Ceyhun Osmanlının yerinə Fuad Muradov gətirilir

Ceyhun Osmanlı

Sabirabadlılar hər yerdə bu gənc deputatı axtarır

 “İrəli” İctimai Birliyinin sədri, deputat Ceyhun Osmanlının fəaliyyəti hakimiyyətin yuxarı dairələrini qane etmir. Bu barədə etibarlı mənbələrdən məlumat verilib. Məlumatda bildirilir ki, hakimiyyət Ceyhun Osmanlının yerinə Fuad Muradovu gətirmək niyyətindədir. Artıq Fuad Muradovla Ceyhun Osmanlı arasında münasibətlərin ziddiyyətli bir şəkil alması barədə də məlumatlar dolaşır.

Bildirilir ki, Ceyhun Osmanlının deputat seçildikdən sonra xeyli arxayınlaşması onun əleyhinə işləyib. Deputatın öz ətrafında olanlara etimadsız yanaşması isə bir çox gənclərin ondan uzaqlaşması ilə nəticələnib. Beləliklə, yaranmış fürsətdən istifadə edən Fuad Muradov “İrəli”yə sahib çıxmağa çalışır. Bundan əlavə, seçiciləri də Ceyhun Osmanlıdan narazıdırlar. Bu da qarşı tərəfə planlarını gerçəkləşdirməyə imkan verib. Mənbə bildirir ki, ötən il Sabirabadda baş verən sel daşqınları zamanı rayonun deputatı kimi Ceyhun Osmanlı heç bir narahatçlıq ifadə etməyib, seçicilərini taleyin ümidinə buraxıb. Bir dəfə də olsun fəlakət zonasına gəlməyib.

Sakinlərin ondan narazı olduğunu deyən mənbə onu da vurğulayır ki, Ceyhun Osmanlı nəinki verdiyi vədləri yerinə yetirməyib, hətta indiyədək seçiciləri ilə bir dəfə də olsun görüşməyib: «Bu gün Sabirabadda hər kəs Ceyhun Osmanlını axtarır, amma tapa bilmir. Belə çıxır ki, o, Sabirabadın deputatı olduğunu unudub. Ancaq unutmasın ki, növbəti dəfə Sabirabada gəlib xalqa yalan vəd verə bilməz. Çünki sabirabadlılar onu artıq tanıyırlar. Deputat dar gündə seçicisinin yanında olmalıdır” – deyə mənbə bildirir.

Məsələ ilə bağlı Ceyhun Osmanlı ilə əlaqə saxlamağa çalışdıq. Ancaq cəhdlərimiz nəticəsiz qaldı. Yəqin millət vəkilinin başı “İrəli”dəki qalmaqallardan açılmır. Yazıda adı çəkilən şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button