Çarəsiz Vüsalə Mahirqızı

Kəmaləddin Heydərovun ələmanı keçmiş əməkdaşının «Xural»da dərc olunan müsahibəsinə dözüm nümayiş etdirə bilmədi vəçaşdı

«Qafqazinfo.az» saytına rəhbərlik edən Elbrus Ərudun «Xural» qəzetinə müsahibəsi rezonansa səbəb olub. Ərud bu müsahibədə əvvəl işlədiyi media qurumunun müstəqil olmadığını bildirib.  «Niyə indi APA-da çox şeyləri yazmaq mümkün deyil» sualına E.Ərud belə cavab verib: «Biz azad doğulmuş insanlarıq və APA-nı da elə azad doğmuşduq. Azad insanların tədricən köləyə çevrilməsi, azadlıqlarını qurban vermələri mənə uyğun olan bir şey deyil. Mən köləyə çevrilmək istəmədim».

APA-nın keçmiş əməkdaşı bir qədər də irəli gedərək söyləyib ki, agentlik əvvəlki deyil: “APA öz azadlığını könülxoşluğu ilə itirməyib». E.Ərudun fikirlərinə münasibət öyrənmək üçün simsar.az-ın əməkdaşı APA-nın baş direktoru V.Mahirqızı ilə əlaqə saxlayıb.

V.Mahirqızı simsar.az-a açıqlamasında bildirib ki, həmin müsahibəni oxuyub və oradakı fikirləri ciddi saymır: «Həm müsahibə götürəni, həm də müsahibə verəni ciddi şəxs hesab etmirəm. Hamı bilir ki, 600 manat maaş alan müxbirin birdən-birə müstəqil sayt yaratmaq eşqinə düşməsi mümkün deyil. Ona görə də, onların APA ilə bağlı qeyri-ciddi fikirlərinə münasibət bildirmək istəmirəm».

V.Mahirqızının məsələyə heç dəxli olmadan «Xural»ı da qatması və Əvəz Zeynallını nəzərdə tutaraq «müsahibə götürəni də… ciddi şəxs hesab etmirəm» açıqlamasını verməsi marağımıza səbəb oldu. Axı biz həqiqətən də Vüsalə xanıma toxunacaq bir hərəkətə yol verməmişdik. Sadəcə Elbrus Ərudun müsahibəsini yayınlamış, Vüsalə xanım haqqındakı fikirlərini korrekt şəkildə dərc etmişdik. İnsafən, Elbrus Ərud da onun haqqında hörmətlə danışmışdı. Müsahibənin sonunda isə redaksiyadan qeyd düşmüş və Vüsalə xanımın münasibətini də məmnuniyyətlə dərc edəcəyimizi bildirmişdik. Amma Vüsalə xanım tələsik münasibət bildirməklə belə bir niyyətinin olmadığını bəyan edib.

Məsələyə Əvəz Zeynallının münasibətini öyrəndik. Əvəz bəy bunları söylədi: «Açığı, Vüsalə xanımı təmkinli və oturaqlı bir həmkar kimi tanıyırdım. Amma onun Elbrusun müsahibəsinə çımxıraraq cavab verməsi və məni də buraya daxil etməsi, xanımın hikkəsinin yersiz qabardığına dəlalət edir. Vüsalənin qeyri-ciddlikdən danışması gülməlidir. Hələ Əvəz Zeynallı mövzu bəhsi olunca, Kəmaləddin Heydərovun bu ələmanı gərək heç danışmasın. İqtidarın köləliyini yapanların, bizim azad həmkarlarımızı Kəmaləddinin çirkli pulları ilə sıralarımızdan aparanların heç biri bunu etməməlidir. Bu, beləcə də bilinsin… Vüsalə xanıma görə ciddilik nədir? Müsahibənin hər səhifəsi yayınlananda Elbrus Əruda zəng edib özünü demokrat kimi qələmə vermək, ardınca Prezident Administrasiyasının otaqlarındakı havadarlarına zəng edib imdad diləmək ciddilikdir? Burada özünü mələk kimi aparıb, Prezident Administrasiyasına şikayətlər yağışı etmək ciddilikdir? Yoxsa ciddilik redaksiyalara gəlib xoruz-xoruz Kəmaləddin Heydərov haqqında müsahibələr vermək, sonra da əlini boğazına çəkib «sən bilirsən, bu müsahibə getsə, məni neyləyərlər» deyərək verdiyi müsahibələri dəyişdirməkdir? Axı mənim redaksiyamın arxivlərində çox şeylər qorunub saxlanılır və bunu bilənlər bilir… Vüsalə xanım yanlış etməməlidir və bilməlidir ki, kimə qarşı danışmaq, kimə qarşı danışmamaq olar. Ağır otursun, batman gəlsin… Ciddi olsun… Vüsalə bilir, mən nadir hallarda insanlara belə şəfqətlə yanaşıram…»

Mərkəz.az saytına açıqlamasında V.Mahirqızının fikirlərinə uzun-uzadı cavab vermək istəmədiyini bildirən Elbrus Ərud məsələyə bir cümləylə cavab verib: “Mənim “qafqazinfo.az” saytını yaradanda heç olmasa 600 manatım var idi, Vüsalə Mahirqızı APA-nı yaradanda onun heç 6 manatı da yox idi”.

Hə… Vüsalənin APA-nı yeni qurduğu günlərin biz də şahidiyik. Amma Elbrus bir şeyi düz demir, o zaman xanım həmkarımızın heç 6 manatı da yox idi. Biz yaxşı xatırlayırıq hər şeyi…

XuralTAC

Redaksiyadan:

Elbrus Ərudla müsahibədən sonra qəzetimizin email ünvanına və saytımıza Vüsalə Mahirqızını müdafiə edən, bizi isə söyən şərhlər daxil olmaqdadır. Eynilə oliqarx Cavid Qurbanovu tənqid edən xəbərdən sonra da belə hallarla üz-üzə gəldik. İnanmazdıq ki, Vüsalə xanım belə işlərlə məşğul olacaq həddə qədər enib. İnanmazdıq

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button