Çarmıxa çəkilmiş həqiqət

Nurəddin Xoca

Misir və Tunis inqilabları artıq geridə qaldı. Bu inqilabı yaşayanlar, yaradanlar artıq yeni ümidlərlə təzə qurulacaq hökumətə baxırlar. Hamı nəsə yeni, daha firavan həyat arzulayır və bu arzularını yeni qurulacaq hökumətə bağlayır. Cünki bu hökuməti onlar qurdular, onların iradəsi qurdu, onların həyatı bahasına əski diktatura devrildi və onlar da bilirlər ki, artıq əvvəldəki kimi olmayacaq. Nədən? Çünki oyanmış və öz haqqını tələb edən xalqın gücünü gördülər, xalq da öz qüdrətini hiss etdi və heç zaman boyunduruğa girməz. İndi zaman başqa avtoritar rejimlərə çatıb və biz bu rejimlərin də çökdüyünü görəcəyik. Mən heç də bu prosesləri analiz etmək istəmirəm, adlarını analitik qoyub bu proseslərdə sadəcə kiməsə yarınmaq istəyənlərdən yazıram. Axı nədən bu adamlar həqiqətı çarmıxa çəkirlər? Ərəb ölkələrində inqilablar gedir və qərb bunların bəzisinə (məsələn, Misirə) müdaxilə etmək istəyir. Mübarəkin belə dirəniş göstərməyi bəyəm elə-belə idi? Onun Qərblə anlaşmağa və xalqının qanı hesabına yığdığı sərvətinə təminat alandan sonra hakimiyyəti ötürməyə böyük ümidləri vardı. Amma alınmadı, xalqın qəzəbi və qətiyyəti sayəsində bir trilyona yaxın sərvəti olan Mübarəki bir dövlət qəbul etmədi. Qərbin və İsrailin ən yaxın dostu və tərəfdaşı olan Mübarək!! Ay qardaşlar, bəs deyilmi həqiqəti çarmıxa cəkdiniz? Ərəb aləminə arxadan zərbə vuran və ərəblərin xain adlandırdığı İsrailin və Qərbin böyük dostu Hüsnü Mübarəki nədən Qərb devirməlidir görəsən? Bizim ağzıgöycək, yarınan, yarındıqca da həqiqəti çarmıxa çəkən bəzi şərhçilər bunu görəsən bizə başa sala biləcəklərmi, çünki indiyə qədər dediklərində nə məntiq, nə də həqiqətə oxşayan bir şey görmədik. Deyilənlərdən çoxu kimlərəsə yarınmaq xətrinə deyilmış boş-boş söz yığınından başqa bir şey deyildi. Bu, bizdə heç bir proqnozu düz çıxmayan politoloqların deyəsən, çörək ağaçına çevrilib. Cənablar, bilin, qoca Şərq artıq oyanıb və azad, demokratik, qanunların şah olduğu bir dövlətdə yaşamaq istəyir. Böyük görsənən, əslində isə cox balaca olan yer kürəsində artıq super güclər belə xalqların demokratiya və qanunlara hörmət edən hökumətlər tərəfindən idarə olunmaq arzusuna zidd çıxa bilmirlər. İstəsələr belə artıq xalqların istək və arzularını ifa edən inqilabi hərəkatlarda onlar diktatorların yanında yer ala bilmirlər.

Çünki bu qlobal güclər başa düşürlər ki, bütün dünyanı bürüyən terror, narkomaniya və başqa insanlığa zidd olaylar hamısı ya bilavasitə diktatorlar və aftoritar rejimlər tərəfindən həyata keçirilir, ya da onların köməyi ilə! Baxın, Misir buna bir sübutdur. Xalqı heç bir yalançı vədlər inandırmadı, onlar Misirin demokratikləşməsini ancaq Mübarəkin təcili hakimiyyətdən getməsində gördülər. Mübarəkin dirəniş göstərərək xalqa verdiyi vədlər heç kimi inandırmadı. Xalq Mübarəkə qətiyyətlə “get” dedi və hətta bu yolda ölümə belə getdiyini göstərdi. Rejimin yandaşları (İsrail, Amerika) geri cəkildi. Yəni xalqın istəyi qarşısında Mübarəkdən hakimiyyəti “ver” tələbi qoydular.

Hanı burada Qərbin devrim planı? Axıra qədər Mübarək onlara arxalanırdı. İndi bəlkə kimsə bilə, niyə bizim bəzi şərhçilər mənim belə gördüyüm şeyi görə bilmirlər? Bəlkə onlar söz yazmaq xatirinə yazırlar və yaxud bir sözdür buraxırlar ki, sonra nədəsə, kimisə günahlandırmaq mümkün olsun?

Bəlkə də kimisə kiminsə gözündən salmaq ücün (axi onlar və onların sahibləri özlərini böyük siyasətçilər zümrəsinə daxil edirlər)?.. Axı səndən heç kim sübut istəmir, şübhə toxumudur səp getsin. Amerika həmişə güclünün yanında olub və güclü olan da Xalq idi.

Sırada başqa Şərq dövlətləri gəlir, görək indiyə qədər (mən izləyəni) bir proqnozu belə düz çıxmayan bəzi ağzigöyçək şərhçilərimiz oradakı inqilabları kimin ayağına yazacaqlar?

İ.S. Artıq qoca Şərq diktaturalardan azad olmaq istəyir və olacaq! İran, Liviya,Yəmən, İordaniya xalqları demokratiya mübarizəsinə qalxıb və bu yolda qan axıdıb…

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button