Cavid Şirəliyevin məhkəməsi olub – ittihamlar ifşa olunur…

Polis bölmələrində insanlara işgəncə vermək, onlardan təhdid və işgəncə altında istintaqa sərf edən etirafedici ifadələr almaq Azərbaycan reallığında yazılmamış qanun kimi adiləşməkdədir. “Nardaran işi” ilə bağlı məhkəmədə Taleh Bağırzadənin və digər təqsirləndirilən şəxslərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldıqları ağır işgəncələr barədə söylədiklərinin ardınca daha bir işgəncə faktı Gəncə Apellyasiya Məhkəməsində səsləndirilib. Bu barədə məlumatı həbsdə olan jurnalist,www.7gun.az saytının baş redaktoru Cavid Şirəliyevlə bağlı həmin məhkəmənin hakimi Çingiz Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində digər təqsirləndirilən şəxs Orucov Asif Akif oğlu bildirib. Halbu ki, jurnalist məhz onun və cinayət təqibini həyata keçirən istintaq orqanından aslı vəziyyətə salınmış Xankişiyeva Şəfiqə İsmayıl qızının ifadələri əsasında həbs olunub və 5 il müddətə azadlıqdan məhrum edilib. Asif Orucov Gəncə Apellyasiya Məhkəməsində bildirib ki, o, ibtidai istintaq zamanı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi Hacı Əfəndiyevin sözləri ilə Cavid Şirəliyevə qarşı yazılmış ifadələri ağır işgəncələr altında imzalayıb. A. Orucov işgəncələr altında jurnalist Cavid Şirəliyevə böhtan atdığını bildirərək, ibtidai istintaqda verdiyi ifadədən imtina edib. O, AR CM-in 182.2.1 və 182.2.4 – cü maddələri ilə özünü təqsirli bilmədiyini, Gəncə Ağır Cinayətlər Məhkəməsində ifadələrin təhrif edildiyini materialların və sübutların açıq-aşkar saxtalaşdırıldığını qeyd edib.

Məhkəmədə ifadə verən Asif Orucov Cavid Şirəliyevlə birləşərək 2013-cü ilin iyun ayının ortalarında rüsvayedici məlumatlar yayma hədəsi ilə Xankişiyeva Şəfiqə İsmayıl qızından hər hansı məbləğdə pul tələb etməsi və almasına dair ittihamlara da aydınlıq gətirərək bildirib ki, o həmin ərəfədə həbsdə olub, bu mümkün deyil; “Çünki həmin vaxt Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkmişəm. Tənbeh tədbiri ilə əlaqədar 10 iyun 2013 –cü il tarixdən 10 iyul 2013-cü il tarixədək, konkret olaraq bir ay müddətinə, yəni 2013-cü ilin iyun ayının təxminən ortalarında müəssisənin ərazisindən kənara buraxılmamışam. Hətta töhmət aldığıma görə atamın yas mərasimində iştirak etməyimə də icazə verilməyib”.

Daha sonra məhkəmədə ifadə verən jurnalist Cavid Şirəliyev heç bir hüquqi əsas və səbəb olmadan həbs olunduğunu, ona qarşı irəli sürülmüş ittihamın əsassız və qanunsuz olmasının cinayət işində adları keçən dövlət orqanlarının, idarə və müəssisələrin təqdim etdiyi sənədlər və digər faktlarla tam təsdiq olunduğunu bildirib. O qeyd edib ki, bütün bunlara baxmayaraq ibtidai istintaqda və Gəncə Ağır Cinayətlər Məhkəməsində sübutlar saxtalaşdırılıb. Cavid Şirəliyev bu cür qanunsuz həbslərin insan hüquqlarının, söz və mətbuat azadlığının məhdudlaşdırıldığına, faktiki olaraq sıradan çıxarıldığına xidmət etdiyini bildirərək məhkəmədən cinayət işi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını və düzgün hüquqi qiymət verilməsini istəyib.

Məhkəmə prosesi 10 avqust 2016-cı il tarixədək təxirə salınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button