Cavid Qurbanovun atası Azay Quliyevə möhtac oldu

Azərbaycanın göyə sovrulan milyardlarından aşıq sənətinə bir neçə min manat da çatmır?!

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni siyahısı açıqlanıb. Maraqlı məqamlar var. Bəzi millət vəkilləri və oliqarxların yaxınları var ki, Azay Quliyevin mərhəmətindən bəhrələniblər. Amma düşünməli nüanslar da az deyil. Siyahını diqqətlə nəzərdən keçirdikdə Azay Quliyevin bəzi problemli olduqları QHT-lərlə barışdığı, onlara maddi «görüm-baxım» etdiyi məlum olur. Qeyd edək ki, bir müddət əvvəl «narazılar hərəkatı» yaradan və Azay Quliyevi asıb-kəsən bəzi QHT-ləri də siyahıda görmək mümkündür. Hər halda buna yalnız sevinmək qalır. Azay Quliyev də istiqamətini doğru götürüb. Yaxın qohum-əqrəbalarından mütəşəkkil olan DDŞ-nin dilə-dişə düşməyə halımı var? Maliyyə Nazirliyinin «ərəb saçına» bənzəyən mühasibat sənədlərinin arasında itib-batan o qədər QHT var ki… Onlardan artıq qalan pulu belə-belə şeylərə xərcləmək problemləri də azaldar. Buna sözümüz yoxdur. Biz yaxın saylarımızda bu haqda maraqlı yazılarla çıxış edəcəyik. Amma bir məqam var ki, bəhs etmədən keçmək olmaz.

İşə bax ki, Azərbaycan yollarının anasını ağladan, yol korrupsiyasının banisi və əvəzedilməz yol söküb-tikən, sonra tikib-sökən oliqarx Cavid Qurbanovun atası da DDŞ-dən yardım alanların sırasına adını yazdırıb. ««Aşıq Şəmşir» Mədəniyyət Ocağı» İctimai Birliyinin sədri Qurbanov Qənbər Şəmşir oğlu «Unudulmaqda olan xalq sənəti nümunələrinin təbiği» layihəsi ilə DDŞ-yə müraciət edib və Azay Quliyev Cavid Qurbanovun atasına 8.500 manat pul ayırıb.

Maraqlı o məqam deyil ki, Cavid Qurbanovun atasına pul ayrıla bilməz. Yox, onu demək istəmirik. Maraqlı orasındadır ki, ölkənin milyardları ilə oynayan bu adamların mübarək gözlərində doyum nişanəsi görünmür. Bunlar hətta «unudulmaqda olan sənət nümunələrinin təbliği» üçün də öz pullarından ayırmır, Azay Quliyevə möhtac olurlar. Xislətin ilginc məqamları meydana çıxır…

Hər halda, «unudulmaqda olan xalq sənəti nümunələrinin təbiği» adı da müəyyən şübhələr doğurur. Hakimiyyətin sarsılmaz tərənnümçüsü olan, bu günlərdə efir-efir dolaşdırılıb hər çıxışına İlham və Mehriban Əliyevlərə təşəkkürlə başlayan möhtərəm ata xalq sənətinin unudulmaqda olduğunu deməklə nəyə işarə vurmaq istəyir? O, niyə Mehriban Əliyevanın gördüyü işləri gözdən salmağa çalışır? Araşdırmalı mövzudur və çalışacağıq ki, bu ətrafda Cavid Qurbanovun fikirlərini də öyrənək. Tapsaq, Cavid Qurbanovdan bir suala da cavab verməsini xahiş edəcəyik:

Siz nə əcəb öz şəxsi mənafeyiniz üçün milyonları «uf» demədən xərcləyir, amma «unudulmaqda olan xalq sənəti nümunələrinə» 8.500 manat xərcləmirsinz?!

Allah bütün oliqarxları Azay Quliyevə möhtac qoysun!
Amin!

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button