Ceyhun Nağıyev etibarlı oğlan idi!

Ölüm onun son etibarsızlığı olacaq!

Onu çoxdan tanıyırdıq. Hələ siyasətlə məşğul olduğu zamanlardan. Sakit, həlim, mərd, amma prinsipial xarakteri vardı. Gərəkəndə qaşları düyünlənər, gərəkəndə hirsindən dodaqlarını gəmirərdi. Biz onun o biri üzünü az gördük. Amma görünür, içindəki dünyası onun bu tərəfini çox gördü deyə, ürəyi sözünə baxmadı.

Bir neçə dəfə yol yoldaşı olmuşduq. Ürəyindən keçənlərlə tanış idik Ceyhunun. Onun dağların çəkə bilməyəcəyi sevgisi vardı. Eyni zamanda elə o qədər də kədəri…

Sakit Orduxanlının qızının toyunda, Sakit Orduxanlının dayısının yasında görüşmüşdük. Bəzi planlarından danışmışdı. Bizə bəzi araşdırmalar yazacaqdı. Amma görünür, beləsi məsləhətmiş. Olmadı…

Bu həftə Salam Sarvanın ad günü idi. Salam əziz adam idi Ceyhun üçün. Ayın 10-da Salamın 45 yaşı tamam olurdu. Amma biz Salam Sarvanın sıradan şair və vətəndaş olmadığını bilirik və onun üçün də Salam Sarvana layiqli bir 45 illik keçirmək istədik. Şadlıq evi ilə danışdıq. Siyahılar tutuldu və düyməyə basıldı. Həftəni «Salam Sarvan həftəsi» elan etdik. Yazarlar yazı yazacaq, bu gün də – ayın 14-də Salamın təntənəli şəkildə 45 yaşını qeyd edəcəkdik.

Sən saydığını say, gör, Ceyhun nə sayırmış! Onun da Salama, onun ad gününə öz dünyasında bir hədiyyəsi varmış. Verdi də…

İnsan deyir ya… «Səni ölümünə sevirəm!»… Ceyhun Salamı ölümünə, ölümü ilə təbrik etdi!

Daha bizə söz qalmadı! Heç hər söhbətimizdə «bəlkə ehtiyac yoxdur?», «bu, həqiqətən lazımdır?» deyə narahatçılıq keçirən Salama da!

İndi söz Ceyhunundur!

Səni unutmayacağıq, Ceyhun Nağı!

 

Əvəz Zeynallı və «Xural»ın kollektivi

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button