Ciddi və sanballı jurnalist koalisiyası lazımdır!!!

Mətbuatı kirpiyə çevirə bilmirik ki, əlini uzadan bir tikanla qarşı-qarşıya qalsın…

Diktaturanın, avtoritarizmin üzərinə getməliyik…

Dövlət məmurunun şərəf və ləyaqəti olmur – bütün Avropada belədir…

Baş verən hadisələr ən yuxarı səviyyədə – ölkə rəhbərliyi tərəfindən «Xural»a qəsd planının qurulduğunu göstərir. Ard-arda ölmüş məhkəmə işlərinin və cərimələrinin «xortladılması», yeni təyinat alan əldəqayırma deputat qırıqlarının «Xural»ı məhkəməyə verməsi və bütün bunların Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetimizə 10.000 manat cərimə kəsdirmə qərarından sonra baş verməsi onu göstərir ki, «Xural»ı susdurmağın dövlət başçısı səviyyəsində planını qururlar. Amma «sən saydığını say, gör fələk nə sayır» misalına sədaqət nümayiş etdirərək və «mıxı mismar edən Tanrıya» güvənərək biz də müqavimətimizi qurmaqdan başqa yol görmürük və bu istiqamətdə addımlar atmağa çalışacağıq. Müğənnicik Nüşabə Ələsgərlinin 200 manatlıq iddiasının qarşılığında inkvizisiya hakimi Sevinc Quliyevanın qəzetimizi fevralın 3-də 3.000 manat cərimələməsini yazmışdıq. Tapşırıq o qədər yuxarıdan verilib ki, həftənin birinci günü də KİVDF-nin mətbuat qəniminə çevrilən icraçı direktoru Vüqar Səfərli 500 manatlıq məhkəmə qərarını 5.000 manata çıxardı. Beləliklə, cızılan plan tam açıqlığı ilə gün işığına çıxdı.
Bu məqsədlə mətbuat konfransı keçirməyi planlaşdırdıq və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat ofisində mətbuat konfransı keçirdik. Fevralın 8-də baş tutan konfransın daşıdığı əhəmiyyəti nəzərə alaraq onu Oxucularımızın diqqətinə çatdırırıq.

Vüqar Səfərlinin iddiasını gülüşə, yumora, baş qaxıncına çevirmək lazımdır…

Şahvələd Çobanoğlu
Müstəqil yazar:

– Onu gülüşə, yumora, baş qaxıncına çevirmək lazımdır. Avropa Məhkəməsinin presedent hüquqlarına görə, məmurları mətbu qurumları məhkəməyə verməkdən çəkindirirlər ki, onu təhqir etsələr belə, bu addımı atmasın. Məmurun vəzifəsi odur ki, azad mətbuata dəstək versin, düz işləsin və mətbuatın hədəfinə çevrilməsin.

Prezidenti tənqid etmək olur, amma Vüqar Səfərlini yox…

Əvəz Zeynallı:
– Təəssüflə qeyd etmək istərdim ki, bu gün Azərbaycanda Vüqar Səfərlinin fəaliyyəti ilə bağlı nəsə yazmaq prezidentin özündən yazmaqdan qat-qat müşgül məsələdir. Hamını tənqid etmək olar, amma Vüqar Səfərlini yox. Bu, həqiqətən də ciddi məsələdir. Yayım məsələsində isə vəziyyət çox ağırdır. Məsələn, «Azərmətbuatyayımı» firması tam olaraq Vüqar Səfərlinin monopoliyası altındadır. Bizim əyalətlərdə, bölgələrdə qəzet yaymaq imkanımız yoxdur. Dəhşətli bir şeydir ki, bizi məhkəməyə verən insanlar bizim qəzetimizi satırlar. Hələ yaxşı ki, heç olmasa insafları çatır 3-5 dənə rayonlara göndərirlər. Azərbaycan üzrə bütün yayım şəbəkəsi isə Prezident Administrasiyasında Əli Həsənovun kurasiyasındadır – «Qasid» də o cümlədən. Yəni biz bizi məhkəməyə verən adamlarla, bizə maliyyə sanksiyası tətbiq edib çökdürməkdə maraqlı olan bir qrupla nə qədər yol gedə bilərik ki? Özəl yayım şirkətlərimiz olmasa, öz qəzetlərimizi özümüz yaya bilməsək, heç bir zaman tam müstəqil ola bilməyəcəyik. Bu da başqa bir mövzudur ki, onun da geniş müzakirəyə ehtiyacı var.

