Cavad kişi və lemsələr

Murad Köhnəqala

Kəndimizdə bir Cavad kişi vardı, Böyük Vətən Müharibəsi veteranı idi. Başına qıllı papaq qoyar, əyninə kolfeyi şalvar, uzun qollu köynək, üstdən də pencək geyərdi. Şalvarın balağını səliqəylə qalın hörmə corabının altına qoyardı. Qaloş geyməyi çox sevərdi. Ətrafda böyüklər olmayanda hərdən bizi başına yığıb müharibənin odlu-alovlu yerlərindən danışardı. Uzun müştüyünün ucunda həmişə siqaret tüstüləyərdi. Asta-asta, lakin şirin danışar, hər maraqlı cümlədən sonra müştükdən dərin bir qullab alardı.

Cavad kişi uşaqlara müharibədən danışanda böyüklərin yaxınlaşdığını duyan kimi söhbəti yarımçıq qoyar, araya söz qatıb uşaqların hal-əhvalını soruşardı. Aralığa belə iş düşəndə qocanın sanki ilhamı küsər, həmin günü bir də o söhbətə qayıtmazdı. Söhbətin yarımçıq qalmaması üçün, bizə yaxınlaşmaq istəyən yaşlıları qabaqlayar, onları xahiş-minnətlə öz yığnağımızdan aralayardıq.
Sonradan, onsuz da, Cavad kişinin danışdığı əhvalatları olduğu kimi böyüklərin ovcuna qoyurduq. Böyüklər də onun danışdığı qəhrəmanlıq əhvalatlarını bəzəyib şişirdər, bir-birinə danışıb gülərdi. Cavad kişinin qoldan qüvvətli böyük oğlu bu söhbətləri aşkarda danışanlarla söyüşüb dalaşırdı. Ona görə kənd əhli öz işini bilir, söhbətləri onun cırnayan oğlundan xəlvətdə eləyirdilər.
Bu yumşaq xasiyyətli, xeyirxah insanın əhvalatlarına daimi qulaq asanlardan biri də mən idim. Yadıma düşdükcə onun bizə danışdıqlarından mən də sizə danışmaq istəyirəm. Necə danışırdı – səsi, uzun müşdüyünə dərin qullab vurub fikrə getməsi, coşanda papağını qaşının üstündən geri itələməsi – indiki kimi yadımdadı.
”Müharibənin qızğın vaxtlarıdı, mən də tank sürürəm. Tankı da mənə niyə veriblər? Müharibəyə gedənə qədər sovxozda taraxdıris işləyirdim. (Halbuki, o vaxtlar bizim tərəflərdə traktor olmayıb. – M. K.) Dedilər, kim traxdır sürə bilir? Qara telli, şüvərək oğlan idim, cərgədən irəli sıçrayıb dedim, mən! O tərəfdən də bir-iki urus qışqırdı ki, biz də sürə bilirik. Dedilər, traxdırı sürürsünüzsə, tankı ağladarsınız. Aparıb hərəmizə bir dəst təzə tankist paltarı, bir dənə də tank verdilər. Girdim tankın içinə, gördüm elə, traxdır nətəridisə, bu da elədi. Skorusu, pedalı, dormuzu – hamısı traxdırdakı kimidi. Xoddadım bunu. Həə, xoddadım, gördüm, aəə, meşədə nə qədər lemsə gizdənib, hamısı tankın aynasından görünür. Gülləni qoyub atırdıq, qırılan qırılırdı, sağ qalan elə qaçırdı, elə qaçırdı, nətəri!
Günnərin bir günü kamandir məni çağırıb dedi, Haxverdiyev, axşam yeməyindən sonra yanıma gələrsən, sənnən işim var. Özü də dedi, tək gəl! Gördüm, yavaş, burda nəsə bir iş var. Ağzım nəydi getməyəm, kamandir nə dedi, o olmalıydı. Axşam qazma stalavoyda kaşa, üstündən də bir tikə əti yeyib kamandirin yanına getdim. Kamandir də kazarmanın böyründə özünə qazmadan bir balaca otaq düzəltmişdi. Gəldim ki, o da yenicə yeməyini yeyib bığını sığallayır. Sarıbığlı, xoşxasiyyət, cannı bir urusuydu. Anası Rasdovluydu, dədəsi, zaddan, Tambovdan. Mənə də gah Zemlyak deyirdi, gah da Saşa. Əlimi qulağımın dibinə qoyub dedim, yoldaş kamandir, Haxverdiyev gəlib. Dedi, otur! Yanında taxdadan bir stol varıydı, oturdum. Həmən gecə lemsə bizim tərəfə hücum eləmişdi, yer-göy titrəyirdi. Başımızdan torpaq tökülürdü. Kamandir dedi, görürsən dəə, bu kopayuşağı gənə meşələrə basqın elədi. Dedim, yoldaş kamandir, allah qoysa, onların axırına çıxacağıq. Kamandir gülüb əlini çiynimə vurdu. Bığını sığallayıb dedi, bilirsənmi, səni nəyə çağırtdırmışam? Dedim, yoldaş kamandir, deyərsən, mən də bilərəm. Gənə bir gurultu qopdu, stolun üstündəki kartanın üstü bütün torpaxnan doldu. Stolun üstünü təmizləyib dedi, Haxverdiyev, neçə ildi mən sizin kamandirinizəm, baxıram, bu çastda səndən ağzıbütöv, səndən qoçaq, səndən çox lemsə qıran saldat yoxdu. Səni bura ona görə çağırmışam. Eşit və bil, bizə bir dənə kəşfiyyatçı lazımdı. Mən də səni məsləhət bildim. Yollayacam, gedəcəksən, şəxsən, yoldaş Stalin özü sənnən görüşüb tapşırığını verəcək. Kamandir Stalinin adını çəkən kimi yerimdən dik atılıb çest verdim.

 Davamı olmalıdı

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button