CAVİDİM…

Mehriban Ələkbərzadə

Mən Cavidi Əfəndi kimi sevirəm!

Nə qədər mübahisəli olsa da, hərdən mənə elə gəlir ki, “qadağan edilmiş istəklər ilə bağırmağı” seçən Cavidi hətta 37-nin ətçəkən maşını da həzm edə bilmədi. Əzdi. Amma məhv edə bilmədi. Nədən?

Cismani cəhətdən zəif, hədsiz səbr sahibi olduğu üçün, şikayət etməyə həvəssiz birisinə bir çırtma da vurulmadı? Nədən?

Həbsxanadakı kamera qonşuları, dünənki silahdaşlarının vurulan zərbələrdən dəyişmiş əxlaqı və siması ilə müqayisədə Cavidin bir telinə də toxunmadılar. Niyə? Bunun verilə bilinəcək cavabları məlumdur. Məhkum edilənin cinayət tərkibi, şahidlik, xalq düşmənləri siyahısı və s… Verilməyən, amma güman olunan cavablar isə gizlindədir.

Mənə gəlincə, hətta güclü şəxsiyyət kimi tükənməz rəğbətim olan Mircəfər Bağırov da Caviddən ehtiyatlanırdı.

Cavid təmənnasızlığı ilə hamıdan fərqli idi. Onu sevməmək, ona qibtə etməmək, yaxud bu dözüm və səbrinə həsəd aparmamaq, nifrət etməmək də mümkün deyildi.

Cavid dünya ilə AL-VER etmədi.

Cavid müəyyən missiya ilə gəldi və getdi! Çünki getməliydi, o missiya ilə yaşamaq olmazdı! Əslində, Cavidin yer üzündə görə biləcəyi işi əsərlərinə imza atdığı andan bitmişdi. Sonraya sadəcə cismani varlığı qalmışdı. Maraqlı sual da budur ki, Cavidin bu fiziki varlığına toxunmağa da ehtiyat edirdilər. Mən əlbəttə ki, qatarla Orta Asiyadan Uzaq Sibirə gedən yolda, kazarma, ya da düşərgədə ona dəyən nadan təpiklərindən bəhs etmirəm. Mən “insan taleyini” bir göz qırpımında həll edə biləcək gücləri nəzərdə tuturam. Amma eynilə Cavidin silahdaşlarını cəmiyyətdən də, həyatdan da tamamən sildilər. Cavidə əl qaldırmağa ehtiyat etdilər. Nədən?

Çünki “bəlkə”nin hakim kəsildiyi şüurlar mövcud imiş…

Mənə elə gəlir ki, onun “hansısa” missiyanı yerinə yetirməli bir varlıq olmasından onlar da şübhəli idilər. Çünki “bu qədər aydın zaman şərtlərindən təcrid olaraq, tam yoxsul, amma tam xoşbəxt olmaq insan gücündə deyildi axı”.
Cavid isə doğrudan da azad idi.

Tanrı ondan alacağını almışdı

Yəqin ki, müəyyən zamandan sonra bir başqasını da seçmək lazım gələcəkdi.
Ey varlığı yox, yoxluğu vardan daha dilbər!
Ruhum səni izlər!
Lütf eylə, o gözəl çöhrəni bir an mənə göstər,
Könlüm səni özlər!
Uydum da peyğəmbərlərə, qanuna, kitaba,
Duydum yenə qəsvət.
Başdan-başa həp qəhrü-qəzəb, tövbə, inabə,
Həp zəfə əlamət…
Hər fəlsəfə bir vəlvələ, həp dadlı xəyalət,
Yox rəhbəri vicdan.
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,
Bir şöleyi ürfan.
Yerlərdə süründüm. Yetişir, göylərə qaldır

…Tanrı ondan alacağını almışdı.

Cavidi İsa kimi çarmıxa çəkmədilər.
Baxmayaraq ki, Cavid məmnuniyyətlə bu çarmıxı daşıyardı.

Çünki onun bu yer üzündə əsas işi bitmişdi. Qalırdı insani-zəif hiss, həyəcanlar. Buna həyat eşqi də demək olardı, doğmalarından nigarançılıq da, dünya həzlərinə cazibə də. Və Yaradan bu “sonluğu” istəmədi. Yəni öz seçdiyinə sahib çıxdı. Müqayisə nə qədər qüsurlu olsa da, mən bu müqayisədən heç cür vaz keçə bilmədim.