Ağırlıq gücü zaman-zaman hansısa qəzetlərin üzərinə düşür…

Qənimət Zahid
«Azadlıq» qəzetinin baş redaktoru:

– Bu söhbətlərin yəqin ki, bizə aidiyyatı yoxdur (Vüqar Səfərli haqqında tənqid yazmamaq iradını nəzərdə tutur – Red.). Çünki «Azadlıq» qəzetində kiminsə haqqında yazıb-yazmamaq qorxusu yoxdur. Bunu da hər halda bəri başdan öz mövqeyim kimi deyirəm. Hər halda, dövlət məmuru öz işi ilə məşğul olmalıdır. Əgər öz işi ilə məşğul deyilsə, başqa qara işlərlə məşğuldursa, o zaman mətbuatın hədəfinə çevrilir və çevrilməlidir də… Əgər çevrilməsəydi, onda anormal olardı. Bizdə bu məsələyə elə yanaşırıq və kimliyindən asılı olmayaraq, elə də yanaşacağıq. «Xural»la bağlı baş vermiş hadisə, tək bir qəzetin başına gətirilən oyunlar deyil. Bunun da öz tarixi var. Bizim eradan əvvəl də belə olub. Ağırlıq gücü zaman-zaman hansısa qəzetlərin üzərinə düşüb. Onları ya sıradan çıxarmağa, ya məhv etməyə, ya da susdurmağa cəhd ediblər. Xeyli hallarda öz məqsədlərinə nail də olublar. İnkişaf dövrü keçirən bir qəzetin üzərinə bu səviyyədə, dövlət səviyyəsində basqı olanda onun inkişafı ləngiyir. Bu isə bütövlükdə mətbuat bazarının inkişaf dinamikasına çox pis təsir göstərir. Yoxsa ayrı-ayrılıqda hansısa bir qəzetin sıradan çıxarılması məsələsi deyil. Əgər tutalım ki, «Xural» inkişaf tendensiyası, inkişaf dövrü yaşayırsa, onunla bərabər onlarla belə qəzetin inkişafı laxlayır. Özünüsenzura yaranır. İnformasiyadan çox ehtiyatcasına davranmaq və ya qorxaqcasına çəkinmək meylləri yaranır. Bu zaman inkişaf da dayanır. Təbii ki, müxtəlif dövrlərdə müzxtəlif cür buna qarşı protestlər təşkil olunub – etiraz aksiyaları və s… Amma bunun bir effekti olmayıb. Bir səbəbdən ki, Azərbaycanda media təşkilatları yaranandan çox qısa müddət sonra öz dərilərinin içərisində yaşayan bir təşkilata çevrilir, qapanırlar. Mətbuatda gedən prosesləri əhatə edən və onları yönləndirən, önlərinə düşüb gedən təşkilatlar qalmır. Bu təşkilatlar tam gücü ilə işləmirlər. Bundan bir neçə ay əvvəl belə bir ideyamız var idi ki, biz də müstəqil və güclü bir jurnalist təşkilatı yaradaq. Səhv etmirəmsə, Əvəz Zeynallı da bununla bağlı bir neçə görüş keçirmişdi. Keyfiyyət və mahiyyətcə yeni olan bir jurnalist təşkilatının yaradılmasına çalışdılar. Onların da sıraları sonradan dağılı. Birinə Vüqar Səfərli pul verdi…

