Çapay Sultanov – Dövlətinə xidmət edən insan

Nurəddin Xoca

Bu günlərdə əlimə bir kitab düşdü. Vərəqləməyə başladım, kitab məni aldı getdi. Bu kitab Çapay Sultanovun “Politiçeskie i ekonomiçeskie etyudı po yujnomu Kafkazu” (Cənubi Qafqaz üzrə siyasi və iqtisadi etüdlər) adlı 660 səhifəlik araşdırmadır. Əslində, mütəxəsislər üçün yazılan  kitab, bugünkü Azərbaycanda özünə böyük Oxucu auditoriyası qazanmalıdır. Azərbaycanın dünənindən və bu günündən danışan kitab bizə sənədlərin dili ilə bizə məlum olmayan çox ilginc məlumatlar verir. 1850-ci ildən bu tərəfi əhatə edən xronika dünya siyasətində Azərbaycanın mühüm yerini və onun neftinin dünya siyasətinə və iqtisadiyyatına təsirini bizə sənədlərin dili ilə çatdırır. Cəmiyyətimizin hər bir sahəsinə diqqət ayıran Çapay müəllim islam coğrafiyasına daxil olduğumuzu nəzərə alaraq bu aspekti də araşdırıb. İtaliya baş naziri Berliskoninin antiislam tezisləri, antiislamçılardan olan “Odnako” verlişinin aparıcısı M.Sokolov , Kiselyovun “Rus demokratlarının vicdanı” adlandırdığı V.Voynoviç kimi odioz şəxslərin cavabını Roma Papası 16-cı Benediktin dili ilə verə bilib.

İdeoloqları N.S.Trubetskoy və Savıçkiy olan Avrasiya konsepsiyasının admiral Xelford Makinder  tərəfindən ingilis siyasətinin doktrina halına gətirməsi və bu haqda Bzejinskinin açıqlaması, Azərbaycanın bu doktrinada yerinin çox mühüm olmasının sübutu Çapay müəllimin araşdırmasının bəhrəsidir.

Rus imperiyasına daxıl olandan sonra Azərbaycanın imperiya tərəfindən necə sömürüldüyünü  və əvəzində heç nə almadığını bu kitab bizə sənədlər vasitəsi ilə göstərir. Yerli aborigen əhalinin gəlmə iş adamları tərəfindən sıxışdırıldığını və bu işdə onların müttəfiqlərinin ermənilər olduğunu sənədlərdən görürük. Buna “Nobel qardaşları” kompaniyasının H.Z.Tağıyevi sıxışdıraraq onun neft biznesini əlindən almasını bariz nümunə kimi göstərə bilərik. Belə nümunə və faktlarla dolu olan bu kitab Azərbaycan üçün doğrudan da böyük töhvədir.

Biz bu kitabda Azərbaycan neftinin hesabına qalib gəlmiş Sovetlər Birliyinin Azərbaycanı erməniləşdirmək siyasətinin ifşasını görürük. Əgər Bakı nefti olmasaydı, Böyük Vətən müharibəsində qələbə də olmayacaqdı. Bunu müəllif sənədlərlə sübut edir. Lakin rus imperiyasının siyasi davamçısı olan Sovetlər Birliyi Azərbaycanı erməniləşdirmək siyasətindən əl çəkmir.

Çapay müəllim Qarabağ münaqişəsinə də böyük diqqət ayırıb. O, bu münaqişənin ipuclarının Moskvada və Qərbdə olduğunu sübut edir. Müstəqil Azərbaycanın tərəqqisinə və problemlərinə toxunan və onu təhlil edən Çapay müəllim ayrılıqda Cənubi Qafqaz reqionunun heç bir dövlətinin sülhsüz tərəqqiyə nail ola bilməyəcəyi qənaətinə gəlir. Sülh üçün isə reqionda olan bütün dövlətlərin ərazi bütövlüyü təmin edilməlidir ki, bu dövlətlərin hər bir vətəndaşı dinindən və inanclarından asılı olmayaraq özünü hər üç respublikada əmin–amanlıqda hiss etsin. Buna  mane olan isə bu regionda destabilizator rolunu oynayan Ermənistandır. Hansı ki arxasında duran bütün güclər Azərbaycanın güclənməsini və regionun aparıcı dövləti olacağını görür və buna mane olmaq üçün Ermənistanı öz tarixi – təxribatçı rolunda istifadə edir.

Beləliklə, bu gözəl kitabdan çox şey yazmaq olar, lakin bu kitabı oxumaq lazımdır və onda deyə bilərsən ki, mən Azərbaycanın dünənini, bu gününü bilirəm və sabahını proqnozlaşdıra bilərəm. Bir də çozəl araşdırma üçün Çapay müəllimə böyük təşəkkürlər.

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button