Tanrı günahlı bəndələrini sınağa çəkib, onlarda mərhəmətin, insanlığın və vicdanın mövcudluğuna əmin olmaq istəyəndə ən sevimli, ona ən sadiq olan birisini vəhşi kütlənin əlinə verir.

Yəni özü üçün həlledici sınaq keçirir. Hətta insanların rəhm və mərhəmət, vicdan ya ləyaqətlə nəfəs almadığına tam əmin olsa da, yenə də seçdiyini bu nakəslərin əlinə verir.

Bu zaman, zamanın heç bir fərqi olmadan, cəlladların cəlladı olanın içində də şübhə toxumu boy atır. Günahsız isə qışqırmaq, yalvarmaq, üsyan etmək əvəzinə, “onları bağışla, İlahi! Onlar nə etdiyini bilmir” deməsi ilə heç olmasa bir insanın içində “Bəlkə o doğrudan da göndərilib?” etirazına səbəb olmur. Bu məqamda çarmıxdakı İsanın da nə deməsi və nə etməsinin mənası yox idi.

Çünki yazılan yazılmışdı.
Olacaq olmalıydı.
Onu dəyişməyə kimsənin qüdrəti çata bilməzdi.

Hey fələk, keçdi zaman dalğa kimi,
Öylə bir dalğa ki, qorxunc, əsəbi.
Bir əsər qalmadı şən gənclikdən,
Kimsələr yox, nə gələn var, nə gedən.

Cavid öz həyatını yaşamadı, sadəcə icra etdi

Ətrafdakılar onların günahlarının əvəzi olaraq Cavidin çarmıxa çəkilməsini anlamadılar. Cavid bəhanəsi ilə öz “iç” dünyalarındakı vəhşilik və şərəfsizliklərin aşkar olmasından xəbərsiz idilər. Əslində, onlara uca yaradanın baxdığı və verdiyi xilassızlıq aqibətini heç təsəvvür də etmədilər. Fərdi xilasları ilə kifayətləndilər. Cavid isə çarmıxda qaldı.

Bu çarmıxı özü hazırlamasa da, onu dara çəkmək əmrini verən təbəddülatlar içində qaldı. Cavidə toxunmaq qorxusu vardı. Bəlkə də sadəcə özünü qoruma instikti idi bu!

Cavid isə qürurla, dəyişmədən , nümunə olmalı bir obrazda bizi tərk etdi. Cavid insan həyatı yaşasa da, onu bizim kimi insani yer həyatı qayğılarından təcrid etmişdilər. Bəlkə o da istədiyi, bəhs etdiyi dünyanın mümkünsüzlüyünə əmin idi.

Bu insan varlığı üçün CƏZA, seçilmiş üçün isə MÜKAFAT idi.

Mən Cavidi sevirəm. Bu, onun yaradıcılığındandır desəm, səhv etmərəm. Nə qədər öz romantizmi ilə mənə müəllimi Rza Tofiqi xatırlatsa da… Onun sadəlikdən doğan mürəkkəbliyi…, mənəvi zənginlikdən doğan təkəbbürü…, təmənnasız olduğundan ucalığı – məni CAVİD əfəndini sevməyə məhkum edir. Mən Cavidi Əfəndi kimi sevirəm! Mən onun valeh olduğu və kökəninə qovuşduğu ana Türkiyənin ruhunu bura daşımaq istəyinə görə çox sevirəm. O bu yolu o zaman seçmişdi ki, çoxları bu yolun hansı yol olduğunu, ümumiyyətlə, dərk etmirdilər. Hamıdan tez, hamıdan daha yaxşı dərk edən isə Hüseyn Cavid Rəsizadə oldu. Parladı. Onun bütün bizə bəlli əsərləri teatrların repertuarından düşmədi. Cavid populyar və müqayisəedilməz idi. Həmkarları onun bu “naxışını” heç cürə həzm edə bilmirdilər.

Acınacaqlı zaman atını çapdı…, amma getdi.
Qalan Əfəndi oldu. Cavid Əfəndi.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button