət bizə pul versin! Özü də çox versin! Prezident mətbuata subsidiyalarını artırsın, internet-saytlara da ayrıca vəsaitlər ayırsın! Bəziləri tələb irəli sürürdü, amma əksəriyyət fağır səslə rica edirdi.

Bir sözlə, mən qurultaydan sürpriz gözləmirdim. Nahaq yerə! Sonda nümayəndələr Şuranın idarə heyətinin üzvlərinin sayını artırmaq barədə qərar qəbul etdilər. Niyə? Düşünürəm ki, bunu onlardan heç biri söyləyə bilməzdi: xırdalıqlara vaxt itirməyə dəyməzdi, başlar siyahı üzrə səsvermə kimi mühüm işə qarışmışdı. Və bu işin nəticəsi olaraq, idarə heyətinə yeddi nəfər «ictimaiyyət nümayəndəsi» seçildi: onlardan ikisi biznesmen, beşi isə mənim hörmətli həmkarlarım oldu. Amma… bircə dəqiqə… Axı Nizamnamədə (əlbəttə, əgər o, növbəti dəfə dəyişdirilməyibsə) açıq-aydın yazılıb: belə üzvlər «geniş ictimaiyyəti təmsil edən, hazırda jurnalist fəaliyyəti ilə məşğul olmayan, habelə dövlət strukturlarında çalışmayan» şəxslər sırasından seçilirlər. Əks təqdirdə, onların harası «ictimaiyyət nümayəndəsi» olar ki? Qurultayın seçdiklərindən üç nəfəri isə ölkənin ən ali dövlət strukturlarından birinin – parlamentin üzvüdür. Dörd nəfəri – media təşkilatlarının rəhbəridir, yəni, hazırda jurnalist fəaliyyəti ilə məşğul olur…

Yoxsa mən yanılıram: bu, artıq jurnalistika deyil?

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button