Bu ölkədə mənasız, axmaq bir avtoritarizm var…

– Biri də dünyasını dəyişdi…
– Əvəz Zeynallı da tək qaldı. Adətən 3 nəfərlə belə məsələləri başlayanda onun sıraları artır, amma belə olmadı. Əslində, mənim qəti qənaətim odur ki, bizdə o birlik çatmır. Biz ölkə mətbuatını bir kirpiyə çevirə bilmirik ki, əlini uzadan bir tikanla qarşı-qarşıya qalsın. Müxtəlif jurnalist təşkilatları var – dovşan var, tülkü var. Amma bizə lazımdır ki, sözün əsl mənasında yaxşı, sanballı bir jurnalist koalisiyası yaradaq. İctimai təşəbbüslərin, ictimai strukturların, ayrı-ayrı jurnalistlərin yarada biləcəyi geniş bir koalisiya. Koalisiyanın özü də kifayət qədər təbii ki, aqressiv olacaq. Çünki bizim üzərimizə gələn basqılar, qanunsuz hücumlar o qədər çoxdur ki, yalnız qarşılıqlı aqressiv təşəbbüslərin mərkəzi olmaqla bu zərbələrin qarşısını bir qədər ala bilərik. Ona çalışmaq lazımdır. Ayrı-ayrılıqda biz heç nə edə bilməyəcəyik. Ayrı-ayrı məmurlar – lap elə Ramiz Mehdiyev, Vüqar Səfərli olsun – hansısa mənasız bir məmurunu haradansa çıxarıb üzərimizə salacaqlar, o da 1 milyon manatlıq şərəf, ləyaqət iddia edəcək və susdurmaq istədikləri mətbu orqanı susduracaqlar. Bütün ölkə bir dirijor çubuğunun altında hərəkət edir. Bu ölkədə mənasız, axmaq bir avtoritarizm var. Nə sistemi, nə qaydası, nə prezidenti, nə də ondan aşağıda duran məmurları bəllidir. Yaramaz bir sistemdir. Hansısa qərarı həyata keçirmək üçün onların əlində hər şey var. Sabah Gədəbəyin ucqar kəndində yaşayan bir kəndli üzərimizə 500 min manatlıq cərimə qoyub deyəcək ki, sən mənim hansısa hüququmu pozmusan. Bu, növbəti dalğa ola bilər. Çox deyirik Ramiz Mehdiyev bunu elədi, yaxud Vüqar Səfərli bunu elədi. Yəni gözləmədiyimiz bir məmura bunu da etdirə bilərlər. O baxımdan, biz bir canlı orqanizm yarada bilməsək, mənafeləri olan, ayrı-ayrı mətbuat vahidlərinin mənafelərini öz mənafeləri hesab edən, getdikcə inkişaf edən, getdikcə seyrəlməyən, maraqları ümumi maraqları ifadə edən, getdikcə güclənən bir təşkilatlanma mərhələsi yaşaya bilməsək, başımızı hər zaman belə avara-avara işlərlə ağrıdacaqlar. Mən bilmirəm, sabah nə olacaq. Ola bilər ki, heç siz bu cərimələri ödəməyəsiniz. Tamamilə mümkündür. Bir az hay-küy qaldırıb etiraz etmək lazımdır. Ramiz Mehdiyevə də deyə bilərlər ki, «yaxşı, sakitləş, qoca kişisən, o boyda pulu nə edəcəksən?» Hər şey ola bilər. Amma bütün bunlar başağrısıdır, özü də adamın zəhləsini tökən, əməlli-başlı başağrısıdır.

Ən böyük problem Ramiz Mehdiyevin özüdür…

Yəni söhbət Ramiz Mehdiyevin özündən də gedə bilər. Onun özü elə baş ağrısıdır. Adam bu ölkədə nə qədər işləyə bilər axı? Yəni ən böyük problem Ramiz Mehdiyevin özüdür ki, sən niyə orada işləyirsən? Adamın 80 yaşı var, bir ayağı burada, bir ayağı… Gəlib bu ölkənin taleyini həll edəcək iddialarla çıxış edir. Bunun prezidenti də getməlidir, çünki o da yaramaz adamdır. Bu iddialar bu adamlara qarşı yönəlməlidir. Yoxsa ayrı-ayrılıqda demək ki, filankəslər bizi məhkəməyə verib cərimələrlə susdurmaq istəyir, bunun təbii olaraq davamı da gələcək. Bəs, biz özümüz təşəbbüskar olaraq nə vaxt çıxış edəcəyik? Cavab reaksiyası kimi, özünümüdafiə kimi yox, elə-belə gündəmin, şüarın, sualın mövzusunu müəyyənləşdirən bir tərəf olaraq… Mən məsələlərin bu şəkildə qoyulmasının və bu şəkildə çözülməsinin tərəfdarıyam. Bu adamların üzərinə addım atmaq lazımdır, onların üstünə getmək lazımdır. Həm də birlikdə getmək lazımdır. İndi Azərbaycanda çoxlu sayda mediada sağlam təşəbbüs mərkəzləri var, bu təşəbbüs mərkəzləri birləşməli, çox nəhəng media təşkilatı yaratmalı və bu media təşkilatı da təkcə mediada gedən proseslərin yox, ümumiyyətlə, çox məsuliyyətli, çox böyük ictimai iddiaların və təşəbbüslərin mərkəzlərinə çevrilməlidir. Biz diktaturanın üstünə getməliyik. Biz avtoritarizmin üzərinə getməliyik və o iddiamız olmalıdır ki, onları öz yerlərində boğaq. Amma biz öz redaksiyalarımıza çəkilib bunlardan gələn hücumları dəf eləmək haqqında planlar qururuq və nə vaxta qədər bu planları qurmaqla məşğul olacağıqsa, o vaxtadək onlar üzərimizə tək-tək gəlib başımızı ağrıdacaqlar, bəzilərimizi də hətta məhv etmək imkanlarından istifadə edəcəklər. Mən təklif edirəm ki, gəlin birləşək və gedək bunları məhv eləyək!

