Çeçenistana göndərilən qadının yerini öyrənmək istəyirlər

Dünyanın bir sıra ölkələrində fəallar fevralın 27-də yürüşlərə çıxaraq Rusiya hakimiyyətindən Seda Süleymanovanı tapmağı tələb ediblər. Sözügedən qadın Sankt-Peterburqda saxlanandan və doğma yurdu Çeçenistana göndəriləndən bəri azı 150 gündür ondan xəbər yoxdur. Süleymanova məhz Çeçenistanda məişət zorakılığından qaçıbmış.

Fəallar Rusiyanın Buenos-Ayres, Berlin, Bonn, Varşava, Meksika və Tbilisidəki diplomatik missiyaları qarşısına yığışaraq “Sedanı bizə göstərin”, “Namus qətllərinə son”, “Seda haradadır?” yazılmış plakatlar qaldırıblar.

Oxşar aksiyalar İtaliyanın beş şəhərində də keçirilib.

Ötən ilin avqustunda Sankt-Peterburqda polis Süleymanovanı və partnyoru Stanislav Kudryavtsevi mənzillərində saxlayıb və polis bölməsinə aparıb. Orada Süleymanovaya deyilib ki, Çeçenistanda zinət əşyası oğurlamaqda şübhəli sayılır. Qadın ittihamı rədd edib.

Süleymanova Çeçenistana göndərilib. Çeçenistana getmək və Süleymanova ilə evlənə bilmək üçün islamı qəbul etmiş Kudryavtsevin onu tapmaq cəhdləri boşa çıxıb.

Çeçenistan hakimiyyəti Süleymanovanın orada olduğunu göstərən video yayıb, ancaq sonradan onun yeri barədə heç bir açıqlama verilməyib. Videoda qadın heç bir söz deməyib.

Süleymanova 2022-ci ilin oktyabrında Çeçenistandan çıxaraq “SK SOS” qrupundan kömək istəyib. Dediyinə görə, qohumları onu “yetərincə” dindar olmadığına görə öldürə bilərlər.

İnsan haqları müdafiəçiləri deyirlər ki, Şimali Qafqazdan qaçan qadınların qohumları çox vaxt iddia ərizəsi qaldıraraq onları cinayətlərdə, adətən oğurluqda ittiham edirlər. Bununla da onların saxlanmasını, qohumlarına qaytarılmasını leqallaşdırırlar. Qaytarılan qadınlar isə zorakı rəftarla üzləşirlər.

Məişət zorakılığı on illərdir Rusiyanın Şimali Qafqaz bölgəsində problemdir. Regiondan qaça bilənlər deyirlər ki, zorla qaytarılsalar, cəza, o cümlədən “namus qətlləri” ilə üzləşə bilərlər.

Yerli hakimiyyət orqanları isə adətən pozuntularda ittiham olunanların tərəfini tuturlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button