Ceyranı kimlər öldürüb?

Ekofront təşkilatının rəhbəri Cavid Qara deyib ki, “Şirvan Milli Parkının əməkdaşları, yaralı ceyranın ayaqlarını bağlayıb qamışlığa atıblar. Ceyran qamışlıqda ölüb. İndi deyirlər ceyranı canavar yaralayıb. Elə isə, bəs ceyranın ayaqlarını da canavar bağlayıb?”.

O, bu barədə Turan agentliyinə bildirib: “Dünən uğursuz güllə yarası aldığını iddia etdiyimiz ceyranın hekayəsi belədir. Ayağına kəndir bağlayıb qamışlığa atıblar. Böyük ehtimal diri-diri ayalarını bağlayıb atıblar. Səhər tezdən, saat 9-da artıq Milli Parkda idik. Hay-həşir düşdü. Gözətçi, yəqin ki, rəhbərliklə danışırdı. Bizə dedilər ki, dünən gecə ceyranı açıb buraxdıq sahəyə. Ceyranlarla gəzirdi. Axtarıb tapmağa çalışdıq. Milli parkın maşını ilə 2 saata yaxın vaxtımızı aldılar. Ehtimal edilən yerlərə baxmaq adı ilə bizi yanlış yönəltdilər. Sonda bunun vaxt itkisi olduğunu anladıq. Öz məntiqimizlə axtarmağa başladıq. Çətin oldu, amma ölmüş ceyranı tapdıq. Onun ayaqları bağlı idi”.

Ekofront təşkilatının rəhbəri, ayaqları bağlı halda tapdıqları ceyranla bağlı video da paylaşıb. Rəsmi qurumlar, milli parkın ərazisində ceyranın ov tüfəngi ilə yaralanması və ya vəhşi heyvan tərəfindən yaralanaraq öldürülməsi, yaxud qoruq əməkdaşlarının səhlənkarlığından ölməsi barədə hələ məlumat yaymayıb. Şirvan Milli Parkı, 2003-cü il iyulun 5-də təşkil edilib. Milli Parkın ərazisində yaşayan ceyranlar, “Qırmızı kitab”a düşüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button