Mətbuatın əsas məsələlərini gündəmə çıxarmalıyıq…

Mehman Əliyev
«Turan» İnformasiya Agentliyinin direktoru:

– Məhkəmə iddiası olan məqalələr ekpertizadan keçib?
Ə.Zeynallı:
– Yox.
M.Əliyev:
– Siz tərəfdən təqdim olunmayıb?
Ə.Zeynallı:
– Olunmayıb. Məhkəmə zamanı hansı məsələnin ekspertizaya göndərilməli olduğunu bildirmişik, dərhal Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndəriblər, onlar da həmin rəyi bizim əleyhimizə istiqamətləndiriblər.
M.Əliyev:
– Bizim «Yeni Müsavat»la yaxşı bir təcrübəmiz oldu (Mehman bəy Əvəz Zeynallı ilə Rauf Arifoğlunun onun və Ələsgər Məmmədlinin iştirakı ilə barışdırıldığına və yaranan müsbət presedentə işarə edir – Red).
Ə.Zeynallı:
– Özü də çox effektli oldu.

Metyu Brayzanın əsas missiyası – söz azadlığı üzərində demokratiyanın bərqərar olması!

M.Əliyev:
– Bəli, düzdür, biz onu məhkəməyə çıxarmadıq, amma özümüz oturub həll elədik. Söhbət nədən gedir? Siz press-relizi çox yaxşı hazırlamısınız və burada ayrı-ayrılıqda hansı məqalələrlə bağlı məhkəməyə verildiyiniz haqda məlumat var. Amma yaxşı olardı ki, beynəlxalq qurumlar tərəfindən tanınan hüquqşünaslarımız – Rəşid Hacılı, Ələsgər Məmmədli və s. – tərəfindən də bunlar ekspertiza olunsun, rəy verilsin. Həmin ekspertizanın nəticələrini və bu müraciəti ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayzaya təqdim edək. Brayzanın özü də bildirdi ki, əsas missiyalarından biri söz azadlığı üzərində demokratiyanın bərqərar olmasıdır. Hesab edirəm ki, bu məsələ qaldırılmalıdır və onlar üçün də bu rəyə istinad etmək asan olar. Çünki artıq ekspertlər tərəfindən tərtib olunmuş sənəd olarsa, bu haqda danışmaq bir qədər asan olar. Ümumiyyətlə, cəmiyyətə də bunları çatdırmaq lazımdır, qəzetdə də dərc etmək lazımdır ki, ekspertizanın nəticələri budur, iddia əsassızdır və s. Artıq bunun özü başqa məsələdir ki, onlar hansı qərarı verəcəklər. O mənada, əgər mübarizəyə giririksə, dünyada qəbul olunmuş formalara əsasən bu mübarizəni aparmaq lazımdır. Yəni sözlə deyil, ayrı bir işi ortaya qoymaqla aparmalıyıq. «Mətbuatın dostu» tədbirində prezident İlham Əliyevin mətbuata qarant olacağı haqda söyldiklərini əsas gətirərək, onun özünə də müraciət etmək lazımdır. Bizim özümüzə də bu lazımdır. Əlbəttə, Azərbaycanda fəaliyyət göstərən başqa beynəlxalq qurumlara da – ATƏT, Avropa Şurası, Avropa Birliyinin nümayəndəliklərinə müraciət etmək lazımdır. Çünki Avropa Birliyi də öz Şərqi Avropa üzrə tərəfdaşlıq Proqramında söz azadlığı uğrunda demokratiyaya xüsusi yer ayırıb. Qarabağ problemindən sonra bu məsələ ikinci yeri tutur. Ona görə də bütün üsullardan istifadə etmək lazımdır. Son günlər Azərbaycan hakimiyyəti bu məsələlərlə bağlı demək olar ki, bəyanatlar verirlər. Müsbət nəticə də ondan ibarət oldu ki, Eynulla Fətullayevdən başqa jurnalistlərin hamısı azadlığa buraxıldılar. Yeni həbslər hələ ki yoxdur. Azərbaycan hakimiyyəti etiraf etməsə də, bütün bunlar onun nəticəsidir ki, onlar beynəlxalq qurumların rəyi ilə hesablaşırlar.

