Çimərlik paltarı geyinən qadınlarla bağlı dediklərinə görə ilahiyyatçıya xəbərdarlıq edildi

Yayımlandı: 4 Avqust 2022 15:52

İlahiyyatçının dedillərinə kəskin reaksiya verənlər də prokurorluğa çağırılıb

Dənizdə çimərlik paltarında olan qadınlar və onların həyat yoldaşı haqqında kəskin ifadələr səsləndirən ilahiyyatçı Təyyar Hüseynlinin dedikləri cəmiyyətdə birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə bu barədə bir xeyli müzakirələr getdi, onun fikirlərinə sərt etirazlar oldu. Avqustun 4-də məlum olub ki, həm Təyyar Hüseynov, həm də sosial şəbəkələrdə onun dediklərinə kəskin reaksiya verənlər prokurorluğa çağrılıb. Onlara rəsmi qaydada xəbərdarlıq olunub. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Prokurorluq iddia edir ki, bu şəxslər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun 13-2.3.2 (zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar) və 13-2.3.9 (təhqir və ya böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar) maddələrini pozublar.

“Adıçəkilən şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini bildiriblər. Bu cür yazıların yanlış olduğunu artıq dərk etdiklərini, belə pozuntulara yol verməyəcəklərini nəzərə alaraq, prokuror xəbərdarlıq elan edilməsilə kifayətlənib”, – Baş Prokurorluğun məlumatında yazılıb.

Təxminən 1 həftə əvvəl ilahiyyatçı Təyyar Hüseynli çimərliklərdən istifadə zamanı qadınlarla kişilərin ayrı-ayrılıqda olmasını təklif etmişdi:

“Dənizkənarı açıq-aşkar podyumdur. Qadınların hər tərəfini bütün kişilər görür. Bəs bu qadınların əri nə düşünür? Bu insanlarda bir namus, qeyrət yoxdurmu? Azərbaycan kişisi, müsəlman bir kişi necə bunu açıq-aşkar sərgiləyir, mən anlamıram. Müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməlidir”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button