Ceyhun Osmanlı-Fuad Muradov davası qızışır

30 milyon manatın qoxusu gənc deputatları üz-üzə qoyub

 Parlamentin iki ən gənc deputatı – “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov arasında yaşanan nüfuz savaşı son həddinə yüksəlib.

Bu barədə XuralTAC-a Fuad Muradovun rəhbərlik etdiyi qurumdan ayrılan gənc fəallardan biri məlumat verib. Məlumata görə, gənc deputatlar arasında bir neçə ildən bəri davam edən gərgin münasibətlərin kəskinləşməsinə səbəb gənclər sektoruna ayrılacaq böyük pullar uğrunda mübarizədir. Belə ki, ölkə prezidenti İlham Əliyevin gənclərlə görüşündə çıxış edən Fuad Muradov Gənclər Fondu yaradılması təklifini vermişdi və bu təşəbbüsü ilə də Ceyhun Osmanlı ilə aralarında yaşanan rəqabətdə bir addım irəli keçmişdi.

Fuad Muradovun ondan qabağa çıxaraq, arxasında böyük pullar dayanan bir təkliflə çıxış etməsi Ceyhun Osmanlını qıcıqlandırıb və iki deputat arasında zatən mövcud olan “soyuq müharibə”nin bir az da şiddətlənməsinə gətirib çıxarıb. Xatırladaq ki, önümüzdəki aylarda yaradılması planlaşdırılan Gənclər Fonduna dövlət büdcəsindən 30 milyon civarında pul ayrılması gözlənilir.

Məlumata görə, iki deputatın münasibəti o həddə çatıb ki, artıq onlar geniş ictimaiyyət qarşısında belə bir-birilərinə olan nifrətlərini gizlədə bilmirlər. Belə ki, gənclər təşkilatlarından birinin tədbirində iştirak edən hər iki deputat bir-biri ilə salamlaşmaqdan belə imtina ediblər. Həmin tədbirdə iştirak edən mənbəmiz bildirir ki, “mehriban düşmənlər” tədbirdə qarşı-qarşıya gəlsələr də, salamlaşmayıblar.

Onu da bildirək ki, hakimiyyət yönümlü gənclər arasında yaşanan nüfuz savaşı bir neçə cəbhədə davam edir. Bu sıraya hakimiyyət daxilində etibarlı dayağı olan Gülsel Səfərovanı da əlavə etmək olar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun qardaşı nəvəsi, Mədəniyyət və Turizm nazirinin birinci müavini Ədalət Vəliyevin isə yaxın qohumu olan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri əlahiddə istedada sahib olmasa da, qohumluq əlaqələri vasitəsilə son bir-iki il ərzində ciddi sıçrayış edərək, gənclər sektorunda öz yerini möhkəmlətməyi bacarıb.

Bununla belə, hakimiyyətin iki ayrı qruplaşması tərəfindən dəstəklənən Ceyhun Osmanlı-Fuad Muradov tandeminin gənclər sektorunu xanım sədrə vermək kimi niyyətləri yoxdur. Xatırladaq ki, Fuad Muradovun Paşayevlər ailəsi ilə yaxın münasibətləri olduğu və bunun da nəticəsində həm parlamentdə, həm də gənclər sektorunda özünə yer tapdığı bildirilir. C.Osmanlı isə PA rəhbəri Ramiz Mehdiyevin köməkçisi Elnur Aslanovla yaxın dostdur. “İrəli” sədrinin ötən parlament seçkilərində də Ramiz Mehdiyevin komandasından deputat seçildiyi iddia edilir.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button