Kim varsa, o da bizik…

Açığını deyim ki, bu gün bizim medianın vəziyyəti 10 il əvvəl olan vəziyyətlə eyni deyil. Hakimiyyət demək olar ki, medianın böyük bir hissəsini ələ keçirib, onlardan hansısa həmrəylik mövqeyi gözləmək düzgün olmaz. Kim varsa, o da bizik. Həmən o beynəlxalq təşəbbüslərə söykənməliyik. Bu, heç də problem deyil və bunu eləmək lazımdır. Bu cür proseslərə son qoymaq üçün. Mən təklif edərdim ki, beynəlxalq qurumlarla və təşəbbüslərlə əlaqə yaradaq, əməkdaşlıq edək. Yəni vəziyyəti gündəmə gətirməliyik. Çünki son günlər bu proses zəifləyib. Bu, daha effektiv və düzgün olar. Bir də ictimaiyyətin özünə məlumat vermək lazımdır ki, əslində, vəziyyət nədir. Hamı üçün aydın olmalıdır ki, həqiqi durum nədən ibarətdir. Bu da ictimaiyyətin dəstəyini almaq üçündür. İndi belə bir təşəbbüs var ki, «500 Böyük Oxucu»nun arasında bu problemi həll etmək, amma ondan da çox Oxucu bu aksiyaya qoşula bilər. Düzdür, bu maliyyə aksiyası deyil, amma praktikadan keçiriləcək bir aksiyadır. Ona görə də mən hesab edirəm ki, artıq bu məsələni gündəmə gətirmək lazımdır. Mənim təklifim budur.

Ə.Zeynallı:

Kampaniyanı simvolizə edən şüşə qabı götürür və iştirakçılara göstərir:

– Bu bizim bankamızdır. «500 Böyük Oxucu» üçün nəzərdə tutulub. Bankanın arxasında da bura toplanacaq pulların kimlər üçün yığıldığını qeyd etmişik.
Q.Zahid:
– Gözəl ideyadır. Məmurlara yardım göstərməyin ən maraqlı yoludur.
– Bəli, mən də hesab edirəm ki, bu bankanı Prezident Aparatının qarşısına aparmaq və aksiyanı orada davam etdirmək olar. Pul yığılandan sonra da könülxoşluğu ilə hörmətli Mehdiyevin cəriməsini ödəyək.
Emin Hüseynov ilk olaraq bankanın içərisinə 10 manat pul salır, onun ardınca digər mətbuat nümayəndələri məmurlara ilk yardımlarını göstərirlər… (Emin Hüseynov 10 manat, Mehman Əliyev 10 manat, Aynurrə İmranova 10 manat və s.)

«Xural»ın belini sındırmaq istəyirlər!

Emin Hüseynov
RATİ-nin təsisçisi:

– Əslinə qalsa, bu pulu iddiaçılar yox, məhkəmə icraçıları tələb edirlər. Yəni pul sizdən tutulduqdan sonra dövlətin xeyrinə keçiriləcək. Bizdə olan məlumata görə, iddiaçıların çoxu həmin cərimədən imtina etdiklərini bildirirlər.
– Bizim adamlarımız Nüşabə Ələsgərli ilə danışdılar, o dedi ki, heç bir problem yoxdur. Məhkəmənin qərarını alandan təxminən 3 saat sonra Nüşabə Ələsgərli eyni adama dedi ki, «bilirsiniz, onlar dövlət adamlarını təhqir edirlər, ona görə də hələ qəti fikrə gəlməmişəm. Baxaram…» Ondan sonra da telefonları cavab vermədi. Belələrinə «fürsətkeş» deyirlər. Yəni artıq məlumdur ki, hamıya zəng vurulub və sifariş haqda tapşırıq verilib.
E.Hüseynov:
-Hökumət çalışacaq ki, diffamasiya məsələsində bu situasiyanı da öz xeyrinə çəksin. Amma tamamilə başqa bir şeyin üzərinə getməliyik. Məlumdur ki, Eynulla Fətullayevə qarşı Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarıb. Bu adama konpensasiya ödənməlidir və konkret müddət də göstərilib. Bu gün ölkənin ən tanınmış hüquqşünasları bu işin dalınca düşüblər. Bilinmir ki, həmin pul hara köçürülüb. Avropa İnsan haqları Məhkəməsinin Azərbaycan nümayəndəsi deyir ki, biz pulu filan yerə köçürmüşük, amma bank hesabı bəlli deyil. Guya Eynulla Fətullayevin atası Emin Fətullayev hökumətə başqa bir hesab təqdim edib. İnsanları elə dolaşığa salıblar ki, çxış yolunu da tapmaq mümkün deyil. Bu dövlət özü özünə kəsilən cəriməni icra etmir. Bu mühüm bir məsələdir, yəni bunun nəticəsi dövlətin mətbuata qarşı münasibətini ortaya qoyacaq. Amma dövlətin özü bir iddiaçının illər əvvəl unutduğu 100 manat pulu tələb edir, özü də 3.000 manat cərimə ilə… Biz dolayısı ilə «Xural»a və Əvəz Zeynallıya qarşı yönəlmiş bu məhkəmə iqşlərini, cərimələrini sübut edə bilərik ki, sifarişdir və hansısa azad mətbu orqanın belini sındırmaq istəyəndə onun onsuz da verməyə gücü çatmayacağı ağlasığmaz məbləğləri cərimə kəsirlər. Açıq-aşkar görünür ki, bu işin arxasında hökumətin özü dayanır.

Necə olur ki, prezident «mətbuatın qarantı» olduğunu iddia edir, amma yanında fəaliyyət göstərən KİVDF rəhbəri azad mətbuatın belini sındırmaq üçün yollar axtarır?!

Vüqar Səfərlinin iddiasını isə ümumiyyətlə başa düşmək olmur. Bu adam guya KİVDF-nun rəhbəridir, özü mətbuatdan ağlasığmaz cərimə tələb edir. Bu cür işlər Avropa Məhkəmələrində o qədər gülünc qarşılanır ki… Yəni məsələyə daha qlobal aspektdən yanaşmaq lazımdır. O baxımdan, əgər Vüqar Səfərlinin özü bunu bilmirsə, onda prezident İlham Əliyevə müraciət etmək lazımdır. Necə olur ki, onun özü «mətbuatın dostu» adından imtina etmir və çıxışında, «mətbuatın qarantı» olduğunu iddia edir və onun yanında fəaliyyət göstərən KİVDF rəhbəri azad mətbuatın belini sındırmaq üçün yollar axtarır. Bunun qarşısını prezident almalıdır. Odur bu dövlətin başçısı. Bu yollarla prezidentin iddia etdiyi kimi «mətbuatı inkişaf etdirmək» olmaz. Əvəz bəyin dediyinə görə də bütün bu proses Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Xural»a qarşı qaldırdığı 10.000 manatlıq iddiadan sonra başlayıb. Dövlət məmurunun hamıya bəllidir ki, «şərəf və ləyaqəti olmur». Bütün Avropada belədir. Yəni onları təhqir də eləmək olar, tənqid də… Bizim dövlət məmurları isə həm oturduğu vəzifələrini icra etmək istəyirlər, həm də nədənsə «şərəf və ləyaqətləri»nə xələl gəldiyini iddia edirlər…

Ramiz Mehdiyevə, Vüqar Səfərliyə demək lazımdır ki…

Davamı gələn sayımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button